Yekaterinburqda polis əməliyyatı ilə 2 azərbaycanlının öldürülməsindən sonra Azərbaycan-Rusiya arasında baş verən siyasi-diplomatik gərginlik davam edir.
İyulun 1-də Rusiya Xarici İşlər Nazirliyində Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə "Sputnik.az"ın Bakıda saxlanılan rusiyalı əməkdaşlarının dərhal azad edilməsi tələbi ilə şifahi nota verilib.
Görüşdə Rəhman Mustafayev də Azərbaycanın verdiyi notanı Rusiyaya təqdim edib. Bildirib ki, Rusiyada azərbaycanlılara qarşı etnik zorakılıq və işgəncə ilə öldürülmə halları araşdırılmalıdır. "Sputnik.az"ın Bakı ofisindəki əməliyyata gəldikdə isə, “bu, Azərbaycanın daxili işidir və Rusiya qarışmamalıdır”.
Elə həmin saatlarda Azərbaycan hüquq mühafizə orqanları Bakıda Rusiya vətəndaşları olan onlarla şəxsi saxlayıb. Bildirilib ki, onlar iki mütəşəkkil dəstədən ibarətdirlər və İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq cinayətlərində ittiham olunurlar. Saxlanılanların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı əməliyyat görüntülərindən müşahidə edilir ki, saxlanılan bütün şəxslərin üzlərində xəsarət izləri var, paltarları cırılıb və ya qana bulaşıb. Yerli ictimaiyyətin fikrincə, polis bunu Yekaterinburqda azərbaycanlılara qarşı edilən zorakılıqlara cavab olaraq edib və nümayiş edilməsi üçün şərait yaradıb.
Rusiya mətbuatı isə yazır ki, həmin şəxslər rusiyalı turistlər və İT mütəxəssisləri olub.
İyulun 1-də axşam saatlarında Yekaterinburqda törədildiyi iddia olunan cinayət hadisəsilə bağlı daha bir nəfər - Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçilib.
Elə həmin saatlarda Yekaterinburqun Ural bölgəsində Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılıb. Rusiya hüquq mühafizə orqanlarının yaydığı görüntüdən aydın olub ki, onlar avtomobillərində olarkən xüsusi formalı polis dəstəsi maşına hücum çəkir, pəncərələri sındırır və Şahin Şıxlinskiylə oğlunu zorakılıqla tuturlar. Ancaq bundan bir müddət sonra onların hər ikisi sərbəst buraxılıb.
Gün ərzində Ukrayna prezidenti Vlodimir Zelenski də prezident İlham Əliyevə zəng edib və iki azərbaycanlının Rusiyada işgəncə altında öldürülməsilə bağlı başsağlığı verib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 2-də brifinq keçirib. O bildirib ki, "Sputnik.az"da keçirilən polis əməliyyatı konkret onların fəaliyyətilə bağlı deyil, başqa səbəblərdəndir və bu, Azərbaycan səfirinə bildirilib.
Zaxarova əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri vacibdir və “kimlərsə bu münasibətləri pozmaq istəyəndə yaxşı düşünmürlər”.
Bu gün Azərbaycan Baş Prokurorluğu da brifinq keçirib. Bildirilib ki, Yekaterinburqdakı cinayətin açılması üçün bütün hüquqi mexanizmlərdən istifadə olunacaq.
Səfərov qardaşlarının posttravmatik şokdan vəfat etdiyi bildirilib və bunun çoxsaylı xəsarətdən olduğu vurğulanıb.
Eyni zamanda əlavə edilib ki, Yekaterinburqda amansızlıqla öldürülən Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub. Bu da onun işgəncə altında öldüyünü göstərir. İşgəncəyə məruz qalan bir nəfər Azərbaycana qayıdıb, tibbi ekspertiza təyin olunub.
"Yekaterinburqda baş verən cinayətin açılmasına nail olacağıq, cinayətkar cəzasını alacaq. Azərbaycanlıların xüsusi amansızlıqla öldürülməsi üzrə cinayət işi Baş Prokurorun nəzarətindədir", - brifinqdə qeyd olunub.