Ülvi Həsənli aclıq etdiyinə görə Umbakı həbsxanasında işgəncəyə məruz qalıb, “karsa” salınıb

Ülvi Həsənli aclıq etdiyinə görə Umbakı həbsxanasında işgəncəyə məruz qalıb, “karsa” salınıb Foto: sosial media
30 İyun 2025
Mətni dəyiş

"Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli saxlanıldığı Umbakı həbsxanasında işgəncəyə məruz qalıb. 

Bu barədə o, iyunun 30-da yaxınları ilə telefon danışığında məlumat verib. Həsənli bildirib ki, 5 gündür aclıq aksiyası edir. 

"Ülvinin səsi çox pis gəlirdi. Dedi ki, 5 gündür aclıq edir. Ona heç bir şəxsi əşyası verilməyib, orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa başladığına görə təzyiq və təhdidlərə məruz qalıb, ona işgəncə edilib", - deyə Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib. 

Jurnalistin xanımı əlavə edib ki, Ülviyə rəsmi nikahları olmadığına görə, balaca körpələrinin olmasına baxmayaraq, ailəsilə görüşə icazə verilməyəcəyi bildirilib.

Ülvi Həsənli telefon danışığında deyib ki, onunla bağlı qanunsuz qərarları imzalayan Əməliyyat-Rejim işləri üzrə rəis Fikrət Qafarov olub.

Azərbaycan prezidenti İlham Əliyev və yaxın ətrafı ilə bağlı silsilə korrupsiya araşdırmaları aparan "Abzas Media"nın əməkdaşları 2023-cü ilin noyabrında başlayan cinayət işi üzrə saxlanılıblar. 2024-cü ilin mayında "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də bu iş çərçivəsində həbs edilib.

Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər. İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun