Milli Məclis süni torpaq sahələrində kazino fəaliyyətini leqallaşdıran qanun layihəsini növbədənkənar sessiyasının bugünkü iclasında, üçüncü oxunuşda qəbul edib.
Layihəyə əsasən, Azərbaycanda kazino yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində təşkil oluna bilər, Modern.az yazır.
Bildirilib ki, kazinoların fəaliyyəti vergilərin artırılmasına, turizmin inkişafına və yeni iş yerlərinin açılmasına xidmət edəcək. Deputatlar vurğulayıblar ki, hazırda Azərbaycan vətəndaşları kazino üçün xarici ölkələrə üz tutur və ya onlayn platformalara qoşulurlar, yeni qanun “kölgə qumar”ın qarşısını almağa imkan verəcək.
Layihəyə görə, kazinolar yalnız xüsusi lisenziya əsasında fəaliyyət göstərəcək, lisenziya üçün müraciətdən başlayaraq fəaliyyət dövründə dövlət nəzarəti həyata keçiriləcək. Kazino təşkilatçısı yalnız hüquqi şəxs ola bilər və maliyyə əməliyyatlarında şəffaflıq, AML/CFT tələblərinə əməl etməlidir.
Yeni qaydalar uduşların təminatını, dövlət rüsumunun məbləğini və oyunların keçirilməsinə dair qadağa və məhdudiyyətləri də əhatə edir. Oyunlarda yalnız 21 yaşdan yuxarı şəxslərin iştirakı nəzərdə tutulur, virtual kazinolar isə qadağan edilir.
Bildirilib ki, qanun layihəsi qeyri-leqal qumar fəaliyyətinə qarşı mübarizəni gücləndirməklə yanaşı, Azərbaycanı regionda tənzimlənən kazino turizmi məkanı kimi mövqeləndirməyi hədəfləyir.
Ötən ilin oktyabrında azərbaycanlı biznesmen, Azərbaycan xalq artisti, İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov Nardaran qəsəbəsindəki “SeaBreeze” kurort kompleksində kazino açmaq istəyini dilə gətirib.
O, rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində deyib ki, hazırda hökumət kazinoların açılması təşəbbüsünü nəzərdən keçirir.
Emin Ağalarov Azərbaycanda həm də ilk süni adanın sahibidir. Hazırda kazinoların legitimləşdirilməsilə bağlı qanunu müzakirə edən parlament bundan əvvəl Ağalarovun süni adalarını da legitimləşdirən qanun qəbul edib. Ancaq həmin qanun süni ada hazır olandan sonra qəbul edilib.