“Abzas Media”nın həbsdə olan əməkdaşı Nərgiz Absalamovanın şeirini sizə təqdim edirik.
“Bunu da görmədim demərəm daha”
Nə olsun 5-cə il işləmişəm mən?
8 il iş kəsib bizə “möhtərəm”.
Sualıma cavab istərəm həmən,
Kameramla batdım hansı günaha?
Bunu da görmədim demərəm daha.
***
Nə prokuror dindi, nə də müstəntiq,
Hakim də demədi hardadır məntiq?
Araşdırma edib gözlərə gəldik,
Çəkiliş edərkən döndüm dustağa,
Bunu da görmədim demərəm daha.
***
Təcridxana gördüm, məhkəmə gördüm,
Otağa “kamera” deyənə döndüm,
Bir aclıq qalmışdı, ona da dözdüm.
Təcridxana bitdi, gedirəm zona
Bunu da görmədim demərəm daha.
***
Baxıram, ümidlə gözləyir hər kəs
Bir qəhrəman gəlib verəcək nəfəs.
Qəhrəman sizsiniz, susmayın əbəs,
Azadlıq sizdədir, çıxsaz meydana,
Bunu da görmədim demərəm daha.
***
150 il əvvəl başlamışıq biz,
Hələ də eynidir problemimiz.
Azad mətbuatdır gələcəyimiz,
Görəcəyik bir gün, ümid sabaha,
Bunu da görmədim demərəm daha!
Nərgiz Absalamova
Bakı İstintaq Təcridxanası
22 iyul – Mətbuat günü