İyunun 20-də keçirilən məhkəmə prosesində “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) son söz ilə çıxış edib.
Jurnalist 9 il müddətinə azadlıqdan məhrum edilib.
Sevinc Vaqifqızının son sözünün tam mətni:
Müstəqil jurnalistika Azərbaycanda həmişə gizli fəaliyyət olub. Bu, elə milli mətbuat var olan gündən belədir. Bizi gizli fəaliyyətdə ittiham edən siz unudursunuz ki, bu ölkənin himnini bəstələyən, həm də publisist, redaktor olan Üzeyir Hacıbəyli mətbuatda 67 gizli imza ilə məqalə yazmalı olub. Bu, doğru sözə dözümsüz olan hökumətlərin təzyiqindən qorunmaq üçün idi. Üzeyir bəy gizli imzalarla Stalin rejiminin repressiyasından qoruna bildi, amma bu dövrdə yaşasaydı, çətin ki, İlham Əliyevin kütləvi həbslərindən yan keçə bilərdi.
Bu məhkəmə salonunda ittiham olunan jurnalistlərin gizli imzası olmayıb. Onlar ümumiyyətlə adsız işləyiblər. Bəli, Azərbaycan adsız jurnalistlər ölkəsidir. Yazdığı məqalə, araşdırma, təhlillərə, hazırladığı video materiallara fəxrlə öz adını yaza bilməyən jurnalistlər ölkəsi. O jurnalistlər ki, ancaq həbslərindən sonra adları cəmiyyətə məlum olur. Yazdıqları xəbərlərlə yox, həbs xəbərləri ilə tanınırlar. Çünki Üzeyir bəyin yaşadığı bir əsr öncə, bir əsr sonra da Azərbaycanda heç nə dəyişməyib. Müstəqil jurnalistika həmişə qaçaq fəaliyyət olub, qaçaqmalçı yox. Bu ölkənin azad jurnalistləri addımlarını atanda yan-yörələrinə baxıblar ki, bəlkə izlənirik. Telefonla danışanda ehtiyatlı olublar ki, bəlkə dinlənilirik. Zirzəmilərdə və ya kirayə evlərində işləməyə məcbur qalıblar. Çəkilişlərdə belə özlərindən çox kameralarını qoruyublar ki, doğruları insanlara ötürə bilsinlər. Hökumətin qorxduğu, bizim isə qorumaq istədiyimiz doğru xəbər olub.
Rəsmilər danışanda “onlar jurnalist fəaliyyətlərinə görə həbs olunmayıb” deyirlər. Amma izah edə bilmirlər ki, necə oldu 26 jurnalistin hamısı il yarımlıq müddətdə qaçaqmalçı çıxdı? Təkcə müstəqil mediaların ofislərini möhürləməklə yetinmədilər, hətta Bakı Jurnalistika Məktəbinin rəhbərini həbs etməklə peşəkar jurnalist olmaq istəyən gənclərin də qapısını bağladılar. Onlar təkcə bizi yox, o gəncliyin arzularını da həbs etdilər.
Bəs bu həbslər, qapatmalar kimə nəyə görə lazımdır?
İstintaq materiallarında Abzasçılara qarşı əməliyyatın “mötəbər mənbə”nin məlumatı əsasında başladıldığı yazılır. Bəs kimdir o “mötəbər”? İstintaq orqanı, məhkəmə də o adı bizə açıqlamaqdan imtina etdi. Amma biz o adı bilirik. O “mötəbər mənbə” prezident İlham Əliyevdir. Çünki araşdırdığımız korrupsiya cinayətləri ona və yaxın çevrəsinə toxunurdu.
Əvvəl korrupsiya ittihamlarına “Qarabağ boyda dərdimiz var, ondan danışın” deyən partiyadaşları Qarabağın yenidənqurma işlərində baş verən korrupsiya cinayətlərini aşkara çıxardığımız vaxt “Qarabağ boyda problemimiz həll olunub, xırdaçılıq etməyin” deyirlər.
Biz həbsdə olarkən xaricdə yaşayan həmkarlarımız Baş Prokurorluğa məktub göndərərək “Abzas Media”nın Qarabağda üzə çıxardığı korrupsiya halları ilə bağlı araşdırma aparıb, onlara məlumat verilməsini istədilər. Amma aylar ötsə də Baş Prokurorluq yeyintiyə yol vermiş rəsmi şəxslərə qarşı heç bir istintaq hərəkəti başlatmadı. Hətta Hesablama Palatası Qarabağda aparılan yenidənqurma işlərində 1,8 milyon manatlıq yeyintiyə yol verildiyini açıqladı, amma bu da Rauf Malışovun təmsil olunduğu idarəni hərəkətə keçməyə cəsarətləndirmədi. Əvəzində bu cinayətləri üzə çıxaran biz müttəhimlər kürsüsünü bölüşürük. Çünki Əliyev və komandası dövlət büdcəsini şəxsi vəsaitləri kimi həzmi-rabədən keçirərkən daha iştahkəsici suallar eşitmək istəmədilər. Onun göstərişi ilə başladılan bu işdə heç peşə gərəyi olaraq hüquqi prosedurlar yerinə yetirilmədi.
Kekalovdan başqa ittiham olunan 6 nəfər barəsində əməliyyat qərarı yoxdur. Əməliyyat keçirilib, həbs olunmuşuq, amma ortada qərar yoxdur.
İndi isə əməliyyatda iştirak edən bir nəfərin timsalında bu oyunun neçə qurulduğunu açıqlamaq istəyirəm.
Həbs olunduğum gün təyyarə Bakıya enən kimi çıxışda məni Bakı Şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili Anar Sədrəddin oğlu Qasımov qarşıladı. Üzündəki təbəssümlə yaxınlaşıb soruşdu ki, “məni tanıdınız?” Xatırladım ki, bir neçə il əvvəl telefonumu itirəndə polisə müraciət etmişdim və işi bu əməliyyatçıya tapşırmışdılar. İdarədən demişdilər ki, ən yaxşı əməliyyatçılardan biridir və telefonum mütləq tapılacaq. O isə telefonumu tapa bilmədiyini görüb təklif etdi ki, mənə başqa telefon alsın. Amma təklifindən imtina edib ondan öz telefonumu tapmasını istədim. O vaxtdan telefonumu tapa bilməyib. Amma belə hallar olanda problem həll olunmuş sayılsın deyə öz vəsaiti ilə telefon, notebook alıb şikayətçilərə verdiyini deyirdi. “Abzas Media işi”ndə olan bu əməliyyatçının təmsil olunduğu idarə eyni üsulla davam edir. Bu dəfə şikayətçisi hökumətdir və onu razı salmaq üçün olmayan xarici valyutanı ofisə yerləşdirməklə əməliyyatı baş tutmuş sayır.
Müstəqil medialara qarşı başladılan cinayət işləri o qədər başdansovdu aparılır ki, “Toplum TV işi”ndə “Abzas Media”nın materialları gedir. Hətta Ruslan İzzətlinin sanksiya məhkəməsində onun adı Ülvi Həsənli kimi göstərilib. Daha sonra hakim qərarda yazıb ki, istintaq orqanının təqdimatında Ülvi Həsənli yazılan hissələr Ruslan İzzətli kimi oxunsun. İndi bizim işdə də səhvə yol verilib. “Ülvi Həsənli və onunla cinayət əlaqəsində olan mütəşəkkil dəstə” hissəsi əslində “İlham Əliyev və onunla cinayət əlaqəsində olan mütəşəkkil dəstə” kimi oxunmalıdır. Çünki bizə yazılan 7 maddə əslində prezident və onun komandasının araşdırmalarımızla sübuta yetirilən cinayətləridir.
Biz qanunsuz, qeydiyyatsız işləməkdə ittiham olunuruq. Amma Medianın İnkişafı Agentliyinin sədri belə istintaqa məktub göndərib ki, biz işləmək üçün icazə almalı olan media orqanları kateqoriyasına aid deyilik. Bəli, biz azad media təmsilçiləriyik. O nəsil ki, jurnalistikaya Elmar Hüseynovun tənqidi məqalələrinə elə qapısının ağzındaca güllələnib öldürüldüyü xəbəri ilə başlayıb. İndi eyni hökumət bizi həbslə qorxudacağını düşünür? Ölümü gözə alanların həbsdən nə qorxusu?!
Korrupsiya ilə bağlı araşdırma aparmağa qərar verdiyimiz vaxt Ülvinin məndən bir istəyi olub – o, həbs olunsa, araşdırmaları dayandırmayım, davam etdirim. Həbs olunduq, amma işimiz davam etdi deyə Nərgiz həbs olundu. O, sonuncu dindirməsinə vəkilsiz, tək getməyə qərar vermişdi. Həbs qətimkan tədbiri seçiləndə də onu həbs edənləri gülüşü ilə məyus etdi. Elnarənin həbs çamadanı həbsindən əvvəl hazır idi. “Mənə 8 il həbs versələr də, yenə çıxıb jurnalist kimi işləyəcəm” deyirdi. Hafiz bəy dindirildiyi otaqdakı pəncərədə korrupsiyanın izinə düşüb yeyintinin həcmini aşkara çıxarmışdı və həbsindən əvvəl son araşdırmasını etmişdi. Dostumuz Fərid əməkdaşımız olmasa da, həbsimizdən sonra “Abzas Media”ya müsahibə verməkdən çəkinməmişdi. Ən gəncimiz Kekalovun ram edildiyini düşünənlər yanıldılar. O, istintaq orqanında onun adından yazılan ifadədən imtina etdi. İşin Kekalov hissəsində simvolik bir rəqəm var - 1984. Bu, onun evindən qanunsuz götürülən cihazlardan birinin şifrəsi olub. Corc Oruellin “1984” əsərini oxuyan hər kəs orada təsvir olunan idarəçiliklə Azərbaycanda hazırda olan idarəçilik arasında xeyli oxşarlıq tapa bilər. Hər yerdə güdüldüyünü hiss edən, şəxsi həyatının olmadığı, qorxu içində yaşayan, hər gün lüğətindən bir söz əskilən, danışmağa icazəli söz tapmayan bir toplumun şifrəsidir 1984. Onlar Kekalova təzyiq göstərərək aldıqları bu şifrənin əslində ölkənin kodu olduğunu bilmirdilər.
Hökumət bizi həbs etməklə sorğulayan tərəfdən sorğulanan tərəfə çevirmək istədi. Amma 19 aydır saxlanıldığımız Bakı İstintaq Təcridxanasının rəisindən tutmuş nəzarətçisinə qədər hər kəs qanunla etməli olduqlarını niyə etmirlər sualına cavab verməli olurlar.
Təcridxananın demək olar hər mərtəbəsində jurnalistlər həbs çəkdiyi vaxt ironik bir hadisə baş verir. İlham Əliyev Həsən bəy Zərdabinin əsasını qoyduğu Milli Mətbuatın 150 illiyinin təntənəli keçirilməsi ilə bağlı sərəncam imzalayır. Ola bilər bütün azad jurnalistləri həbs etdirəndən, mediaları qapadandan sonra Əliyevin təntənəyə ehtiyacı var. Düşünür ki, azad mətbuatı dəfn edib üstündə təntənəli qəbirüstü nitq söyləyəcək. Amma unudur ki, Zərdabi “Əkinçi” qazetini yaradanda hələ Azərbaycan adlı dövlət yox idi. Mətbuatı dövlətindən əvvəl yaranan bir ölkədə hakimiyyətdə kim olursa-olsun, bu məmləkətin azad jurnalistlərini susdura bilməyəcək.
Çıxışın sonunda adətən hakim heyətindən azadlıq istəyirlər. Amma azad olmayan hakimlərdən ittiham olunan 7 jurnalistə necə azadlıq istəyə bilərəm?! Proses boyunca sizə “hörmətli hakim” deyə müraciət etməyimizi istədiniz, amma buna nail olmadınız. Çünki hörmətli hakim olmaq üçün ədalətli olmaq lazımdır. Ədalətli olmaq üçün də azad. Axı azadlıq həm də əxlaq məsələsidir. Azad olmayan insan əxlaqlı ola bilmir. Ümid edirəm nə vaxtsa daxilinizdə hördüyünüz həbs divarlarını uçurub azadlığa çıxarsınız. Biz isə onsuz da azadıq.