Evlərindən zorla çıxarılan sakinlər: "Heç kim bizimlə bu barədə danışmayıb"

Evlərindən zorla çıxarılan sakinlər: "Heç kim bizimlə bu barədə danışmayıb"
28 İyul 2025
Mətni dəyiş

Nərimanov rayonunun Montin-Keşlə qəsəbəsində yaşayan sakinlərin etiraz aksiyası dağıdılıb. Sakinlər 120 evin sökülməsinə qarşı etiraz edirdilər.

"Meydan TV"nin məlumatına görə, sakinlər bildirirlər ki, evlərin sökülməsi ilə bağlı hökumətin heç bir hüquqi sənədi təqdim olunmayıb.

Adının açıqlanmasını istəməyən sakin "OC Media"ya bildirib ki, ərazidə145 ailə yaşayır, 120-dən çox ev var.

“Heç kim bizimlə bu barədə danışmayıb. Nə baş verəcəyini bilmirik. Məhəlləni tərk etməyə məcbur edilirik, artıq köçürülürük,” sakin deyib.

Sakinin iddiasına görə, cümə günü məsələ ilə əlaqədar 5 nəfər saxlanılıb. Onlar evlərindən zorla çıxarıldığı üçün polisə qarşı müqavimət göstəriblər.

Evlərin sökülməsi Bakı Şəhər Planı çərçivəsində həyata keçirilir. Bu plan çərçivəsində şəhərdə köhnə tikililər sökülərək yenidən qurulur.

"OC Media" yazır ki, hökumətyönlü media bu planın sakinlərə təsirini az göstərməyə çalışır.

Hökumətyönlü "Xəzər TV", Azərbaycan Dəmir Yollarının nümayəndəsinə istinadla bildirib ki, evlərin sökülməsinin əsas səbəbi dəmir yolu ətrafındakı maneələrin aradan qaldırılmasıdır. Bu maneələr qatarların sürətini azaldırmış.

Bu ərazidəki söküntü planları 2015-ci ildən gündəmdədir. Yerli mediada bildirilir ki, həmin ərazidə ümumilikdə 2,840 qeyri-qanuni tikili var, onlardan 2,304-ü yaşayış evidir. Nəqliyyat Nazirliyi həmin vaxt 883 binanın təcili sökülməli olduğunu qeyd etmişdi.

Bakıda buna bənzər hadisələr daha əvvəl də baş verib.

Mart ayında "Melissa Group" adlı tikinti şirkəti Yasamal rayonunda bir sakinin içində olduğu evi söküb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra ekskavatorun sürücüsü, iş icraçısı və şirkətin rəhbəri saxlanılıb.

Fevral ayında Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə 2010-cu ildə Bakının mərkəzində bir park tikintisi üçün qanunsuz söküntülərə görə təxminən 1,7 milyon avro (1,8 milyon dollar) cərimə kəsib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun