Azərbaycan və Ermənistan liderlərinin sabah Əbu-Dabidə görüşəcəyi bildirilib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumat da qeyd olunub ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.
Liderlər sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi Sammitinin kuluarlarında görüşmüş, kommunikasiya kanallarını açıq saxlamaq barədə razılaşmışdılar.
Mart ayında Bakı və İrəvan sülh sazişi layihəsi üzrə ilkin razılığa gəlsələr də, Azərbaycan sənədin imzalanması üçün bir neçə əlavə şərt irəli sürüb.
Bakı Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd istinadların aradan qaldırılmasını, Ermənistandakı Avropa İttifaqının Monitorinq Missiyasının fəaliyyətinə son verilməsini və 30 ilə yaxındır qərəzli mövqedə ittiham etdiyi ATƏT-in Minsk Qrupunun tamamilə buraxılmasını tələb edir.
“Middle East Eye”ın məlumatına görə, Dubayda planlaşdırılan görüş hər iki tərəfin davam edən fikir ayrılıqlarına baxmayaraq danışıqları davam etdirməkdə maraqlı olduğunu göstərən müsbət işarə kimi qiymətləndirilir.
Ermənistanda gələn il keçiriləcək seçkilər öncəsi Paşinyanın Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirməsi ehtimalının az olduğu qeyd edilir.
Bu arada, Türkiyənin səssiz şəkildə Bakını sülh sazişini imzalamağa təşviq etdiyi bildirilir. Ankara regionda, o cümlədən İranın təsirinin azalması kimi dəyişən dinamikaları xatırladaraq rəsmi Bakıya çağırış edib. Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması prosesi də Bakı ilə Yerevan arasında sülh sazişinin əldə olunmasından asılıdır.
Türkiyəli rəsmilər Ermənistanı Orta Asiyanı birbaşa Türkiyə ilə birləşdirəcək “Orta Dəhliz” üçün əsas ölkə kimi görürlər və türk şirkətləri Ermənistanda infrastruktur layihələrində iştirak etməkdə maraqlıdır.
Bəzi mənbələr bildiriblər ki, Bakının etirazlarına baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay Paşinyanı qəbul edib. Bu, Ermənistan liderinin Türkiyəyə ilk rəsmi səfəri olub.
Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərindən xəbərdar olan digər mənbə qeyd edib ki, Prezident İlham Əliyevin BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyan ilə yaxın münasibətləri var. Mənbənin sözlərinə görə, BƏƏ iki Cənubi Qafqaz ölkəsi arasında münasibətləri yaxşılaşdırmaq səylərinin bir hissəsi olaraq danışıqlara ev sahibliyi etməkdə maraqlıdır.
İyunun 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb. Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Mirzoyan və Şeyx Abdullah Cənubi Qafqaz və Yaxın Şərqdə sülhün təmin edilməsi istiqamətində səylər barədə fikir mübadiləsi aparıblar.
Bundan başqa, ABŞ dövlət katibi Marko Rubio da Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
İyulun 8-də Ağ Evdə keçirilən hökumət kabinetinin iclasında çıxış edən Rubio son dövrlərdə baş verən qlobal proseslərə toxunaraq deyib:
“NATO ilk dəfə olaraq hərbi xərcləri 5 faizə çatdırdı. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi əldə olundu, 12 günlük müharibə ABŞ-nin səyləri nəticəsində bitdi. Bu, yalnız bizim bacaracağımız bir şey idi. Ümid edirəm ki, tezliklə Azərbaycan və Ermənistan arasında da sülh sazişi imzalanacaq. Yaxın Şərqdə, xüsusən Suriya və Livanla bağlı olaraq, infrastrukturda dəyişiklik potensialı yaranıb”.
ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus dövlət katibinin açıqlamasına münasibət bildirərək qeyd edib ki, ABŞ bəzi məsələlərin həllində iştirak edir.
“Dövlət katibinin bu bəyanatla çıxış etməsi vacib idi. Biz iştirak etdiyimiz çoxsaylı razılaşmalardan və atəşkəs təşəbbüslərindən məmnunuq. Dövlət katibinin bunu deməyə əsası var idi və əlavə məlumat əldə etdikcə bunu sizinlə paylaşacağıq”, – Bryus vurğulayıb.