“Abzas Media”nın həbsdə olan qadın jurnalistləri Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiklərinə görə təzyiqə məruz qaldıqlarını bildirirlər. Bu barədə məlumatı onların yaxınları “Abzas Media”ya verib.
Yaxınlarının sözlərinə görə, artıq 3 gündür aclıq edən və ayrı kameralarda saxlanılan jurnalistlər qeyd ediblər ki, təcridxanada isti və soyuq suyun verilməsinə süni problemlər yaradılıb.
Belə ki, adi halda müəyyən olunmuş vaxtlarda verilən isti və soyuq su bu dəfə qarışıq şəkildə verilib - isti su zamanı soyuq, soyuq su zamanı isə isti su buraxılıb. Bu vəziyyət digər qadın məhbuslar arasında da narazılığa səbəb olub.
Qadın məhbuslar buna etiraz etdikdə təcridxana əməkdaşları bildiriblər ki, bu dəyişiklik “Sevincgil aclıq edir deyə” tətbiq olunub, jurnalistlərin yaxınları deyib.
Jurnalistlərin sözlərinə görə, bu dəyişiklik onların aclıq aksiyasına cavab olaraq təcridxana rəhbərliyi tərəfindən tətbiq olunub. Bu vəziyyət onların digər məhbuslarla münasibətlərinə də mənfi təsir göstərib.
Jurnalistlər hesab edirlər ki, bu, onlara qarşı psixoloji təzyiq formasıdır. Onlar aksiyanı dayandırmaq niyyətində olmadıqlarını bildiriblər.
“Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqız, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən müddətsiz aclıq aksiyasına başlayıblar.
Onlar İyulun 20-də müddətsiz aclığa başlayan “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər.
Aclıq elan edildikdən sonra Vaqifqızı, Absalamova və Qasımova öz otaqlarından çıxarılaraq ayrı otaqlarda yerləşdiriliblər və Nərgiz Absalamova bu zaman zorakılığa məruz qalıb.
Ülvi Həsənli artıq 5 gündür aclıq edir. Ailəsi bildirib ki, o, iyulun 21-də cərimə kamerasına salınıb.
Həsənli bununla bağlı ictimaiyyətə ünvanladığı müraciətində bildirib ki, aclığa yenidən başlamasına səbəb vəd edildiyi kimi Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Abzas Media işi" üzrə həbs olunanlar barəsində 7,5-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxmış kişilər saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər.
Yeni həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyub həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər. Cərimə kamerasına salınan Həsənli etiraz olaraq 9 gün aclıq edib.
Aclıq aksiyasına "Abzas Media"nın həbsdəki qadın əməkdaşları- Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və "Meydan TV işi" üzrə həbs edilən dörd jurnalist- Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova da qoşulmuşdu.