Məhkəmədə zərərçəkən Azər Qasımlının onu hədələdiyini iddia edib

Məhkəmədə zərərçəkən Azər Qasımlının onu hədələdiyini iddia edib Foto: Amerikanın Səsi
30 İyul 2025
Mətni dəyiş

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi tanınan Qurbanəli Yusifov ifadə verib.

APA agentliyi yazır ki, Yusifov kriptovalyuta biznesi ilə məşğul olduğunu söyləyib:

"Mən Azər Qasımlı ilə Real Partiyasında tanış olmuşam. Bizim aramız yaxşı olub. O da kriptovalyuta biznesi ilə məşğul olmaq istəyirdi. Mənim bu işlə məşğul olduğumu eşidəndə birliktə işləməyə başladıq. Mən onun adına hesab açıb idarə edirdim. Həmin hesaba 20 min dollar pul yatırmışdıq. Lakin müharibə ərəfəsində, VPN-dən istifadə etdiyimiz zamanlarda kriptovalyutanın dəyəri düşdüyü üçün, pulu itirdik. İtirilən məbləğin qarşılığında məndən "Bitcoin" tələb etdi. Mən bunun mümkün olmadığını bildirdim. Bu hadisələrdən sonra o məni hədələyərək, təhdidlə 45 min dollar borcum olması barədə sənədə imza atdırdı. Mən bundan sonra qorxaraq ölkədən qaçdım. Bununla kifayətlənməyib məni ailəmlə, uşağımı qaçırmaqla təhdid etdi".

Yusifov özünə yeni vəkil tutduğunu da deyib və vəkilin işlə tanış olması üçün vaxt istəyib.

Növbəti məhkəmə prosesi sentyabrın 10-da baş tutacaq.

Azər Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qasımlı həbsinin siyasi motivli olduğunu, irəli sürülən ittihamların isə qondarma xarakter daşıdığını bildirib. O, daha əvvəl 2018-ci ildə Bakıda kütləvi aksiyaya rəhbərlik etdiyinə görə 30 günlük inzibati həbs cəzası almışdı.

2023-cü ilin sonlarından etibarən Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə qarşı genişmiqyaslı repressiya dalğası başlayıb.

Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkə həbsxanalarında 370-dən çox siyasi məhbus saxlanılır.

Bu çərçivədə bir çox müstəqil jurnalist, hüquq müdafiəçisi və müxalif fəal müxtəlif cinayət işləri üzrə həbs edilib. Onlar həbslərinin siyasi sifariş olduğunu və irəli sürülən ittihamların saxta xarakter daşıdığını bəyan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun