Hafiz Babalı bir sıra hökumətyönlü media qurumlarının cəzalandırılmasını istəyir

Hafiz Babalı bir sıra hökumətyönlü media qurumlarının cəzalandırılmasını istəyir
21 İyul 2025
Mətni dəyiş

“Abzas Media işi” çərçivəsində həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı bir sıra hökumətyönlü media orqanlarını məhkəməyə verib.

Bu barədə jurnalistin ailəsi “Abzas Media”ya məlumat verib.

Bildirilib ki, Hafiz Babalı ona “böhtan atdıqlarına görə” “Baku TV”, “Qafqazinfo”, “Report.az” və digər “dezinformasiya saytlarını”n cəzalandırılması üçün məhkəməyə müraciət edib.

Jurnalistin bununla bağlı “Baku TV” telekanalına ünvanlanan pretenziya sənədində qeyd olunub ki, telekanalın efirində və Youtube kanalında yayımlanan 02.05.2025-ci il tarixdə “Anonim bank kartları, məxfiləşdirilmiş elektron kanallar, mənzil-ofislər | Niyə?” başlıqlı materialda onun fotoşəkli yerləşdirilib, “AbzasMedia”nın əməkdaşı kimi təqdim 2020-2023-cü illər ərzində xarici ölkələrə, o cümlədən Gürcüstana səfər edərək  qaçalmalçılıqla ölkəyə valyuta gətdiyi, qanunsuz sahibkarlıq fəaliyyəti məşğul olduğu, qanunsuz əldə edilmiş pul vəsaitlərini “AbzasMedia”nın digər əməkdaşları ilə bölüşdürüldüyü və bu kimi bir sıra digər ittihamlar səsləndirilib.

Hafiz Babalı sənəddə qeyd edib ki, “Baku TV” telekanalının yayımladığı materialda onun barəsində səsləndirilən məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalan xarakterlidir, bu da öz növbəsində onun araşdırmaçı jurnalist kimi işgüzar nüfuzuna xələl gətirir.

Jurnalist vurğulayıb ki, istintaq dövründə verdiyi bütün ifadələrində Ülvi Həsənli və Sevinc Vaqifqızının onu “AbzasMedia” üçün araşdırma materialları hazırlamaq məqsədi ilə dəvət etdiyini, hər iki şəxslə azsaylı görüşlərinin də sırf bu məqsədlə baş tutduğunu deyib. 

“İstintaq materiallarında olan mənimlə Ülvi Həsənli və Sevinc Vaqifqızı arasında olan yazışmalar da istintaq orqanı tərəfindən məhz jurnalist araşdırmaları ilə bağlı aparılmış kommunikasiya olaraq qiymətləndirilmişdir” – Hafiz Babalı bildirib.

 Jurnalist əlavə edib ki, yekun məhkəmə hökmü olmadan “Baku TV”nin yayımladığı materialda onun adı qeyd edilərək və fotoşəkli yerləşdirilərək haqqında yalan məlumatlar yayılması jurnalist olaraq işgüzar nüfuzunu hədəfə alır.

Hafiz Babalı daha öncə də “Qafqazinfo”, “ATV” telekanalı və “İki Sahil” qəzetini məhkəməyə verib, lakin bir ildən çox çəkən prosesdən sonra məhkəmə onun şikayətini təmin etməyib. 

Hafiz Babalı və həbsdə olan digər müstəqil jurnalistlər barəsində hökumətyönlü mediada onların xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq qrant aldığı, bunun qarşılığında hökumət əleyhinə materiallar dərc etdikləri iddia olunur. 

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində həbs olunub. 
 
Onunla birlikdə bu iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə də həbs olunub.
 
Jurnalistlər qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham ediliblər.
 
Bu il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə 9 il azadlıqdan məhrum ediliblər. Jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, koordinator Məhəmməd Kekalov 7 il ay həbs cəzasına məhkum ediliblər
 
Jurnalistlər onlara qarşı irəli sürülən ittihamları rədd edirlər, apardıqları korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun