“İşçi Masası” Həmkarlar İttifaqı Konfederasiyasının üzvü Elvin Mustafayevin 6 ay müddətinə ciddi rejimli həbsxanaya köçürülməsinə qərar verilib.
İyulun 10-da Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə 6 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatına baxılıb və Elvin Mustafayevin ümumi rejimli müəssisədən ciddi rejimli həbsxanaya köçürülməsi barədə qərar qəbul edilib.
“Azadlıq Radiosu”nun yazdığına görə, təqdimatda Mustafayevin daxili intizam qaydalarına əməl etmədiyi, müxalifətçiliklə məşğul olduğu, əsassız şikayətlər etdiyi və özünə xəsarət yetirməyə cəhd göstərdiyi iddia edilib.
Mustafayev isə məhkəmədə bu iddiaları rədd edərək, təqdimatda yazılanları həbsxana rejiminə köçürülməsi üçün bəhanə adlandırıb. O bildirib ki, təzyiqlərə məruz qalıb və müəssisə rəisinin otağında döyülüb.
İctimai fəal təzyiqlərin apreldə siyasi fəal Tofiq Yaqubluya dəstək olaraq aclıq aksiyasına qoşulması və müəssisə mağazasında yüksək qiymətlərə etiraz etməsi ilə bağlı olduğunu deyib.
Prokuror təqdimatın qismən təmin edilməsini və fəalın 6 aylıq həbsxana rejiminə köçürülməsini təklif edib, məhkəmə də bu təklifi qəbul edib.
“İşçi masası” Həmkarlar İttifaqı Konfederasiyası iyunun 24-də bəyanat yayaraq Elvin Mustafayevə saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsində işgəncə verildiyini bildirib.
Bəyanatda fəalın 1 aydan çoxdur cərimə kamerasında saxlanılmasının səbəbi və ona qarşı işgəncə hallarından bəhs edilib.
"Elvin Mustafayev cəzaçəkmə müəssisəsinə gətirildiyi ilk gün müəssisə rəisi Fariz Əliyevin otağına aparılıb. Onun yaxınlarına verdiyi məlumata əsasən, otağa daxil olan kimi rəis Fariz Əliyev ona “bura gəldiyin zonlar kimi deyil, burada ağıllı ol” deyərək üzünə şillə vurub.
Elvin Mustafayev bu hərəkətə etiraz edib və bunun qanunsuz, alçaldıcı olduğunu bildirib. Bundan sonra müəssisənin rejim əməliyyatçıları - Samir və Əli adlı şəxslər də rəisə qoşularaq Elvin Mustafayevə ağır fiziki işgəncə veriblər", - məlumatda qeyd olunub.
Bildirilib ki, Elvin Mustafayevin səhhətində yaranmış problemlərlə bağlı yayılan məlumat da məhz bu işgəncələrin nəticəsi olub.
"Rəis Fariz Əliyev və rejim əməliyyatçılar da daxil olmaqla 15 nəfər xüsusi amansızlıqla Elvinə qarşı fiziki zorakılıq tətbiq ediblər. Baş və bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr endirilib, nəticədə qulağı partlayıb, huşunu itirib və 3 gün qulağından qan gəlib. Hadisədən bir aydan artıq müddət keçməsinə baxmayaraq, Elvin qulağında iltihab və bədənində kəskin ağrıların davam etdiyini deyir", - məlumatda qeyd olunub.
Elvin Mustafayev mayın 6-da saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başladıqdan sonra 14 günlük cərimə kamerasına salınıb, bu müddətdə isə 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Mayın 19-da ümumi kameraya keçirilməsi gözlənilsə də, cərimə müddəti 10 gün artırılıb. Mayın 29-da bu müddətin bitəcəyi gözlənilirdi, lakin onun cərimə kamerasında saxlanma müddəti daha bir ay uzadılıb.
“İşçi Masası” Həmkarlar İttifaqı Konfederasiyasının üzvü Elvin Mustafayev 2023-cü il yanvarın 31-də 3 il azadlıqdan məhrum edilib. Ona qarşı əvvəlcə satış məqsədilə külli miqdarda narkotik daşıma ittihamı irəli sürülsə də, məhkəmə bu ittihamı dəyişərək fəalı satış məqsədi olmadan külli miqdarda narkotik əldə edib saxlamaqda təqsirli bilib.
Mustafayev ittihamları rədd edib və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib.
Hüquq müdafiəçiləri Elvin Mustafayevi siyasi məhbus kimi tanıyırlar. Onların hesabatlarına əsasən, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Rəsmi qurumlar isə bu iddiaları qəbul etmir.