Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin sertifikatlaşdırılması ilə bağlı qaydaların dəyişməyəcəyini bildirib. Nazir qeyd edib ki, imtahan zamanı həyəcanlanan müəllimlərə ikinci şans verilməyəcək.
“Biz uşaq bağçası idarə etmirik, müəllimlərlə işləyirik və çalışırıq ki, nəticələr yaxşı olsun. İmtahan zamanı müəllimin hansı suala baxdığını, nə qədər vaxt sərf etdiyini və hansı cavabı seçdiyini izləyə bilirik. Çətin suallar ola bilər, amma proses şəffaf və izləniləndir”, – deyə nazir “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
Nazir əlavə edib ki, müəllimlərin sertifikasiya imtahanlarının nəticələri əvvəlki illərdə kolleclərdə təhsil almış müəllimlərin zəif göstəricilərə sahib olduğunu göstərib. Bu səbəbdən kolleclərdə müəllim hazırlığı dayandırılıb.
“Amma qeyd etməliyik ki, kollec məzunları arasında yüksək nəticə göstərən müəllimlər də var. Bu şəxslər illər ərzində öz üzərində çalışan və peşəkarlığını artıran müəllimlərdir”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, növbəti il bütün müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur.
Əmrullayev əlavə edib ki, ötən il 31 852 nəfər ibtidai sinif müəllimi sertifikasiyada iştirak edib, indiyə qədər isə 7 318 müəllim uğursuz nəticə göstərib.
“Biz anlayırıq ki, proses çətindir, amma 30 suala cavab verməyən müəllimin məktəbdə dərs aparması düzgün deyil. Verilən suallar xüsusi çətin deyil, məqsəd müəllimlərin standartlara cavab verməsidir”, – deyə nazir bildirib.
Nazir qeyd edib ki, bəzi bölgələrdə riyaziyyat üzrə nəticələri zəif olan müəllimlər dərs keçməyə davam edir:
“Elə məktəblər var ki, 5 müəllimdən yalnız biri növbəti tədris ilində riyaziyyat dərsini tədris edə biləcək”.
Nazirin sözlərinə görə, riyaziyyat fənnindən sertifikasiyada zəif nəticə göstərən müəllimlərin 44 faizi Beynəlxalq Universitetin məzunlarıdır.
Xarici dil müəllimləri ilə bağlı nəticələrə də toxunan nazir bildirib ki, yalnız 12 faiz xarici dil müəllimi sertifikasiyadan keçə bilib və nəticədə 1657 müəllimlə əmək müqaviləsi ləğv edilib.