Bu gün Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Anar Abdullanın şikayətinə baxılıb.
Hakim Əfqan Ələkbərov Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq şikayəti təmin etməyib.
Bu barədə “Abzas Media”ya onun yaxınları məlumat verib.
Anar Abdulla iyulun 11-də inzibati qaydada 30 sutka həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələrilə təqsirli bilinib.
Anar Abdulla məhkəmədə bildirib ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.
Anar Abdulla Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli ilə birlikdə cinayət işinə də cəlb olunub. O, qaçaqmalçılıq da daxil olmaqla 8 maliyyə cinayətində ittiham olunur. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
2023-cü ilin noyabrından etibarən Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı son on ildə həyata keçirilən ikinci kütləvi həbs dalğası başlayıb, müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və müxalif fəallar ard-arda müxtəlif cinayət işləri üzrə istintaqa cəlb olunublar.
Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildirirlər.
Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi iradəsinə görə insanların təqib edilmədiyini bildirir və siyasi məhbusların olmasını qəbul etmir.