Aİ və Ermənistan tərəfdaşlığı dərinləşdirir: Ayrılan investisiyaların həcmi 2,5 milyard avroyadək çatdırılacaq

Aİ və Ermənistan tərəfdaşlığı dərinləşdirir: Ayrılan investisiyaların həcmi 2,5 milyard avroyadək çatdırılacaq Foto: Euronews
15 İyul 2025
Mətni dəyiş

Avropa İttifaqı (Aİ) Ermənistanla əməkdaşlığı genişləndirərək ölkəyə ayrılan investisiyanın həcmini 2,5 milyard avroya çatdıracaq.  

Bu barədə iyulun 14-də Aİ Şurasının Prezidenti Antoniu Koşta, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra məlumat verilib.

Brüsseldə baş tutan görüşdə Aİ ilə Ermənistan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Aİ rəhbərləri Ermənistanın suverenliyi, ərazi bütövlüyü və demokratik islahatlarını dəstəklədiklərini bəyan ediblər. Paşinyanın rəhbərliyi ilə aparılan islahatların yüksək qiymətləndirildiyi vurğulanıb.

Görüş zamanı Aİ və Ermənistan arasında Yeni Tərəfdaşlıq Gündəminin mətninə dair əldə olunmuş siyasi razılaşma xüsusi qeyd olunub. Viza liberallaşdırılması sahəsində irəliləyiş və Ermənistan parlamentində qəbul edilmiş “Avropa İnteqrasiyası prosesinin başlanması haqqında” qanun da tərəflərin məmnuniyyəti ilə qarşılanıb.

Bundan başqa, Aİ Ermənistanın dayanıqlılıq və uzunmüddətli inkişafını dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib.

Bildirilib ki, “Qlobal Qapı” (“Global Gateway”) strategiyası çərçivəsində Aİ-nin Ermənistana ayırdığı investisiyalar 2,5 milyard avroya çatacaq.

2024-cü ilin aprelində elan olunan və 270 milyon avro həcmində olan Dayanıqlılıq və İnkişaf Planı Aİ-nin Ermənistana maliyyə yardımını 50 faiz artırıb. Bu vəsaitin 200 milyon avrosu qrant, 70 milyon avrosu isə investisiyaları stimullaşdırmaq üçün nəzərdə tutulub. Plan iqtisadi islahatların davam etdirilməsi, enerji, nəqliyyat və özəl sektor sahələrinə investisiya qoyuluşunu dəstəkləyir.

Aİ Ermənistanın regional əlaqələrin və sülhün təşviqi məqsədilə irəli sürdüyü “Sülh Yolları” təşəbbüsünü də dəstəklədiyini bəyan edib. Rəhbərlər Ermənistanın Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində atdığı addımları, xüsusilə Azərbaycanla sülh danışıqlarında iştirakını və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərini də yüksək qiymətləndiriblər.

Aİ Ermənistanın “Qara Dəniz Strategiyası” çərçivəsində Avropanın regional və iqtisadi təşəbbüslərinə daxil olmasının vacibliyini də vurğulayıb.

Bundan əlavə, Aİ Ermənistanın sanksiyaların pozulmasının qarşısını almaq istiqamətində atdığı addımları müsbət qiymətləndirib. Liderlər bu sahədə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirələrin əsas mövzularından olub. Aİ və Ermənistan arasında təhlükəsizlik və müdafiə üzrə yeni məsləhətləşmələrin başlanması alqışlanıb. Tərəflər kiberhücumlar, dezinformasiya və xarici müdaxilələrə qarşı birgə mübarizəni gücləndirməyə qərar veriblər. 

Ermənistanın informasiya mühitini dəstəkləmək məqsədilə Aİ 1,5 milyon avro məbləğində yeni maliyyə paketi təqdim edəcək. Bu vəsait müstəqil medianın gücləndirilməsinə yönələcək.

Brüsseldə keçirilən görüşdə həmçinin Aİ liderləri Ermənistanın Avropa Siyasi Birliyi Sammitinə və Bioloji Müxtəliflik Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etməsini alqışlayıblar.

Görüşün sonunda liderlər qeyd ediblər ki, toplantı Aİ-Ermənistan münasibətlərində mühüm mərhələdir və əməkdaşlığın növbəti addımlarının bu payız keçiriləcək Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasında müzakirə olunacağı vurğulanıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun