Ukrayna ilə Rusiya arasında əsirlərin ikinci mərhələdə mübadiləsi həyata keçirilib. Bu barədə həm Rusiya Müdafiə Nazirliyi, həm də Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Zelenskinin sözlərinə görə, iyunun 10-da Rusiya əsirliyindən yaralı hərbçilər geri qaytarılıb. Onlar arasında Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin əməkdaşları var.
"Onların hamısının dərhal tibbi yardıma ehtiyacı var. Bu, mühüm humanitar addımdır. Mübadilələr davam etməlidir. Əsirlikdə olan hər bir şəxsi tapmaq və geri qaytarmaq üçün əlimizdən gələni edirik", - deyə Zelenski bildirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatında isə qeyd olunub ki, rus hərbi qulluqçularının ikinci qrupu geri qaytarılıb. Hazırda həmin rus hərbçiləri Belarus ərazisindədir və oradan Rusiyaya göndəriləcəklər. Lakin tərəflər mübadilə olunan əsirlərin sayını açıqlamayıblar.
İyunun 9-da tərəflər 25 yaşadək hərbçilərin mübadiləsini də həyata keçirib. Zelenski bu prosesin bir neçə mərhələdə davam edəcəyini bildirib.
“Proses kifayət qədər mürəkkəbdir, bir çox həssas detalları var. Danışıqlar demək olar ki, hər gün davam edir”, - deyə o əlavə edib.
Bundan əlavə, iyunun 11-də Ukraynaya daha 1212 nəfər həlak olmuş hərbçinin cəsədi qaytarılıb.
Qaytarılan cəsədlər arasında Kursk, Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson istiqamətlərində həlak olanlar da var. Məlumata görə, onların şəxsiyyətlərini qısa müddətdə müəyyənləşdirəcək.
İyunun 2-də İstanbulda keçirilən ikinci birbaşa danışıqlarda tərəflər ağır yaralı əsirlərin, həlak olan hərbçilərin "6000-ə 6000" formatında və 18-25 yaş aralığındakı şəxslərin qarşılıqlı qaytarılması barədə razılığa gəliblər.