Jurnalistlərə Ədalət Fondu (JFJ) son hesabatında 7 keçmiş sovet ölkəsində media nümayəndələrinə qarşı təzyiq və zorakılıqlardan bəhs edib. Hesabatda Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, Belarus, Litva, Ukrayna, Qazaxıstan və Qırğızıstanda baş verən narahatedici hadisələrə diqqət çəkilir.
Hesabatın Azərbaycanla bağlı hissəsində "Abzas Media"nın 9 il müddətinə azadlıqdan məhrum edilən direktoru Ülvi Həsənlidən bəhs edilib.
Bildirilib ki, Ülvi Həsənli iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edildikdən sonra saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleksdə qeyri-insani və qəbuledilməz şəraitə etiraz olaraq aclıq aksiyasına başlayıb.
JFJ vurğulayıb ki, Həsənli Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı rəsmi sorğu göndərsə də, bir aydan çoxdur sorğu baxılmamış qalıb.
Gürcüstanla bağlı hissədə ölkədə jurnalistlərə qarşı artan təzyiqlərdən bəhs edilib. Qeyd edilib ki, məhkəmə həyətində etirazçıları çəkərkən məhkəmə icraçısı "Publika" nəşrinin redaktoru Zurab Vardiaşvilinin şəxsiyyət vəsiqəsi və telefonunu müsadirə edib. İcraçı Vardiaşvilini videoları silmək üçün təzyiqlə hədələyib.
Bundan başqa, Gürcüstanın Gəlir Xidməti "Batumelebi" onlayn qəzetinin bank hesablarını dondurub. Halbuki, qəzet 47 min lari (təxminən 14.900 avro) borcunu mərhələli şəkildə ödəyirdi.
Hesabatda bildirilib ki, postsovet ölkələrindən Belarus və Litvada həm ölkə daxilində, həm də sürgündə jurnalistlərə təzyiqlər davam edir.
Belə ki, Belarusun İnformasiya Nazirliyi bir neçə sosial media hesabını “ekstremist materiallar” siyahısına əlavə edib. Bunlar arasında "Brest Viasna"nın 68 izləyicili Instagram səhifəsi, rusdilli "Delfi Lithuania" YouTube kanalı və "BGmedia|Brest|News" Threads hesabı var.
Bundan əlavə, sürgündə olan "Malanka Media" əməkdaşını Litvanın paytaxtı Vilnüsdə küçədə bir qrup sərxoş şəxs döyüb. Jurnalistin dodağı, diş əti və dişləri xəsarət alıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Rusiyada mediaya qarşı repressiyalara hesabatda xüsusi diqqət çəkilib. Bildiirilib ki, bloqer İlya Varlamova qarşı qiyabi məhkəmə başlanıb. Ona qarşı ordu haqqında “yalan məlumat yaymaq” və “xarici agent” kimi hesabat öhdəliklərini pozmaq ittihamları irəli sürülüb.
Bundan başqa, tanınmış YouTuber Yuri Dud da qiyabi olaraq həbs edilib, beynəlxalq axtarışa verilib. O, Rusiyaya dair hərbi məlumat toplamaqda ittiham olunur. Hər iki jurnalist müharibənin başlanğıcından bəri ölkəni tərk edib.
Hesabatda Rusiya ilə müharibəsi davam edən Ukraynada da vəziyyətin ürəkaçan olmadığı vurğulanıb.
Bildirilib ki, "Dzerkalo Tyzhnya" (ZN.ua) nəşrinin redaktoru İnna Vedernikova və jurnalist Yuliya Mostova iyulun 15-dən 18-dək Telegram kanallarında aparılan intensiv qarayaxma kampaniyasının hədəfinə çevriliblər. Bu günlər ərzində 30-dan çox təhqiramiz paylaşım dərc olunub.
Bundan başqa, Qazaxıstanda Xarici İşlər Nazirliyi "Radio Azatıq"ın ("Azadlıq Radiosu"nun Qazaxıstan bürosu) 16 jurnalistinin akkreditasiya sorğusuna imtina cavabı verib. Halbuki onlar lazımi sənədləri hələ fevral ayında təqdim ediblər.
Qırğızıstanda isə "Kloop" media orqanının dörd əməkdaşının bank hesabları xəbərdarlıq edilmədən bloklanıb. Bu hal həmin media qurumuna qarşı may ayında açılmış cinayət işi ilə əlaqələndirilir.
Daha ətraflı Jurnalistlərə Ədalət Fondunun "Media Risk Map" platformasından oxuya bilərsiniz.