İki gündür aclıq edən abzasçılar Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına qaytarılmasını istəyirlər

İki gündür aclıq edən abzasçılar Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına qaytarılmasını istəyirlər
3 İyul 2025
Mətni dəyiş

Sevinc Vaqifqizi və Elnarə Qasımova aclıq etmələri və zorakılığa məruz qalmaları ilə bağlı ailələrinə məlumat verdiyi zaman telefon zəngi kəsilib

"Abzas Media"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) və əməkdaşları Elnarə Qasımova ilə Nərgiz Absalamova 2 gündür aclıq edirlər. 

Bu barədə onların yaxınları məlumat verib. 

Bildirilib ki, jurnalistlər bu qərarı Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürüldükdən sonra aclıq aksiyasına başlayan "Abzas Media"nın direktoru Ülvi Həsənliyə dəstək olaraq veriblər. 

"Ülvi Həsənlinin qanunsuz olaraq Umbakı həbsxanasına köçürülməsinə etiraz edirlər, onun Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər. Onlar aclıq aksiyasına başlayan kimi təkadamlıq kameralara köçürülüblər və əşyaları zorla əllərindən alınıb".

Yaxınları deyir ki, jurnalistlər Sevinc Vaqifqızı və Elnarə Qasımova aclıq aksiyası ilə bağlı telefon zəngində ailələrinə məlumat verən zaman əlaqə kəsilib. 

Hüquqşünas Sübhan Həsənli deyir ki, Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasından Umbakı həbsxanasına köçürülməsinin heç bir hüquqi əsası yoxdur. 

Onun sözlərinə görə, hazırda Həsənli ilə bağlı qüvvədə olan yeganə həbs qərarında onun saxlanılma yeri kimi Bakı İstintaq Təcridxanası yazılıb. 

"2023-cü ilin 21 noyabrında Xətai rayon Məhkəməsinin Ülvi Həsənli barəsində seçdiyi həbs qətimkan tədbiri ilə bağlı qərarda qeyd olunub ki, onun saxlanılması Bakı İstintaq Təcridxanasında həyata keçirilməlidir.  Bundan sonra heç bir məhkəmədə o hissə dəyişilməyib və orda saxlanılması ilə bağlı qərar qüvvədə olub. 

İndiki mərhələdə Ülvi Həsənlinin həbs qətimkan tədbiri davam edir. Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin onunla bağlı hökmünü təsdiq etsə, artıq Ülvi Həsənli barəsində qanuni qüvvəyə minmiş hökm olacaq və cəzaçəkmə müəssisəsinə köçürüləcək. O zamana kimi isə Həsənli 2023-cü ilin 21 noyabrında Xətai rayon Məhkəməsinin qərarında göstərilən yerdə - Bakı İstintaq Təcridxanasında saxlanılmalıdır. Onun Umbakı həbsxanasına köçürülməsinin heç bir qanuni əsası yoxdur", - hüquqşünas bildirib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Abzas Media işi" üzrə həbs olunanlar barəsində 7-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxmış kişilər saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər. 

Yeni həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyub həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər. Cərimə kamerasına salınan Həsənli etiraz olaraq 8 gündür aclıq edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun