“Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızının “Sərhədsiz Reportyorlar” təşkilatına ünvanladığı məktubun tam mətnini təqdim edirik:
İstanbul Hava Limanında vəkilimlə danışanda artıq əmin idim ki, Bakıya qayıtsam, həbs olunacam. Dostlarım da xəbər verirdilər ki, evimin qarşısında mülki polislər dolaşır. Bundan sonra “Abzas Media”nın hazırda həbsdə olan əməkdaşlarına və anama mesaj göndərərək onların bu həbsə hazırlıqlı olmalarını istədim.
Təyyarə Bakıya enən kimi çıxış qapısında məni polislər qarşıladı. Passport yoxlamasına getməyə belə icazə vermədən təyyarənin yanından açılan əlavə qapı ilə məni dostlarımın gözü qarşısında saxladılar.
Vəkilimin dediyi olmuşdu – ölkəyə qayıtmışdım və həbs olunmuşdum.
Həbsdən sonra bu sualı çox eşidəcəkdim – niyə qayıtdın?
“Abzas Media”nın idarəçiliyində təmsil olunan şəxs kimi təhlükəli məqamda təhlükəsiz yerdə oturub əməkdaşlarımızın polis orqanlarına çağırılmağına, ardınca həbs olunmalarına seyirci qala bilməzdim. O ana qədər “Abzas Media”nın direktoru Ülvi Həsənli həbs olunmuşdu, əməkdaşımız Məhəmməd Kekalov isə evindən zorakılıqla aparılmışdı. Hazırladığımız korrupsiya araşdırmalarının bədəli həbs idisə, bununla üzləşmək lazım idi, qaçmaq yox. Qaçış ümumiyyətlə heç bir problemin həlli deyil.
Hökumətin bir siyasəti də azad jurnalistləri, tənqidçilərini ölkədən didərgin salmaq və bununla cəmiyyətdən təcrid etmək, onları yadlaşdırmaqdır. Tənqidi jurnalistika ilə məşğul oluruq deyə hökumət bizə deyə bilməz ki, bu ölkədə yaşama. Onsuz da idxaldan asılı olan ölkədə doğru xəbər də xaricdən asılı vəziyyətə düşməməlidir. Bu ölkədə yaşayıb, azad mediada çalışıb, doğru xəbər verib təhdid təhlükəsi hiss etmədən yaşamaq istəyirik. Bu gün həbsdə olan 29 jurnalistin də istəyi bu olub.
Biz işimizi təhdidsiz, təzyiqsiz, azad şəkildə görmək istəmişik. Amma neyləyək ki, iqtidar üçün hər cür sual müdaxilədir. Onlar isə müdaxiləni yox, sorğu-sualsız itaəti sevirlər. Jurnalistlərə ev, fəxri ad, yüksək maaş təklif edib əvəzində xalqdan mənimsədikləri sərvətlərinə göz yumulmasını istəyirlər. Biz jurnalistlər bu təkliflərə boyun əyməmişik deyə həbsdəyik. Çünki bilirik ki, peşəmiz hökumət qarşısında cəmiyyətin maraqlarını müdafiə etmək, insanları siyasətçilərin manipulyasiyalarından duyuq salmaq, hökumət üzərində ictimai nəzarəti təşkil etməkdir.
Amma Azərbaycan iqtidarı jurnalistlər üçün qırmızı xətlər müəyyənləşdirib. Heç bir halda prezident və ailəsinin qanunsuz əməllərindən danışılmamalıdır. Biz bu qırmızı xətlərdə durmaqdansa, həbsdəki qırmızı zolaqları seçdik. Şəxsi məlumatlarımızla bağlı karta həbsxanada 3 qırmızı zolaq vurulub. Bu, təhlükəli məhbus olduğumuza və nəzarətdə saxlanılmağımıza göstəriş verən zolaqlardır. Amma həbsdə də bizə nəzarət edə bilmədilər və ilk araşdırmamız təcridxananın rəisinin əmlakları, qanunsuz tenderləri ilə bağlı oldu.
Biz hökumətin girişinə icazə vermədiyi təcridxanaya məhbus kimi daxil olandan sonra burada baş verən işgəncələri, seçki saxtakarlığını, korrupsiyanı ictimailəşdirmişik. Yazdıqlarımızdan sonra qadın korpusunda işgəncələr dayanıb, məhbuslara çatacaq mal və məhsulların müəyyən hissəsi onlara verilib. Amma biz qanunun tələbləri yerinə yetirilənə qədər yazmağa davam edəcəyik. Demək olar, hər məqaləmizdən sonra müsbət geridönüşlər alırıq. Bu, bizə həbsdə də faydalı olduğumuzu hiss etdirir. Amma eşidəndə ki, şəhərdə etiraz aksiyası olub, ancaq bunu çəkmək üçün jurnalist tapılmayıb, məyus oluruq. Artıq qanunsuzluqla qarşılaşan vətəndaş sözünü çatdırmaq üçün nə bir azad media orqanı tapa bilir, nə də jurnalist. Vətəndaşlar üzləşdikləri qanunsuzluqlarla təkbaşına qalıblar. Çünki onların problemini işıqlandıran jurnalistlər həbsdədirlər. Təkcə jurnalistlər də yox, ekspertlər, fəallar, QHT nümayəndələri, müxalifətçilər, dindarlar həbs həyatına məhkum ediliblər. Hazırda Azərbaycanda 400-ə yaxın siyasi məhbus var.
Görüşümüzə gələn ailə üzvlərimizdən və vəkillərdən tez-tez eşitdiyimiz bir söz var – sizi unudublar. Bu, hökumətə təsir imkanlarına sahib beynəlxalq təşkilatların, demokratik prinsiplərə sadiq qaldıqlarını iddia edən Qərb liderlərinin ölkədəki 400-ə yaxın siyasi məhbusu görməzdən gələn davranışlarına görədir. Onlar sadəcə həbslərdən “narahat olduqlarını” deyərək bu mövzunu keçişdirirlər. Amma onların bu “narahatlığı” İlham Əliyevi narahat eləmir. Ona görə də biz Azərbaycanda siyasi həbslərin davam etdiyini görürük.
İlham Əliyevlə görüşdən sonra Qərb liderləri müsahibələrində deyirlər ki, onlar prezidentlə enerji, təhlükəsizlik və insan haqları məsələlərindən danışıblar. Sıralamadan da göründüyü kimi, insan haqları ən sonda dayanır. Bu, onlar üçün öncül məsələ deyil.
Heç bir real təzyiqlə qarşılaşmayan Əliyev isə abzasçıları 59 il 6 ay müddətinə həbsə göndərə bilir. Çünki Qərb təşkilatları və liderləri Əliyevin tənqidçilərinə qandal vuran əlini tutmağa davam edirlər.
Sevinc Vaqifqızı