"Toplum TV" işində ittiham aktının elanı yekunlaşıb, jurnalistlər "İctimai TV"ni çağırırlar

"Toplum TV" işində ittiham aktının elanı yekunlaşıb, jurnalistlər "İctimai TV"ni çağırırlar Foto: Toplum TV
23 İyun 2025
Mətni dəyiş

İyunun 23-də "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını tamamilə elan edərək yekunlaşdırıb.

Təqsirləndirilən şəxslərdən ittiham aktına münasibətləri soruşulub. Onların heç biri ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.

İş üzrə həbs olunan jurnalist Müşviq Cabbar bildirib ki, istintaqda onunla bağlı ittihamı hətta müstəntiqlər ələ salıblar.

"Məndən istintaqda soruşdular ki, qaça bilirsən? Dedim hə, hələ məktəb vaxtı daha sürətli qaçırdım. Dedilər onda, demək, sən qaçaqmalçılıq edə bilərsən. Sonra soruşdular ki, sən heç Sumqayıtda evdən çıxıb Bakıya işə gələndə yolüstü adam götürmüsən? Dedim, tutaq ki, olub. Dedilər belədirsə, demək, sən işə də adam götürə bilərsən. İstintaqı bu cür aparılan işin ittiham aktı da elə özünün günündə olar", - Müşviq Cabbar deyib.

İttiham aktının nəticə hissəsində Akif Qurbanov sual edib ki, özü ilə bağlı neçə səhifə mətn var? Məlum olub ki, onunla bağlı məlumatlar olan 7 səhifə cəmi bir cümlədən ibarətdir. Qurbanov bildirib ki, istintaqın "ətraflı izah edilib" kimi təqdim etdiyi ittihamlar əslində bir uzun və mənasız cümlədən ibarətdir.

Daha sonra, iş üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli də çıxış edərək ittihamların tamamilə absurd olduğunu bildirib. O qeyd edib ki, məhkəmə də bu absurduluğa laqeyd qalıb.

"Mən düşünürdüm ki, məhkəmə bu işi istintaqa geri qayataracaq, çünki çox bərbad aparılmış işdir. Ancaq məhkəmə bunu etmədi. Prokuror ittiham aktını dəfələrlə oxuyanda düşündüm ki, bəlkə o, vicdana gələr, deyər "mən bu işin bir parçası olmaq istəmirəm"", - Ələsgər Məmmədli bildirib.

Məhkəmədə təqsirləndirilən şəxslər bildiriblər ki, istintaqın gedişində hökumətə yaxın mətbuat orqanları onları qaralama kampaniyasına məruz qoyub. Ona görə ölkədə ictimai yayımı həyata keçirməli olan media - "İctimai TV" bütün məhkəmələri çəkib həqiqətləri göstərməlidir.

Ancaq hakim Azər Tağıyev bildirib ki, akreditasiyadan keçmiş istənilən mətbuat orqanı prosesi izləyib yaza bilər. Təqsirləndirilən şəxslər isə məsələnin akreditasiya hissəsinə etiraz ediblər və bildiriblər ki, bu, məlumat azadlığı hüququnun pozuntusudur.

2024-cü il martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib.

Ümumilikdə “Toplum TV işi” üzrə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov həbs ediliblər.

Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılsa da, bu il yanvarın 17-də ağırlaşlaşdırıcı maddələrlə yeni ittihamlar irəli sürülüb.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun