500 milyon avroluq investisiya: "Paşa Holdinq" Bodrumda pay sahibi oldu

500 milyon avroluq investisiya: "Paşa Holdinq" Bodrumda pay sahibi oldu
28 İyul 2025
Mətni dəyiş

Azərbaycan Prezidentinin ailə üzvlərinin Türkiyənin Bodrum bölgəsində yerləşən beşulduzlu “Mandarin Oriental Bodrum” kurort kompleksinin 50%-ni əldə etdiyi bildirilir. Bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, bu satınalma, "Paşa Holdinq" vasitəsilə həyata keçirilib və təxminən 500 milyon avro (585,82 milyon dollar) dəyərində investisiyadır.

Sozcu.com yazır ki, rəsmi məlumatlara görə  “Paşa Holdinq”in əsas səhmdarları Azərbaycan Prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevadır.

“Bu da investisiyanın birbaşa ölkənin hakim ailəsinə bağlı olduğunu göstərir”, məlumatda deyilir.

Sayt “ASTAŞ” İdarə Heyətinin sədri Vedat Aşçı ilə “Paşa Holdinq”in baş icraçı direktoru Cəlal Qasımovun keçən il ortaqlıq müqaviləsini imzaladığını da qeyd edir.

Mandarin Oriental Bodrum oteli Türkiyənin cənub-qərbində, Bodrumun sahil bölgəsində yerləşir və 2014-cü ilin iyul ayında “ASTAŞ Holdinq” tərəfindən 650 milyon avro investisiya ilə açılıb.

Hələ 2023-cü ilin fevralında “Paşa Holdinq”in Bodrumdakı Mandarin Oriental otelinin 50 faizini satın aldığı barədə məlumatlar yayılmışdı.

Kurortda yerləşən eksklüziv villaların hər birinin dəyəri 8 milyon avrodan 15 milyon avroyadək dəyişir. Hər villa şəxsi hovuz və premium şəraitlə təchiz olunub.

Tərəfdaşlıqdan sonra “ASTAŞ Holdinq”in rəhbəri Vedat Aşçı bildirib ki, “Paşa Holdinq” ilə əməkdaşlıq Bodrum və ümumilikdə Türkiyə üçün uzunmüddətli dəyər yaradacaq.

O, layihənin Bodrumun qlobal lüks turizm bazarındakı yerini möhkəmləndirdiyini vurğulayıb və birgə əməkdaşlığın Türkiyə turizm sektoruna töhfə verəcəyinə inandığını qeyd edib.

“Paşa Holdinq” Azərbaycanın ən iri biznes qruplarından biridir. Şirkət bankçılıq, daşınmaz əmlak və turizm sahələrində güclü mövqeyə malikdir.

Qrup həmçinin Bakıdakı məşhur “Absheron Hotel”in sahibidir və ölkənin bank sektorunun təxminən 33%-nə nəzarət edir.

“Paşa Bank” vasitəsilə Gürcüstana genişlənən qrup, 2013-cü ildə Türkiyə bazarına da daxil olub.

2021-ci ilin dekabr ayına olan məlumata görə, Paşa Holdinqin ümumi aktivləri 15,5 milyard manat (təxminən 9,5 milyard dollar) təşkil edib.

"Paşa Holdinq"in məsələ ilə bağlı mövqeyi hələlik məlum deyil. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun