Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) azərbaycanlı idmançı Cavid Rzayevi Rusiya vətəndaşlığından məhrum edib.
“Current Times” yazır ki, Saratov vilayətinin FTX əməkdaşı Rzayevə onun vətəndaşlıqdan məhrum edilməsinin səbəbi kimi “ölkənin siyasi və sosial sabitliyinə mənfi təsir göstərən hərəkətlər etməsini” göstərib.
Rzayev “RBK” agentliyinə açıqlamasında Rusiya vətəndaşlığından məhrum edildiyini təsdiqləyib. Onun sözlərinə görə, hazırda Rusiyada məcburi əməklə məşğuldur. “Readovka” xəbər verir ki, yaxın vaxtlarda idmançı ölkədən deportasiya olunacaq.
Ötən ilin iyulunda “TASS” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər vermişdi ki, Rzayevin Rusiya vətəndaşlığını qanuni alıb-almaması araşdırılacaq. Həmin vaxt Rusiya Boks Federasiyası idmançını ömürlük diskvalifikasiya etmişdi. Səbəb isə Moskvada keçirilən “Hardcore FC” döyüş gecəsində qalib gəldiyi rusiyalı Sergey Prixodko ilə döyüşdən sonra digər döyüşçü Artur Kulinski ilə qalmaqallı mübahisə zamanı onun Kulinskini “rus donuzu” adlandırması olmuşdu.
Rzayevin vətəndaşlıqdan məhrum edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir.
Bu ilin iyununda Moskva vilayətindəki azərbaycanlıların diaspor təşkilatının rəhbəri Elşən İbrahimov da Rusiya vətəndaşlığından məhrum edilib.
“RBK”nın məlumatına görə, qərarın səbəbi oxşar olub: “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlər”.
Bundan əvvəl Yekaterinburqda yerli azərbaycanlı diasporasının rəhbəri Mütəvəlli Şıxlinskinin oğlu polisə qarşı zorakılıq ittihamı ilə iki ay müddətinə həbs edilib. İyunun sonunda keçirilən kütləvi reydlər nəticəsində həbs olunan daha səkkiz azərbaycanlının da həbs müddəti uzadılıb. Məhz həmin reydlərdən sonra Moskva ilə Bakı arasında münasibətlərdə böhran daha da dərinləşib.
Eyni zamanda, diaspor rəhbəri Şahin Şıxlinski barəsində də cinayət işi başlanıb.
Azərbaycanlı politoloq, Sülh və Demokratiya İnstitutunun münaqişə araşdırmaları departamentinin rəhbəri Arif Yunus “Current Times” telekanalına müsahibəsində bildirib ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik daha da artacaq.
“Azərbaycanda yaşayan rusiyalılar mənə müraciət edirlər. Mülki geyimli şəxslər onları küçədə saxlayır, hədələyirlər. Mən onlara deyirəm: siz Rusiyadakı azərbaycanlılar kimi qurban statusundasınız. Siz hədəfsiniz. Tezliklə ölkəni tərk etməlisiniz. Çünki istənilən an sizi casus, narkotacir və ya dələduz kimi ittiham edə bilərlər. Bu, sadəcə istintaqçının fantaziyasından asılıdır. Təəssüf ki, adi vətəndaşlara qarşı güc strukturlarının davranışında iki ölkə arasında ciddi fərq yoxdur”, – deyə Arif Yunus bildirib.
2023-cü ilin aprelində Vladimir Putin “milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərə” görə əldə olunmuş vətəndaşlığın ləğvini nəzərdə tutan qanun dəyişikliklərini imzalayıb. Bu dəyişikliklər hərbi əməliyyatlar barədə “feyk” xəbərlərə və Rusiya ordusunun “diskreditasiyası”na görə də vətəndaşlıqdan məhrum etməni mümkün edir.
2024-cü ilin avqustunda isə Putin hərbi qeydiyyata düşməkdən imtina edən şəxslərin də vətəndaşlıqdan məhrum ediləcəyini nəzərdə tutan yeni qanunu təsdiqləyib. Bu, əsasən miqrantlara şamil olunur.