“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı ailəsinin onun üçün gətirdiyi sərinkeşə Bakı İstintaq Təcridxanasının rəhbərliyinin həftələrdir icazə vermədiyini bildirir.
Jurnalist bu barədə ailəsinə məlumat verib.
Vaqifqızının sözlərinə görə, təcridxana rəisinin müavini Əhəd Abdıyev sərinkeşə niyə icazə verilmədiyi sualına “Ürəyimiz belə istəyir. Keçən il ürəyimiz istədi, sərinkeşi içəri buraxdıq, bu il isə ürəyimiz belə istəyir, icazə vermirik”, cavabını verib.
Abdıyev jurnalistin kamerasına gələrək ona “ürəyinin axır vaxtlar qanunsuz şeylər istədiyini” də deyib. O əlavə edib ki, sərinkeşin içəri buraxılmaması "prinsip məsələsidir".
“Dedim ki, nəyin prinsipini edirsiniz? Rəis dustaqla niyə prinsip aparmalıdır? Nəyin prinsipini aparmalıdır?”, - Sevinc Vaqifqızı bildirib.
Jurnalistin sözlərinə görə, rəis müavini ona öz hesablarına sərinkeş verə biləcəklərini deyib. Vaqifqızı isə onlardan heç bir şey istəmədiyini, ailəsinin ona gətirdiyi sərinkeşin içəri buraxılmasını tələb edib. Jurnalist rəis müavininə bildirib ki, sərinkeş qadağan olunmuş əşyaların siyahısında deyil və içəri ötürülməsinə icazə verilməlidir.
“Mənim ailəmin aldığı sərinkeşi içəri keçirmək haqqım var. Necə olur ki, bir ay yarımda 3 dəfə o sərinkeşi gətizdirirəm, ailəmi çöldə günün altında gözlədirsiniz, axırda da sərinkeşi içəri buraxmırsınız? Sizin buna ixtiyarınız yoxdur”, - Vaqifqızı Əhəd Abdıyevə bildirib.
Jurnalist ailəsinin ona gətirdiyi sərinkeşin prinsip olaraq verilməyəcəyini israrla söyləyən rəis müavininə belə deyib:
“Mən əgər haqqımı kiməsə güzəştə getsəydim, bu saat həbsdə olmazdım. Sizdən də heç bir sərinkeş götürməyəcəyəm. Burada 153 qadın məhbus var. Bu yay hələ heç birinə bir dənə də sərinkeş verilməyib. Necə olur ki, rəis gəlib ancaq mənə sərinkeş vermək istəyir? Mənə lazım deyil bu. Bütün kameralara od yağır, hamı istidən bişir. Heç kimə müəssisə hesabına sərinkeş verilmir, bircə mənə veriləcək? Bu, dövlət büdcəsidir, sizin şəxsi büdcəniz deyil. Sərinkeş verilməlidirsə, hamıya verilməlidir, tək mənə yox. Nə vaxt ki, buradakı 153 qadının hamısına sərinkeş veriləcək, o zaman mən də götürərəm”.
Sevinc Vaqifqızı əlavə edib ki, digərlərinə qarşı ayrı-seçkiliyin edilməsinə qarşıdır.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən və Ombudsman Aparatından fikir almaq mümkün olmayıb.