Həbsdə olan sülh fəalı Bəhruz Səmədov 15 il azadlıqdan məhrum edilib.
Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən qapalı iclasda çıxarılıb.
Ötən məhkəmə prosesində prokuror Səmədova 16 il həbs cəzası istəmişdi. O, bundan sonra intihara cəhd etmişdi.
Son anda xilas olan Səmədov ölüm aclığına başladığını elan edib və artıq 5 gündür ölüm aclığı edir.
Bəhruz Səmədovu ötən il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onun evində axtarış aparılıb, şəxsi əşyaları, kompüteri götürülüb. Ona qarşı dövlətə xəyanət maddəsilə cinayət işi açılıb.
İyunun 20-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı deyib ki, Səmədovun ittiham edildiyi maddə, yəni “dövlətə xəyanət” üzrə təqsiri sübut edilib və 16 il azadlıqdan məhrum edilsin.
Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda ölkədə 375 siyasi məhbus var. Hökumət nümayəndələri isə bu iddiaları rədd edir, həbs olunanların konkret əməllərlə bağlı məsuliyyətə cəlb olunduqlarını bildirirlər.