İyulun 16-da İstanbulun vəzifəsindən uzaqlaşdırılan Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğluna hökm oxunub.
O, İstanbul Baş Prokuroru Akın Gürlekə ünvanladığı ifadələrə görə məhkəmə qarşısına çıxarılmışdı.
Məhkəmə İmamoğlunu "hədəf göstərmək" ittihamından bəraət verib. Lakin "dövlət qulluqçusuna təhqir" maddəsi üzrə 1 il 5 ay, "təhdid" ittihamı üzrə isə 2 ay 15 gün həbs cəzası verib. Beləliklə, İmamoğlu ümumilikdə 1 il 8 ay həbs cəzasına məhkum olunub, lakin bu qərar siyasi qadağa tətbiqini nəzərdə tutmur.
Məhkəmə prosesi Silivridəki Marmara Qapalı Cəza İcra Müəssisəsinin 1 nömrəli zalında keçirilib. İclası CHP lideri Özgür Özel və çox sayda partiya üzvü də izləyib.
Müdafiə çıxışında İmamoğlu bildirib ki, "Mühakiməmizi belə olması gərəkən məhkəmədə edə bilmirik". O, daha əvvəl məhkəmənin Silivriyə köçürülməsinə etiraz etmiş və əvvəlki iclasa qatılmamışdı.
İmamoğlu Akın Gürlekə yönəltdiyi ifadələrə görə "terrorla mübarizədə iştirak edən şəxsləri hədəf göstərmək", "dövlət qulluqçusuna təhqir" və "təhdid" ittihamları ilə mühakimə olunurdu.
Prokurorluq İmamoğlunun 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsini, dövlət qulluğundan uzaqlaşdırılmasını və seçki hüququndan məhrum edilməsini tələb edirdi.
İstanbulun keçmiş bələdiyyə sədri daha üç iş üzrə də ittiham olunur. Bu işlərdə o, Türkiyə Ali Seçki Qurumu üzvlərini təhqir etməkdə, məhkəmə hakimiyyətinə və tenderlərə qanunsuz müdaxilədə ittiham olunur.
Bundan əlavə, o, iki iş üzrə dindirilir. Bu işlərdə o, “terror təşkilatına yardım” və “cinayət təşkilatı yaradıb idarə etmək”də ittiham olunur.