Dünya Bankı Azərbaycanda məhkəmə islahatlarına 150 milyon dollar ayırıb, siyasi məhbusların sayı isə rekord səviyyəyə çatıb

Dünya Bankı Azərbaycanda məhkəmə islahatlarına 150 milyon dollar ayırıb, siyasi məhbusların sayı isə rekord səviyyəyə çatıb
23 İyul 2025
Mətni dəyiş

"Abzas Media"nın Dünya Bankının rəsmi hesabatına əsasən əldə etdiyi məlumata görə, son 10 ildə Dünya Bankı Azərbaycanda məhkəmə sisteminin modernləşdirilməsi, şəffaflıq və səmərəliliyin artırılması məqsədilə təxminən 150 milyon ABŞ dolları vəsait ayırıb.

Bu vəsaitlə elektron məhkəmə sisteminin tətbiqi, süni intellekt texnologiyalarının inteqrasiyası və vətəndaşların məhkəmələrə çıxışının asanlaşdırılması nəzərdə tutulub.

Lakin beynəlxalq insan hüquqları təşkilatlarının son hesabatlarında Azərbaycanda siyasi motivli həbslərin sayı kritik həddə çatdığı qeyd olunur. Müstəqil mənbələrə görə, hazırda ölkədə siyasi məhbusların sayı 350-dən artıqdır. Onların arasında jurnalistlər, hüquq müdafiəçiləri və siyasi müxalifət nümayəndələri üstünlük təşkil edir. Saxlanılan şəxslər əsasən əsassız ittihamlarla üzləşir, ciddi hüquq pozuntuları və qeyri-insani rəftara məruz qalırlar.

Ekspertlər Dünya Bankının ayırdığı bu vəsaitin Azərbaycan məhkəmə sisteminin əsl mənada müstəqil və şəffaf fəaliyyət göstərməsinə yetərli olmadığını bildirirlər. Onların fikrincə, məhkəmə sistemində texniki inkişaf olsa da, hakimiyyət tərəfindən siyasi sifarişlərin yerinə yetirilməsi davam edir.

"Abzas Media"ya danışan mütəxəssislər onu da bildirib ki, hazırkı vəziyyət böyük həcmdə maliyyə vəsaiti xərclənməsinə baxmayaraq, məhkəmə sisteminin siyasi asılılığı olduğunu və ölkədə insan hüquqları vəziyyətinin getdikcə daha da ağırlaşdığını göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun