Milli Məclisin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Dəyişikliklərə əsasən, Naxçıvan Ali Məclisinin sədri artıq muxtar respublikanın ali vəzifəli şəxsi sayılmayacaq. Mövcud qanunvericiliyə görə, bu status Ali Məclis sədrinə aid idi və onun səlahiyyətləri Konstitusiyada ayrıca qeyd edilirdi. Yeni dəyişikliklə bu maddə ləğv edilir, lakin Ali Məclis sədrinin səlahiyyətləri genişləndirilir.
Belə ki, sədr bundan sonra:
- Ali Məclisə seçkilərin təyin edilməsi üçün Prezidentə təkliflər verəcək,
- Muxtar respublikanın ictimai-siyasi həyatı ilə bağlı Ali Məclisə məlumat təqdim edəcək,
- Xarici dövlətlər, beynəlxalq təşkilatlar və hüquqi şəxslərlə Naxçıvan adından münasibətləri təmsil edəcək,
- Yerli icra hakimiyyəti başçılarının təyinatı ilə bağlı Prezidentə təqdimat verəcək,
- Dövlət qulluqçularına ixtisas dərəcələri və ali xüsusi rütbələrin verilməsi ilə bağlı Prezidentə təkliflər göndərəcək,
- Dövlət təltifləri ilə təltif etmə və dövlət təltifləri üçün Prezidentə təqdimat vermək hüququna malik olacaq.
Bundan başqa, Ali Məclisin buraxılması və seçkilərlə bağlı qaydalar da dəyişir. Dəyişikliyə görə:
- 31 deputatın tələbi ilə özü tərəfindən və ya səlahiyyətlərini icra edə bilmədikdə Ali Məclisi Prezident buraxacaq.
- Növbədənkənar seçkilərdə seçilən çağırışın səlahiyyət müddəti 5 ildən az ola bilər və bu halda növbəti seçkilər həmin çağırışın beşinci ilinin noyabr ayının ilk bazar günü keçiriləcək.
- Seçkilərin keçirilməsinə müharibə şəraiti imkan vermədikdə çağırışın səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılacaq və bununla bağlı qərarı Naxçıvan Ali Məhkəməsi qəbul edəcək.
Sessiyaların keçirilməsi ilə bağlı da dəyişikliklər nəzərdə tutulur. Naxçıvan Ali Məclisi hər il iki növbəti yaz və payız sessiyasına toplaşacaq. Seçkilərdən sonra martın 10-dək deputatların səlahiyyətləri təsdiqlənmədiyi halda, ilk iclasın vaxtını Ali Məhkəmə müəyyən edəcək.
Növbədənkənar sessiyalar Ali Məclis sədrinin təşəbbüsü ilə Prezidentin, Milli Məclisin və ya 16 deputatın tələbi ilə çağırılacaq. Prezidentin və Milli Məclisin təklifi əsasında sessiyaların qapalı iclaslarının keçirilməsi imkanı yaradılacaq.
Qanun layihəsi həmçinin Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətlərini genişləndirir. Belə ki, Nazirlər Kabineti dövlət büdcəsində nəzərdə tutulan xərclər çərçivəsində Prezidentin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanları yarada və ləğv edə biləcək, həmçinin Prezidentin səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edəcək.