Yekaterinburqda azərbaycanlıların təqib edilməsinə görə Azərbaycan-Rusiya arasında olan əksər rəsmi səfərlər və mədəni tədbirlər ləğv edilib.
İyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti ( FSB) bu ölkədə yaşayan azərbaycanlı Səfərovlar ailəsinin evinə basqın edib, 2 qardaş - Hüseyn Səfərov və Ziyəddin Səfərov öldürülüb.
Bu barədə məlumatı onların Bakıda yaşayan qardaşları, ədəbiyyatşünas Seyfəddin Hüseynli yayıb. O bildirib ki, 9 qohumu saxlanılıb.
"Evdə yatmışdıq, səhər saat 5-də qapı döyüldü. Gördük ki, qapını qırırlar. Anam gəldi qapıya, qışqırdı ki, polislərdi. Anam onlardan sənədlərini göstərməsini istədi. Onlar qapını açmağı təkid etdilər. Maskada idilər. O anda gördüm ki, qapını lomla qırdılar. Anama bir şillə vurub, atdılar qırağa. Qaçdılar mənim, qardaşımın və atamın üstünə, bizi möhkəm döydülər. Hamımızı otaqda uzandırdılar yerə. Bizi elektroşokla vurdular. “Dubinka” ilə, “montirovka” ilə döyürdülər. Evdəki stolları belimizdə qırdılar. Bizi bir saat döydülər. Döyəndən sonra əllərimizi qandallayıb apardılar", - hadisədə zorakılıq görənlərdən Vüqar Səfərov baş verənləri belə təsvir edir.
Onun sözlərinə görə, həm saxlanılan zaman, həm polis orqanında ağır işgəncələrə məruz qalıblar. Onların hər birinin bədəninə elektrik cərəyanı verilib.
"Gördüm ki, atam qışqırır. Atama “tok” verirdilər. Atam qışqırırdı ki, ürəyim xəstədi, ürəyimdə stend var. Atam elə dedikcə, onlar təhqir edib, ürəyinə “tok” verirdilər. Bizi axşama kimi saxlayıb, döydülər. Ayaz Səfərovu, Akif Səfərovu döyüb toka verdilər. Bir anda eşitdim ki, deyirlər ölənlər var. “İki nəfər öldü” deyirdilər. Fikirləşdim ki, ay Allah, görəsən, kimlərdir? Axşam saat 9 olardı, gördüm atama qışqırırlar ki, “Sənin qardaşlarını, oğlanlarını, hamını öldürəcəyik, günahını etiraf elə, imza at”, - o, baş verənləri belə təsvir edib.
Hadisədən sonra Azərbaycan Rusiyadan azərbaycanlıların Yekaterinburqda qətlinin araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.
"Həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk", - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bundan sonra isə Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx hücumlarla əlaqədar XİN-ə çağırılıb və Rusiya polisinin azərbaycanlılara qarşı reydlərilə bağlı etiraz bildirilib.
Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva isə Rusiya Ombudsmanına müraciət edib və işgəncələrin beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Hadisə ilə bağlı Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb ki, əməliyyatlar 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədilmiş bir sıra qətllər və qəsdən adam öldürməyə cəhdlə bağlı aparılıb.
Səfərovlar ailəsinin həbs olunan və qətlə yetirilən üzvlərilə bağlı konkret məhkəmə hökmü olmasa da, istintaq komitəsi onları etnik cinayətkar qrup adlandırıb. Əslən Ağdam rayonundan olan Səfərov qardaşları restoran biznesi ilə məşğul olublar. Yekaterinburqda yerləşən “Kaspi” restoranı onlara məxsus olub.
Əməliyyatlar ailəyə məxsus müxtəlif ünvanlarda keçirilib. Bütün ünvanlarda saxlanılanlar işgəncələrə məruz qaldıqlarını bildiriblər. Məlumata görə, Yekaterinburqda yaşayan başqa azərbaycanlılar da təqiblə üzləşib.
Baş verənlərin fonunda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sverdlovsk vilayətinin istintaq orqanından azərbaycanlılarla bağlı cinayət işinin istintaqı ilə əlaqədar vəziyyətlə bağlı hesabat tələb edib.
İyunun 29-da Akif, Ayaz, Məzahir və Bakir Səfərovlar barəsində həbs qətimkan tədbiri seçilib. Vüqar və Mahəmməd Səfərov qardaşları isə kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıblar. Kamal Səfərov reanimasiyadadır. Bu iş üzrə başqa şəxslər də xəstəxanadadırlar və məhkəmə qarşısına çıxarılacaqlar.
Hadisələrə görə Azərbaycan-Rusiya siyasi və diplomatik münasibətləri pisləşib. Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub. Eyni zamanda, Azərbaycan Parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri, Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edilib.
Azərbaycan Parlamentinin üzvü Hikmət Babaoğlu zorakılığın dərhal dayandırılmasını istəyib və bildirib ki, bu hadisələrlə “Rusiyanın imperialist mahiyyəti ortaya çıxıb”.
Millət vəkili Azər Badamov da hadisələri pisləyib və bildirib ki, miqrantlara qarşı amansız münasibət, islamofobiya Rusiyanın dövlət siyasəti səviyyəsinə qalxıb.
Deputat Fatma Yıldırım isə bildirib ki, Yekaterinburqda baş verənlər “etnik zorakılığın bariz nümunəsidir”.
Hüquq müdafiəçisi, vəkil Rəsul Cəfərov deyib ki, hadisənin üzərindən bir neçə gün keçməsinə baxmayaraq, heç bir addım atmamaqla Rusiya insan hüquqları sahəsində pozitiv və neqativ öhdəliklərini pozub.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları zəruri olmayan, qanunsuz, yolverilməz müdaxilə həyata keçiriblər və bu müdaxiləyə görə araşdırma aparılaraq təqsirkar şəxslərin cəzalandırılması təmin edilmir.
"Rusiya Federasiyası 2022-ci ilin sentyabrında Avropa İnsan Hüquqları Konvensiyasından tam çıxsa da, BMT-nin insan hüquqları sahəsində mühüm müqavilələrini ratifakasiya edib və həmin sənədlərə əsasən, üzərinə yuxarıda qeyd edilən öhdəliklər götürüb. Soydaşlarımıza münasibətdə "Siyasi və mülki hüquqlar haqqında" Beynəlxalq Paktın 6 (yaşamaq hüququ) və 7-ci (işgənclərə məruz qalmamaq hüququ) maddələri, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə" Konvensiyanın müddəaları kobud şəkildə pozulmuşdur", - o bildirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli baş verənləri “qırğın” adlandırıb və göstərişin birbaşa prezident Vladimir Putindən gəldiyini deyib.
"Təsəvvür etmək belə mümkün deyil ki, onsuz da dünyadan ciddi şəkildə təcrid edilmiş Rusiyanın azsaylı və vacib müttəfiqlərindən biri olan Azərbaycanı və azərbaycanlıları hansısa məmur bu şəkildə təhqir etməyə cəsarət etsin. Bəs Putin nəyə görə bizi millət və dövlət olaraq aşağılamaq fikrinə düşüb?
Ona görə ki, Rusiya imperiyasının daha öncəki liderləri kimi Putin də inanır ki, Rusiyanın yalnız 2 müttəfiqi var: ordu və donanma. Bu təfəkkür tərzinə görə Rusiyanın müttəfiqi ola bilməz. Rusiyanın ancaq vassalları və müstəmləkələri ola bilər. Rusiya Azərbaycanı tam olaraq özünə tabe etdiyi vassalı kimi görmək istəyir. Görünür ki, Putin bunu sadəcə istəmir, həm də real sayır", - o bildirib.