“Meclis info işi”: İmran Əliyevə "61 min manat vergi borcu təyin edilib"

“Meclis info işi”: İmran Əliyevə "61 min manat vergi borcu təyin edilib" Foto: sosial media, Elgiz Gahraman
15 İyul 2025
Mətni dəyiş

İyulun 15-də “Məclis info işi” üzrə həbs olunan İmran Əliyev, polis nəzarətinə verilən Elgiz Qəhrəman və Tamella Musayevanın növbəti məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

İş üzrə şahid olan İmran Əliyevin atası Bağır Əliyev ifadə verməkdən imtina edib. Daha sonra Murad Rüstəmbəyli, Şəbnəm Babayeva, Səma Əhmədovanın ifadələri dinlənilib. Şahidlərdən Murad Rüstəmbəyli təqsirləndirilənlər İmran Əliyev və Elgiz Qəhrəmanla heç bir işgüzar münasibətlərinin olmadığını, onları yalnız dost kimi tanıdığını bildirib. Şəbnəm Babayeva “meclis.info” saytında müəyyən müddət xidməti müqavilə ilə işlədiyini və buna görə gəlir vergisi ödədiyini qeyd edib. Səma Əhmədova isə “meclis info” platformasında yalnız könüllü əsaslarda təlimlərə qatıldığını bildirib.

Prosesdə Dövlət Vergi Xidməti 12 saylı Vergilər Baş İdarəsinin nümayəndəsi Qiyas Məmmədov da mülki iddiaçı qismində ifadə verib. O bildirib ki, mütəxəssis rəyləri əsasında İmran Əliyevin 61 min manat vergi borcu təyin edilib. Nümayəndə əlavə edib ki, bu borc digər təqsirləndirilən şəxslərə şamil edilmir.

İmran Əliyevin vəkili Rəsul Cəfərov bu borcun hansı şəkildə təyin edildiyini və bununla bağlı qurumun rəsmi araşdırma aparıb-aparmadığını sual edib. Nümayəndə heç bir araşdırma aparmadıqlarını və yalnız mütəxəssis rəylərinə əsaslandıqlarını bildirib. O, vəkilin digər suallarına da cavab verməyib. Rəsul Cəfərov yaranan suallara cavab verilməsi üçün növbəti prosesdə sənədə rəy verən mütəxəssisin məhkəməyə çağırılması barədə vəsatət verib. Hakim heyəti vəsatəti baxılmamış sayıb.

İmran Əliyev ötən il aprelin 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. 

O, ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Sonradan ona qarşı da 8 maddə ilə yeni ittiham irəli sürülüb.

İctimai fəal Elgiz Qəhrəman və Tamella Musayeva isə “Məclis info işi” üzrə təqsirləndirilən şəxs qismində bu ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq orqanı onlar barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçib.

Hazırda hər üç şəxs də maliyyə və vəzifə səlahiyyətlərini aşmaq cinayətlərini ehtiva edən 8 ağır maddə ilə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri cinayət işinin siyasi sifariş əsasında açıldığını bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun