Azər Qasımlı ittihamları rədd edib, əslində özünün zərərçəkən olduğunu deyib

Azər Qasımlı ittihamları rədd edib, əslində özünün zərərçəkən olduğunu deyib Foto: Azlogos
16 İyul 2025
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmə baxışına start verilib.

İyulun 16-da hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxs Qurbanəli Yusifov iştirak etməyib.

Təqsirləndirilən Azər Qasımlının vəkili Rövşanə Rəhimli iki vəsatətlə çıxış edib. O, müvəkkilinin şüşə arxasından çıxarılaraq vəkillərin yanında əyləşməsi barədə vəsatət qaldırıb. Bu vəsatət təmin olunub. İkinci vəsatət isə müdafiə tərəfinin təqdim etdiyi sənədlərin sübutlar siyahısına əlavə olunması ilə bağlı olub, lakin bu vəsatət baxılmamış saxlanılıb.

Prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. İttihama əsasən, Azər Qasımlı qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir. Prokurorluğun iddiasına görə, o, kriptovalyuta platformasında Qurbanəli Yusifovun adına hesab açaraq ora pul yatırıb. Lakin birjada qiymətlərin düşməsi nəticəsində vəsaitini itirdikdən sonra Yusifovdan 45 min ABŞ dolları tələb edib. İttihama görə, pulu ödəməyəcəyi halda Yusifovu öldürəcəyi, övladını isə qaçıracağı ilə hədələyib və nəticədə ondan 6 800 manat alıb. Bundan əlavə, Yusifova 10 min dollar dəyərində borc qəbzi imzalatdırıb.

Azər Qasımlı elan olunmuş ittihamları rədd edib və əslində özü zərərçəkmiş olduğunu bildirib.

Məhkəmə zərərçəkən Qurbanəli Yusifovun prosesdə iştirakının təmin olunması üçün iclası iyulun 30-na qədər təxirə salıb.

Azər Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qasımlı həbsinin siyasi motivli olduğunu, irəli sürülən ittihamların isə qondarma xarakter daşıdığını bildirib. O, daha əvvəl 2018-ci ildə Bakıda kütləvi aksiyaya rəhbərlik etdiyinə görə 30 günlük inzibati həbs cəzası almışdı.

2023-cü ilin sonlarından etibarən Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə qarşı genişmiqyaslı repressiya dalğası başlayıb. Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkə həbsxanalarında 370-dən çox siyasi məhbus saxlanılır. Bu çərçivədə bir çox müstəqil jurnalist, hüquq müdafiəçisi və müxalif fəal müxtəlif cinayət işləri üzrə həbs edilib. Onlar həbslərinin siyasi sifariş olduğunu və irəli sürülən ittihamların saxta xarakter daşıdığını bəyan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun