İyunun 20-də keçirilən məhkəmə prosesində “Abzas Media”nın həbsdə olan “Abzas Media”nın direktoru Ülvi Həsənli son söz ilə çıxış edib.
Daha sonra ona 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Ülvi Həsənlinin son sözününün tam mətni:
Azərbaycanda doğru-düzgün ədalət sistemi olsaydı, müttəhimlər kürsüsündə biz yox, korrupsionerlər, işgəncə kralları oturmalı idi. Ən pis halda, burada hüquqi məsələlərdən danışıb bəraət alardıq. Ölkədə hüquq öldüyünə, bizim iş də sifarişli, qurama olduğuna görə, daha çox siyasi məzmunda danışırıq.
Vəkillərimiz işin hüquqi tərəfindən ən xırda detallarına qədər danışıb istintaqı ifşa ediblər. Ona görə işin bu hissəsindən çox danışamayacağam, amma tarix üçün bir neçə nüansa qısa-qısa toxunmaq istəyirəm.
Bizə qarşı irəli sürülən birinci maddə qaçaqmalçılıqdır. Guya biz gömrük nəzarətindən kənar və ya gömrük məntəqəsində bəyan edilmədən valyuta qaçaqmalçılığı etmişik. Gömrük nəzarətindən kənar o deməkdir ki, dövlət sərhədini pozub qaçaq yolla keçməklə bu əməli törədirsən. Özü də hansısa birimiz yox, 7 nəfərin hamısı. Əlbəttə, belə bir hal baş verməyib, belə bir fakt, sübut da yoxdur. Yəni, Daxili İşlər Nazirliyi, Bakı Şəhəri Baş Polis İdarəsi burada təkcə bizə yox, Dövlət Sərhəd Xidmətinə şər atır ki, siz 7 nəfərin sərhəd pozuntusunu tuta bilməmisiniz, biz tutmuşuq. Bəyan edilmədən qaçaqmalçılıq da o deməkdir ki, şəxs üstündə 10 min dollar və ya həmin ekvivalentdə malı gömrüyə bəyan etmədən keçirir. Cinayət işində sübut kimi yazılıb ki, bizim hər birimiz ölkəyə giriş-çıxış etmişik. Bu rəqəm toplam 184 dəfə edir. Bunun bir hissəsi “Abzas Media” olmayan dövrə aiddir. Həmin vaxtlarda ölkəyə giriş-çıxışımızı da sübut kimi cinayət işini tikiblər. Bu da bir başqa biabırçılıqdır, amma bunu keçirəm. Əgər biz bəyan etmədən üstümüzdə qeyri-qanuni mal, valyuta keçirmişiksə, bu 184 dəfədə Gömrük Xidməti hara baxırdı? Əgər belə hal olsaydı, 184 dəfənin heç olmasa birində qanun pozuntusu ifşa olunardı. Amma belə bir hal da olmayıb. DİN bu hissədə də bizimlə birgə Dövlət Gömrük Xidmətinə şər atır. Yəni, qaçaqmalçılıq ittihamı ilə bağlı işin içində heç bir fakt, sübut yoxdur.
İkinci maddə çirkli pulların yuyulmasıdır. Guya biz kriminal mənşəli pulları əldə etmişik və leqallaşdırmışıq. İstintaqın iddia etdiyi mənbələr beynəlxalq nüfuzlu təşkilatlardır. Hansı ki, həmin təşkilatlar Azərbaycanda uzun illər işləyiblər. Həm hökumət, həm də onun qonqoları onlardan on milyonlarla qrant, yardım alıblar. Kriminal pul odur ki, sən onu narkotik, insan alveri, silah, qumar və sairə tipli cinayət fəaliyyətlərindən əldə edirsən. Beynəlxalq təşkilatlar çirkli pulların mənbəyidirsə, kriminal fəaliyyətlər həyata keçirirlərsə, niyə onda Əliyevlərin 32 illik hakimiyyəti dövründə BMT, AŞ, AB, USAID, Dünya Bankı, müxtəlif Qərb dövlətlərindən yüz milyonlarla, milyardlarla dollar yardım, qrantlar alıblar? Az qala hər gün şikayətlənirlər ki, 907-ci düzəliş ləğv olunsun, çünki ABŞ-nin Azərbaycana müəyyən yardımlarını qadağan edir. Gileylənirlər ki, Avropa, Amerika Ermənistana yardım edir, bizə etmir? Bəs qrant, yardım kriminal, çirkli pul idi? Öz işlərinə gələndə qrant yaxşı şey olur, sərf etməyəndə kriminal.
Üçüncü maddə qanunsuz sahibkarlıqdır. Guya biz qanunsuz sahibkarlıqla məşğul olmuşuq. Birincisi, media qeyri-kommersiya sahəsidir. İkincisi, sahibkarlıq odur ki, sən nəsə alıb-satırsan, ticarət aparırsan, mənfəət üçün çalışırsan. Biz ticarətlə, sahibkarlıqla məşğul olmamışıq. Ona görə bu da əsassız ittihamdır.
Digər maddə vergidən yayınmadır. İstintaq bunu həm sahibkarlıqla, həm də çirkli pullarla əlaqələndirir. Ağıllarını necə itirdiklərinin bariz nümunəsi. Həm deyirlər, çirkli pulları yumusunuz, həm də deyirlər çirkli puldan niyə vergi ödəməmisiniz? Başqa bir nüans, dediyim kimi biz sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışıq. Sahibkarlıq, ticarət olmayıbsa, gəlir yoxdursa, hansı yayınmadan danışmaq olar? İstintaqın sifarişi ilə vergi ekspertizası bizə 64 min manat borc yazıb, 40 min manatdan çox isə ƏDV hesablayıblar. Biz nə vaxtdan ƏDV ödəyicisi olduq? Məbləği də göydən tutublar. Guya hansısa sənədlər, sübutlar əsasında hesablayıblar. Amma ekspertizaya göndərilən elektron fayllar nə sənəddir, nə də sübut. Əllərində heç bir rəsmi sənəd, kağız yoxdur. Elektron faylların hamısının adında “proposal” yazılıb. Azərbaycanca tərcüməsi “təklif” deməkdir. Yəni, rəsmi sənəd deyil, nə möhür var, nə imza. Heç bir normal ölkənin istintaqı, məhkəməsi bu tipli faylları sənəd, sübut kimi qəbul etməz.
Sonuncu ittiham isə saxta sənəd cəfəngiyyatıdır. Sənəd saxtakarlığı odur ki, sən saxta möhürdən istifadə edirsən, rəsmi şəxsin imzasını saxtalaşdırırsan. Bizim işdə nə rəsmi sənəd, nə möhür var, nə də saxtalaşdırma. İstintaqın quraşdırdığı sübutlar ifşa olundu.
Avropa İnsan Haqları Məhkəməsi indiyə qədər azərbaycanlı jurnalistlərin, fəalların işləri ilə bağlı yüzlərlə qərar çıxarıb ki, yerli məhkəmələr qanunsuz, siyasi hökmlər veriblər. Bu iş də onlardan biri olacaq.
2021-ci ildə məlum oldu ki, Sevincin, mənim telefonumda “Pegasus” casus proqramı var. Hökumət ölkədə minə yaxın adamı bu formada, qanunsuz şəkildə izləyib. Bu da hökumətin törətdiyi növbəti cinayətlərdən biri idi. İndi cinayətkarlar bizi cinayətdə ittiham edirlər. Bizim işin mahiyyəti elə budur. Bizim və digər araşdırmaçı jurnalist həmkarlarımızın yüksək vəzifəli məmurları ifşa etdikləri cinayət əməllərini hökumət bu gün bizim üstümüzə atmaq istəyir. Məsələn, ölkədən çıxarılan milyardlar, ofşorlarda çirkli pulların yuyulması, vergi cənnətlərində vergidən yayınmalar, yüksək rütbəli məmurların qanunsuz sahibkarlıqla məşğul olması, tender fırıldaqçılığı, büdcə vəsaitlərinin mənimsənilməsi, seçki saxtakarlığı və sairə.
İndi gələk işin siyasi tərəfinə. Hökumət medialarının qarayaxma kampaniyaları, İlham Əliyevin jurnalistlərin, Vətəndaş Cəmiyyəti nümayəndələrinin həbsi ilə bağlı çıxışları təsdiq edir ki, bizim həbsimiz siyasi sifarişdir, repressiyadır. Hətta hakimiyyətin açıq etiraf maşını, saxta deputat Zahid Oruc bizim həbsimizdən sonra isterik bir açıqlama vermişdi ki, “Abzas Media”nın bu qədər jurnalisti həbs olunub, amma sayt fəaliyyətini davam etdirir. Həbsimizdən sonra rəsmi qurum məhkəməyə müraciət edib “Abzas Media”nın saytının bloklanmasını istəyib. Təbii ki, məhkəmə bu müraciəti təmin edib. Bütün bunlar sübut edir ki, söhbət 7 maddədən yox, yaydığımız araşdırmaların rəsmilərə toxunmasından gedir. Bu adamlar orta əsr təfəkküründədirlər. Dərk etmirlər ki, internet, texnologiya, süni intellekt dövrüdür. Bu dövrdə informasiyanın qarşısını almaq mümkün deyil. Bizi həbs etdilər, ancaq dünyanın müxtəlif ölkələrindən 40-dan çox araşdırmaçı jurnalist “Abzas Media”ya qoşulduqlarını və bizim korrupsiya araşdırmalarımızı davam etdirəcəklərini bəyan etdilər. İndi “Abzas Media”nın başlatdığı araşdırmalar nəinki davam edir, həm də daha nüfuzlu, daha böyük auditoriyaya sahib media qurumlarında yayımlanır. Bizim qarşımızı almaq istəyirdilər, amma əks effekt verdi. 19 aydır həbsdəyik. Əslində əsirlikdə. Çünki qanunsuz saxlanılırıq. Bu müddətdə komandamız 4 beynəlxalq mükafat alıb. İndi hökumət nümayəndələri bizi jurnalist kimi tanısa nə olacaq, tanımasa nə? Bütün yerli və beynəlxalq ictimaiyyət bizi siyasi məhbus hesab edir və azadlıq tələb edir.
Bizi həbsə salıb susdurmağa çalışırdılar, amma biz danışmağa, yazmağa davam edirik. Yaxşı olar ki, hökumət yanaşmasını, təfəkkürünü dəyişsin, repressiyaları dayandırsın. Yenə deyirəm, dövr o dövr deyil, heç olmasa digər diktaturaların aqibətlərini xatırlasınlar.
Həbsxana bizim üçün nə cəza, nə ümidsizlik, nə də zülm ola bilər. Çünki mübarizə davam edir, həqiqət, mənəvi üstünlük də biz tərəfdədir. Bizi cəzalandırmaq istəyənlər əmin olsun ki, biz həbsxanadan daha mütaliəli, daha güclü, daha təcrübəli çıxacağıq. Onlar başa düşməlidirlər ki, həbs jurnalistlər, siyasi məhbuslar üçün cəza yeri olmamalıdır.
Biz azad söz, müstəqil mətbuat uğrunda azadlığımızdan məhrum olmuşuq. Həbs olunduğuma görə heyfslənmirəm. Bu da bir təcrübədir. İlham Əliyev bizim fiziki azadlığımızı əlimizdən ala bilər, amma düşüncə, ifadə, söz azadlığımızı əlimizdən ala bilməz. Biz hansısa məsələdən yazanda özümüzü bir çox cəhətdən xoşbəxt hiss edirik. Həm mənəvi rahatlıq tapırıq, həm də hansısa problemin həllində az da olsa rolumuz olduğuna görə bir daha peşəmizə minnətdarlıq duyuruq.
Hökumət nümayəndləri mənə deyir ki, 2 yaşlı övladın var, onunla vaxt keçirməlisən, amma gəlib həbsdə oturmusan. Təklif edirlər ki, hökumətlə razılaş, fəaliyyətini dayandır, azadlığa çıx. Mən də onlara deyirəm ki, biz həm də övladlarımız üçün mübarizə aparırıq. Bu ölkə təkcə oliqarxların 5-10 uşağının yox, həm də digər milyonlarla uşağındır. Azərbaycandakı bütün uşaqların firavan, ədalətli, ləyaqətli yaşamaq haqqı var.
20 il əvvəl ictimai fəaliyyətə başlamışam. Fəaliyyətimin əsas hissəsi insan hüquqları, anti-korrupsiya, jurnalistika ilə bağlı olub. Bu müddətdə universitetdən qovulmuşam, inzibati həbslərə salınmışam, polis zorakılıqlarına, hədələrə, təzyiqlərə məruz qalmışam, ailə üzvlərim işdən çıxarılıb, məhrumiyyətlərlə üzləşiblər. İndi şərə qulluq edənlər gəlib bizə təzyiq edirlər ki, fəaliyyətinizi dayandırın. Onlar pis əməllərindən əl çəkmək istəmirlərsə, biz niyə həqiqəti deməkdən əl çəkməliyik?
Sevincin yaxşı bir sözü var. Deyir, mən insanları sözlərinə görə yox, əməllərinə görə qiymətləndirirəm. Yəni, kimsə çox qəşəng, gəlişi gözəl, bəlağətli sözlər danışa bilər, amma əməli onun əksini göstərirsə, deməli, həmin insan düzgün adam deyil. İndi diktatura Azərbaycan mətbuatının 150 illiyini təntənəli şəkildə qeyd edir, konfranslar təşkil edir, mükafatlar verir, Zərdabidən, milli, müstəqil mətbuatdan ağız dolusu danışırlar. Amma əməlləri bunun əksini deyir. Müstəqil jurnalistlərin əhəmiyyətli hissəsi zindanlardadır və bu il diktarura bizə 10-12 illik ağır cəzalar verəcək. Yəni, diktaturanın mahiyyətinə uyğun “mükafatlandırma”.
Əmin olun ki, Əli bəy Hüseynzadə, Axundov, Mirzə Cəlil və bu kimi görkəmli qələm adamları indi yaşasaydılar, bu hökumət, bu təfəkkür onları da linç edər, şərləyər, ağır hökmlər oxuyardılar. Odur ki, İlham Əliyev hakimiyyətinin milli, müstəqil mətbuatdan danışmağa heç bir haqqı yoxdur. Onlar yalnız müti mətbuatdan danışa bilərlər, çünki onların mətbuat adına gördükləri yeganə iş müstəqil jurnalistləri həbs etmək, susdurmaq, hətta qətlə yetirmək olub.
Mütəşəkkil araşdırmaçı jurnalist dəstənin üzvlərinə də müraciət etmək istəyirəm. Biz heç vaxt bu barədə danışmamışıq. Həbsdə qarşılaşanda həmişə deyib-gülmüşük, bir-birimizə dəstək olmuşuq, pozitiv enerji ötürmüşük. Amma mən bunu deməliyəm, Azərbaycanda mətbuatın belə zəlil günə qoyulduğu, jurnalistikanın dəmir yumruq, dəmir daban altından əzildiyi bir zamanda təhlükələrə, hədələrə baxmayaraq bu fəaliyyətlə məşğul olduğunuza görə siz böyük insanlarsınız. Buna görə sizinlə qürur duyuram və sizə çox sağ ol deyirəm ki, bu yolda birgə addımladıq, dost, yoldaş olduq. Mənə bu şərəfi verdiyiniz üçün sizə minnətdaram!
Valideynlərimizə, ailə üzvlərimizə də bir neçə sözüm var. Bilirəm ki, prokurorun bizə ağır cəza istədiyinə, hakimlərin ağır hökmlər oxuyacağına görə özünüzü çox pis hiss edirsiniz, çox məyussunuz. Bəlkə də vaxtilə bizi jurnalistikadan, peşəmizdən çəkindirmədiyinizə görə peşmansınız. Amma qəti şəkildə nə məyus olun, nə də peşman. Uşaqlıqda bizə öyrətmisiniz ki, yalan danışmaq, oğurluq etmək, başqasına şər-böhtan atmaq olmaz. Düz danışmaq, dürüst olmaq lazımdır. Əminəm ki, burada ittiham olunan hər kəsin valideynləri onu belə böyüdüb, tərbiyə edib. Biz sizin övladlarınız, ailə üzvlərinizik. Biz sizin tərbiyə etdiyiniz kimi formalaşmışıq. Ona görə də bizə hökm oxunanda pis olmayın, başınızı dik tutun. Fəxr edin ki, sizin saxtakar, yalan danışan, kiminsə haqqını oğurlayan, xalqın sərvətini talayan, başqasını şərləyən, günahsız insanlara hökm oxuyan, rüşvətxor, korrupsioner övladınız, ailə üzvünüz yoxdur. Məncə, bundan gözəl hiss, mənəvi rahatlıq yoxdur. Hər şey yaxşı olacaq, bunlar da keçib gedəcək. Ona görə biz necə gülürüksə, siz də elə gülümsəyin.