Azərbaycanda hüquq-mühafizə orqanları Rusiya vətəndaşlarının yaşadıqları ünvanlarda yoxlamalar aparır.
“Current Times” yazır ki, bu barədə “Kovçeq” layihəsi və Rusiyanın Bakıdakı səfirliyi məlumat yayıb.
“Kovçeq”in bildirdiyinə görə, Azərbaycanda yaşayan rusiyalılar onlara müraciət edərək gecə saatlarında evlərinə və məkanlarına reydlər keçirildiyi barədə məlumat veriblər.
Rusiya səfirliyi də açıqlamasında diplomatik nümayəndəliyə Azərbaycanda müvəqqəti yaşayan və ya turist məqsədilə gələn rusiyalı vətəndaşlardan çoxsaylı müraciətlərin daxil olduğunu qeyd edib.
“Onlar yaşadıqları ünvana mülki geyimdə gələn şəxslərin (bəziləri özlərini polis əməkdaşı kimi təqdim edib) ölkədə qalma məqsədini öyrəndiyini və sənədləri yoxladığını bildiriblər. Bəzi vətəndaşların sözlərinə görə, onlara və ailə üzvlərinə qarşı fiziki zorakılıq tətbiq edilib”, – deyə Rusiya səfirliyinin məlumatında qeyd olunub.
Rəsmi Bakı məsələ ilə bağlı hələlik şərh verməyib.
Qeyd edək ki, Rusiyada da azərbaycanlıların sistemli şəkildə saxlanıldığı barədə məlumatlar yayılır.
Azərbaycanla Rusiya arasında gərginlik iyunun 27-də Yekaterinburqda 50-dən çox azərbaycanlının saxlanılması və iki nəfərin həyatını itirməsindən sonra başlayıb.
Rusiya polis əməliyyatı zamanı 2 şəxsin ürək çatışmazlığından öldüyünü iddia edir. Bakı isə onların saxlanılarkən fiziki zorakılıq nəticəsində çoxsaylı xəsarətlər aldıqları üçün vəfat etdiyini bildirir.
Hadisədən sonra Kremlin nəzarətində olan media iki azərbaycanlını Rusiya polisinin öldürməsinə görə etiraz etdiyi üçün Azərbaycan hökumətini “Əliyev rejimi” adlandıraraq ittiham edib.
Bundan əvvəl də 2024-cü ilin dekabrında “Azerbaijan Airlines” təyyarəsinin qəzaya uğraması ilə bağlı Bakı Rusiyaya qarşı iradlar bildirmişdi. Azərbaycan Kremlə rəsmi üzr və məsuliyyəti qəbul etməsi tələbi ilə dəfələrlə müraciət etmişdi. Bir neçə gün əvvəl isə yerli media rusiyalı kapitan Dmitri Paladiçukun izahatını yayımlayıb. O, “Embraer 190” təyyarəsini vurmaq əmri aldığını açıqlayıb.
Bu hadisələrdən sonra Azərbaycan “Rus Evi”ni bağlayaraq əməkdaşlarını casusluqda ittiham edib, rusiyalıların ölkədə qalma müddətini ildə 90 günlə məhdudlaşdırıb. Həmçinin “Sputnik Azərbaycan” agentliyində çalışan əməkdaşların sayı 40-dan bir nəfərə endirilib.
Yekaterinburqda azərbaycanlıların saxlanılmasından sonra isə Bakıda “Sputnik Azərbaycan”ın yeddi əməkdaşı dələduzluq, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması ittihamları ilə saxlanılıb. Agentliyin icraçı direktoru İqor Kartavıx və baş redaktoru Yevgeni Belousov iki aylıq həbs edilib.
Hökumətə yaxın mediada yayılan məlumatlarda saxlanılan rusiyalıların FSB agenti olduğu və Azərbaycanda gizli fəaliyyət göstərdikləri iddia edilsə də, bu, rəsmi şəkildə təsdiqlənməyib.