Rusiyada 8,8 ballıq zəlzələ olub, sunami təhlükəsi var

Rusiyada 8,8 ballıq zəlzələ olub, sunami təhlükəsi var Foto: AP
30 İyul 2025
Mətni dəyiş

Yaponiyada və Alyaskada sunami dalğaları müşahidə olunub, Sakit okean sahilləri xəbərdarlıq vəziyyətindədir

İyulun 30-da səhər saatlarında Rusiyanın Uzaq Şərqində dünyanın ən güclü zəlzələlərindən biri baş verib. 

"Associated Press" xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasının 8.8, dərinliyinin isə 20.7 kilometr olduğunu açıqlayıb. Yeraltı təkanlar Kamçatka yarımadasındakı Petropavlovsk-Kamçatski şəhərindən 119 kilometr aralıda qeydə alınıb. Zəlzələdən sonra 6.9 bal gücündə bir neçə afterşok da baş verib.

Rusiya rəsmiləri bildiriblər ki, zəlzələdən sonra Kamçatka yarımadasında yerləşən limanlarda su daşqınları qeydə alınıb. Yerli əhali daha təhlükəsiz ərazilərə köçürülüb. Petropavlovsk-Kamçatski şəhərində avtomobillər küçələrdə yellənib, binalara ziyan dəyib, elektrik enerjisi və mobil rabitə kəsilib. Səhiyyə Nazirliyi bir neçə nəfərin tibbi yardım üçün müraciət etdiyini bildirib, lakin ciddi xəsarət alan olmayıb.

Zəlzələ nəticəsində Sakit okeanda sunami təhlükəsi yaranıb. "NHK" Yaponiyanın şimalında yerləşən Hokkaydo, eləcə də İbaraki və Çiba prefekturalarının sahillərinə ağ köpüklü dalğaların çırpıldığının görüntülərini yayımlayıb. Yaponiyanın Meteorologiya Agentliyi şimaldakı İsinomaki limanında 50 santimetrlik sunami dalğasının qeydə alındığını, lakin daha böyük dalğaların gəlməkdə olduğunu açıqlayıb.

Alyaskanın Amçitka və Adak bölgələrində isə suyun səviyyəsi normaldan cəmi 30 santimetr yüksək olub. Milli Sunami Xəbərdarlıq Mərkəzinin nümayəndəsi Deiv Snayder bildirib ki, bu dalğalar saatlarla, hətta bəzi ərazilərdə bir gündən çox davam edə bilər:

“Sunami tək bir dalğa deyil, bu, zamanla sahilə çatan güclü dalğalar seriyasıdır. Dərin sularda reaktiv təyyarə sürəti ilə hərəkət etsə də, sahilə yaxınlaşdıqda yavaşlayır və yığılır — fəlakət də məhz orada baş verir".

Havay qubernatoru Coş Qrin bildirib ki, Yaponiyaya yaxın Miduey atolundan əldə edilən məlumatlara görə, suyun zirvə və çökək nöqtələri arasında 1.8 metr fərq qeydə alınıb. Onun sözlərinə görə, Havaya çatan dalğaların ölçüsü hələlik məlum deyil:

“Bu, sahilə doğru böyük güclə hərəkət edən uzununa dalğadır".

Qubernator əlavə edib ki, “Black Hawk” helikopterləri və yüksək suya davamlı texnika fövqəladə hallar üçün hazır vəziyyətə gətirilib.

Oreqon Fövqəladə Hallar İdarəsi sunami dalğalarının gecə saat 11:40-dan etibarən sahilə çata biləcəyini açıqlayaraq sakinlərə çimərliklərdən, liman və marinalardan uzaq durmağı tövsiyə edib. Onların sözlərinə görə, bu “böyük sunami” olmasa da, təhlükəli cərəyanlar və dalğalar suya yaxın olanlar üçün risk yaradır.

Kanadanın Britaniya Kolumbiyası, ABŞ-nin Vaşinqton və Kaliforniya ştatları da daxil olmaqla Sakit okeanın qərb sahillərində sunami xəbərdarlıqları verilib. Britaniya Kolumbiyasının fövqəladə hallar agentliyi dalğaların Lankara adasına saat 22:05-də, Tofinoya isə saat 23:30-da çata biləcəyini bildirib.

Rusiya Federasiyasının Kuril adalarındakı Severo-Kurilsk yaşayış məntəqəsinə sunami dalğalarının çatdığı təsdiqlənib. Vilayət qubernatoru Valeri Limarenko yerli əhalinin təxliyə olunaraq yüksəkliklərdə yerləşdirildiyini və təhlükənin keçməsini gözlədiklərini bildirib.

Hazırda sunami təhlükəsi bəzi bölgələrdə davam edir və sahilboyu icmaların ehtiyatlı olması tövsiyə olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun