Ölkə xaricində yaşayan blogerlər barəsində həbs qətimkan qərarı çıxarıldığı bildirilib.
Məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsinin barələrində qiyabi icraat başlanaraq istintaqa çağırdığı blogerlər Tural Sadıqlı, Orduxan Temirxan (Bəbirov), Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Elşad Məmmədov, Qurban Məmmədov, İmaməddin Əlimanov, Süleyman Süleymanlı və Orxan Ağayev barəsində həbs qətimkan tədbirlərinin seçilməsinə dair təqdimatlara baxılıb.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Məsələ ilə bağlı “Abzas Media”nın suallarını cavablandıran bloger Tural Sadıqlı bildirib ki, ona həbs qərarı ilə bağlı rəsmi bildiriş gəlməyib.
Almaniyada yaşayan Tural Sadıqlı Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 220.2 (kütləvi iğtişaşlara çağırış) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.
Bloger bildirib ki, ona qarşı irəli sürülən ittihamlar quramadır.
“İllərdir Azərbaycan höküməti müxtəlif formalarda məni zərərsizləşdirməyə çalışıb. İctimai nüfuzumu zədələməyə çalışan iftira kampaniyaları aparmaqla, Avropaya məni fiziki zərərsizləşdirmək üçün adamlar göndərməklə, Bakıda yaşayan ailəmə və yaxınlarıma təzyiqlər etməklə. Bütün bunlar səmərə vermədikdə, hökümət düşünür ki, axtarışa verməklə nəyəsə nail olacaq”, – Tural Sadıqlı deyib.
Digər bloger Orduxan Temirxan Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaşlara çağırış) və 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar) maddələri ilə ittiham olunur.
Fransada yaşayan keçmiş rektor Elşad Abdullayevə qarşı isə Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), 213.1 (vergidən yayınma), 130.1 (insan orqanının transplantasiya məqsədilə qanunsuz götürülməsi) ittihamları irəli sürülüb.
Barələrində həbs qərarı çıxarılan digər blogerlərin hansı maddələrlə ittiham edildiyi hələ məlum deyil.
“Azadlıq” qəzetinin baş redaktoru, Fransada yaşayan Qənimət Zahid barəsində də qiyabi həbs qərarı çıxarıldığı bildirilib. Bu barədə jurnalist özü sosial şəbəkədə məlumat yazıb.
“Səbirlizliklə gözləyirəm, görüm, biz hansı dəhşətli cinayətləri törətmişik ki, baş prokuror Kamran Əliyev dövlətçiliyin alovlu təəssübkeşi olaraq belə bir radikal qərara qol qoymağa məcbur olub”.
Bu ilin martında Azərbaycanın Baş Prokurorluğu bu ölkədən xaricə mühacirət etmiş bır sıra şəxsləri bir sıra cinayətlərdə şübhəli bilərək istintaqa çağırıb.