Rövşanə Rəhimli: "Nərgiz Absalamovanın günahı və həbs səbəbi qanunsuzluqları aşkar edib əhaliyə çatdırmaq olub"

Rövşanə Rəhimli: "Nərgiz Absalamovanın günahı və həbs səbəbi qanunsuzluqları aşkar edib əhaliyə çatdırmaq olub"
16 İyun 2025
Mətni dəyiş

İyunun 10-da "Abzas Media işi" üzrə keçirilən növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. 

2023-cü il noyabrın 30-da həbs edilən jurnalist Nərgiz Absalamovanın vəkili Rövşanə Rəhimli çıxışında bildirib ki, iş üzrə bir ildən çoxdur əsassız ittihamlarla təcridxanada saxlanılan digər şəxslər kimi Nərgiz Absalamova da siyasi sifariş əsasında həbs edilib.

Rövşanə Rəhimlinin məhkəmədəki çıxışı:

İşin sifarişli olması, siyasi motivin aşkar olması və s. barədə Ülvinin və Sevincin vəkilləri danışdı, biz də öz növbəmizdə eyni mövqedə olduğumuzu bildiririk. Və şübhəsiz ki, Nərgiz Absalamova də həmin sifariş çərçivəsində həbs olunub. 

Məhkəmə araşdırmasının gedişatında ittiham tərəfinin təqdim etdiyi “sübutlar”, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri və s. tam əminliklə deməyə əsas verir ki, məhkəmə bu araşdırmanın nətiəclərinə obyektiv və qərəzsiz qiymət versə, Nərgiz Absalamova daxil olmaqla, təqsirləndirilən şəxslərin barəsində bəraət hökmü çıxarılmalıdır. İşin faktiki halları, həm maddi, həm prosessual qanunvericilik məhz bunu tələb edir. Bəraət hökmünün əsasını cinayət hadisəsinin/əməlinin olmaması təşkil edir.

Verilmiş ittihamlar əsassızdır, belə ki, birincisi, həm maddi hüquq normaları baxımından cinayət əməli/cinayət hadisəsi mövcud deyil, ikincisi,  prosessual baxımdan ittihamın heç biri sübuta yetirilmədi. 

Bu işdə istifadə edilən sübutlar: 1) şübhəli/təqsirləndirilən şəxslərin ifadələri və şahid ifadələri; 2) ekspert rəyləri; 3) maddi sübut (pul vəsaitləri, elektron cihazlar); 4) istintaq və əməliyyat-axtarış hərəkətlərinin protokolları; 5) Elektron cihazlardan və ofisdən götürülmüş sənədlər. Bu sübut növünün hər birinə həm sübutun toplanılması nəzərindən, həm də sübutun yoxlanılması nəzərindən baxmaq lazımdır. İş materialları və məhkəmədə səslənən ifadələr təsdiq edir ki, sübutlar prosessual qanunvericiliyin tələblərinin pozulması ilə əldə edilib. Bu həm “götürülmüş” pul vəsaitinə aiddir (belə ki, pulun polis əməkdaşları tərəfindən yerləşdirilməsi barədə artıq deyilib), həm kompüter və telefonlara və bu cihazlardan götürülmüş törəmə sübutlara aiddir. Kompyuter və telefonların guya könüllü verilməsi protokollarda qeyd edilsə də, təqsirləndirilən şəxslər məhkəməyə bildiridilər ki, onlar fiziki və psixoloji təzyiqə məruz qalıblar və  sübutlar da bu yolla alınıb. Lakin məhkəmə, təqsirləndirilən şəxslərin bu iddialarını yoxlamağa maraq göstərmədi. Halbuki, məhz bu fakt hərtərfli obyektiv yoxlama tələb edirdi. Çünki qanunsuz yolla, xüsusən də təzyiq altında əldə edilmiş sübutun sübut əhəmiyyəti ola bilməz, onlar sübut kimi qəbuledilməz hesab edilməlidilər. 

Burada xüsusən Məhəmməd Kekalova məxsus cihazlarında olan məlumatların və sənədlərin yolverilməz sübut olması qeyd edilməlidir. Təkcə cihazlar yox, həm də onun istintaqa verdiyi, daha doğrusu ondan alınan ifadə xüsusi diqqət və yoxlama tələb edən sübutdur. Çünki iş üzrə əsas sübut Məhəmməd Kekalovun ilkin mərhələdə verdiyi izahat və cinayət işi başlanıldıqdan sonra verdiyi ifadələrdən ibarətdir. Məhkəmə baxışında hamımız şahid olduq ki, Məhəmməd Kekalov həmin ifadələrdən imtina etdi, onların həqiqətə uyğun olmadığını bildirdi. O cümlədən, Kekalovun ibtidai istintaq zamanı verdiyi ifadəsində “Nərgiz Absalamova qrant layihələrinin hazırlanması, büdcə təkliflərinin formalaşdırılması və bununla bağlı digər işlərdə yaxından iştirak etmişlər” sözlərini təsdiq etmədi, həqiqət olmadığını bildirdi. 

M. Kekalov həmin ifadələri polisin nəzarətində olduğu dövrdə hüquq mühafizə orqanlarının (burada bizə demədiyi, demək istəmədiyi) təzyiqi nəticəsində və onun müdafiə hüquqlarının məhdudlaşdırıldığı vaxtı verib. Qeyd edim ki,  mən həmin vəziyyətin şəxsən şahidi olmuşam çünki ailəsi və dostları mənimlə müqavilə bağlamışdı...Beləliklə də biz Məhəmmədi 4 gün ərzində axtardıq, Ombudsman aparatı ilə birgə bütün polis idarələrilə əlaqə saxlayırdıq. Saatlarla DİN-nin qəbul otağında məlumat almaq üçün gözləyirdim. Nəticədə isə 4 gün sonra M.Kekalovu mənimlə görüşdürdülər və o mənim müdafiəçisi olmağımdan imtina etdiyini bildirdi. Dövlət hesabına ona təyin olunmuş müdafiəçi ilə davam edəcəyini dedi. 

Kekalovun istintaq dövrünə aid ifadəsi ilə məhkəməyə verdiyi ifadəsi arasında ziddiyyət var və qanun tələb edir ki, məhkəməyə verdiyi ifadə əsas götürülsün. Çünki burada o tam sərbəst şəkildə, təzyiqsiz, öz seçdiyi müdafiəçisinin yanında ifadə verir və o ifadəni sual-cavabla və digər şəxslərin ifadələri ilə tutuşturub hərtərəfli yoxlamaq mümkündür. Amma istintaq vaxtı hansı şəraitdə hansı təzyiq altında ifadə verib- bunu indi yoxlamaq mümkün deyil. Həmin vaxt dövlət hesabına vəkil təyin edilib, lakin o vəkilin iştirakı formal xarakter daşıyıb- adicə həbsindən belə şikayət verməyib, bir dənə olsun vəsatət verməyib, yəni real müdafiə xarakterli heç bir hərəkət etməyib. Bu da onu təsdiq edir ki, Kekalov faktiki müdafiəsiz vəziyyətdə, tam polis nəzarətində olub. Ona görə də təbii ki, həmin ifadələrə tənqidi yanaşılmalı və məhz məhkəməyə verdiyi ifadə əsas götürülməlidir. 

 Hətta Məhəmməd Kekalovun ibtidai istintaq zamanı verdiyi, lakin məhkəmə istintaqı zamanı imtina etdiyi ifadəsi özündə hər hansı konkret faktı ehtiva etmir. Məsələn, məlum olmur ki, Nərgiz Absalamova nə vaxt və necə pul vəsaitlərini gətirib, pul vəsaitlərini hardan alıb, nə qədər pul vəsaitləri gətirib, bunu ondan kim, harda və necə xahiş edib? Məhəmməd Kekalovun bu prosesdə (Nərgiz Absalamovanın pul gətirilməsində) iştirakı və şahidliyi necə olub.

Məhkəmə baxışında dindirilmiş şahidlər də Nərgiz Absalamovanın hər hansı cinayət əməlini törətməsinədair ifadə vermədi. 

Beləliklə, bu qənaətə gəlirik ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslərin ittiham olunduqları üçün cinayət hadisəsi/əməli prosessual hüquqi aspektdən sübuta yetirilmir. Hazırkı iş üzrə CPM-in 42.1.1-ci maddəsinə uyğun olaraq cinayət hadisəsinin mövcudluğunu təsdiq edəcək sübutlar məcmusu mövcud deyil. 

İş üzrə əldə edilən maddi sübutlar (pul vəsaitləri, elektron cihazlar, sənədlər) və dolayı sübutlar (ekspert rəyləri) bütövlükdə qanun  pozuntuları ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilib. Belə olduğu təqdirdə isə bütövlükdə həmin sübutların işdən xaric edilməsi zərurəti meydana çıxır. prosessual normaların tələblərinin pozulması ilə ədlə edilən sübutlar xaric edildiyi təqdirdə, həmin sübutların əsasında yaranan sübutlar – ekspert rəyləri, şahid ifadələri də ilkin sübutların mövcud olmaması kontekstində heç bir əhəmiyyət kəsb etmir.

Bu göstərilənləri nəzərə alaraq, hesab edirəm ki, konkret Nərgiz Absalamovaya aid aşağıda sadaladığım “sübutlar” yolverilməz sübutdur və sübutlar siyahısından xaric edilməsini bir daha xahiş edirəm: cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə əldə edilmiş sübutlara (elektron cihazlara) dair məhkəmə kompyuter-texniki ekspertizasının 19.01.2024-cü il tarixli, 5/1736 nömrəli rəyi; Elektron cihazlara və elektron yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında 23.11.2023 tarixli Protokol (cild 2, v. 100); Kekalov Məhəmməd Şamil oğlunun ibtidai istintaqa verdiyi 08.01.2024-cü il tarixli ifadəsi (c.i.: cild 6, vərəq 230-233); 05.02.2024-cü il tarixli Yaddaş qurğusunda olan məlumatlara baxış haqqında Protokol (c.8, v. 176) və Protokola Əlavə (fotocədvəl); Kekalov Məhəmməd Şamil oğluna məxsus “iPhone 13” markalı, “350294957782043” imei kodlu mobil telefon cihazına baxış protokolu; M.Kekalovun 03.04.2024-cü il tarixli ifadəsi (cild 14, vərəq 165-191). 

Hətta bu sadaladığım sübutlar da Nərgiz Absalamovanın hansısa cinayət əməlinə aidiyyatı olduğunu və ya ümumiyyətlə hansısa qanunsuz əməl törətməsini sübut etmir. Bunlardan ikisində Nərgiz Absalamovanın adı keçir- Kekalovun istintaqa verdiyi ifadəsində- bunu da onun özü  məhkəmədə təsdiq etmədi və Nərgiz haqqında suala onun hansısa layihə yazılmasında və s. iştirak etmədiyini bildirdi. İkincisi, guya Nərgiz Absalamovanın əmək haqqı almasını təsdiq edən sənədlərdəki imzaların elə istintaqın təyin etdiyi ekspertiza Nərgiz tərəfindən icra olunmadığını müəyyən etdi. Bu sənədlər barədə həm də vacib məqam odur ki, onların heç biri orijinal sənəd deyil, mənbəyi məlum olmayan fotoşəkillərdir. Kim tərəfindən düzəldilməsi, necə əmələ gəlməsi məlum olmayan, orijinalı ortada olmayan fotoşəkillərin mötəbər sübut kimi qəbul edilməsi absurddur. Bu “sənədlərin” mənbəsini, mənşəini müəyyən edilməsinə dair müdafiə tərəfinin vəsatətləri təmin olunmadı. Fakt budur ki, istintaqın düzüb-qoşduğu 26 cilddə Abzas Mediaya aid bir dənə olsun orijinal mötəbər sənəd yoxdur. Hətta istintaq tərəfindən tədqiq olunan və iş materialalrına əlavə olunan sms və digər yazışmalardan da görünür ki, Nərgiz Absalamovanın digər təqsirləndirilən şəxslərlə əlaqələri sırf jurnalistika ilə bağlıdır. 

Konkret sübut olmadığına görə, böyük və mürəkkəb bir mənzərə yaratmaq üçün istintaq orqanı, daha doğrusu bu sifarişin ssenaristləri təqsirləndirilən şəxsləri mütəşəkkil dəstə kimi qələmə veriblər. İttiham aktının əvvəli-axırı bilinməyən, heç bir konkretika və aydınlıq təqdim etməyən dolaşıq cümlələrindən belə başa düşdük ki, “dəstədə” kimin nə ilə məşğul olması, kimin kim olması istintaqın özünə də məlum deyil. Və ya istintaqı təmsil edən şəxslər mütəşəkkil dəstənin nə olduğunu bilmir. “Mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 1999-cu il tarixli Qərarında  deyilir ki, əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə ci­nayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Mütəşəkkil dəstənin əsas xüsusi­yyət­ləri: dəstədə təşkilatçı və ya başçının irəli sürülməsi və ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; cinayətin törədilmə planının işlənib hazırlanması və bunun üçün mükəmməl hazırlıq görülməsi; cinayət törədilməsində rolların böluş­dü­rül­məsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyəşdirilməsi; cinayətin törə­dilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun strukturlarında olan mövqelərə uyğun bö­lüşdürülməsi. 

 İndi sual yaranır! Nərgiz Absalamovanın bu mütəşəkkil dəstədə rolu nə olub? Ona hansı tapşırıqlar verilib, cinayət əməlinin hansı hissəsi onun zərif çiyinlərinə düşüb, bu tapşırıq ona kim tərəfindən verilib, harada, necə, hansı vasitə ilə? Söhbət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət əməlindən gedirsə, bu sualların konkret cavabları olmalıdır- və bu cavablar ittiham aktında və məhkəmə baxışında aydın aşkar görünməli idi. 

Nərgiz qaçaqmalçılıqda şübhəli bilinib tutulub və həbs olunub. Amma nəinki tutulanda, heç bu günə kimi də Nərgizin nə vaxt, necə qaçaqmalçılıq etməsinə dair bir dənə də sübut ortaya qoyulmayıb. İş materiallarında qeyd edilib ki, Nərgiz xarici ölkəyə səfər edib. Bəli, o iki dəfə Tbilisiyə, bir dəfə ABŞ-a gedib. Adamın sadəcə xarici ölkəyə getməsinə istinad edib qaçaqmalçılıqda ittiham etmək həm gülünc, həm ağlamalıdır. Onun xaricdən qayıdarkən  gömrük qaydalarını pozması faktı ortada yoxdur, bəyan etmədən pul keçirilməsi faktı yoxdur, nəinki gömrük məntəqəsində, heç mənzilindən ya üzərindən pul aşkar edilməsi faktı da yoxdur. Heç olmasa tənbəllik etməyib, gərək onun da evindən 5-10 min avro götürərdilər ki, deməyə sözləri olsun. Amma Bakının biraz uzaq qəsəbəsində yaşadığına görə ərinib evinə pul qoymağa getməyiblər.  Digər təqsirləndirilən şəxslərlə də qaçaqmalçılığa aid hansısa cinayətkar əlaqəsinə dair sübut təqdim olunmayıb. 

Qaçaqmalçılıq cinayəti nədir?  Gömrük rejiminin pozulması nəticəsində ölkəyə 50.000 manatdan yuxarı məbləğdə pul məbləğinin keçirilməsi. Lakin hazırkı ittihamlar əməliyyat-axtarış tədbiri (baxış) və daha sonrakı təqsirləndirilən şəxslərə münasibətdə isə axtarış və götürmə istintaq hərəkətləri nəticəsində əldə edilən pul məbləğlərinə əsaslanır. Xatırladıram ki, təqsirləndirilən şəxslər ofis və evlərdən aşkar edilən pul məbləğinin onlara aid olmadığını və polis əməkdaşları tərəfindən yerləşdirildiyini bildriirlər.

Lakin hətta həmin pul məbləğləri təqsirləndirilən şəxslərə aid olsaydı belə, evində və ya ofisində xarici valyutada hər hansı pul məbləği saxlamaq hələ həmin pul məbləğinin gömrük rejiminin pozulması ilə keçirildiyi demək deyil. Xarici valyutada olan pul vəsaitinin saxlanılması özlüyündə qaçaqmalçılıq kimi qiymətləndirilə bilməz. İş üzrə qaçaqmalçılıq ittihamının sübut edən hər hansı dəlil mövcud deyil.

Digər ittihamlar bundan da absurddur- qanunsuz sahibkarlıq, vergidən yayınmanın Nərgizə nə aidiyyatı var? Nərgizin fəaliyyəti Abzas Media üçün videoreportajlar çəkmək olub- bunu bütün şahidlər, iş materialları, internetdə olan videomateriallar təsdiq edir, bunu xəbərlərə baxan hamı bilir. Hansı sahibkarlıqla məşğul olub ki, hələ bir qanunsuz olsun? Bu sualın cavabı ittiham aktında yoxdur. Bildirilir ki, Abzas Media qrantlar alıb, o qrantlarla fəaliyyət gösətrib. Heç bunun da sübutu yoxdur amma tutalım olsaydı- qrant almaq nə vaxtdan sahibkarlıq oldu, Qrant əsasında həyata keçirilən fəaliyyət qeyri-kommersiya fəaliyyətidir. Və qrantın qeydiyyata alınmaması inzibati xəta sayılır, cərimə ilə cəzalandırılır. Qrantın qeydiyyata alınmaması inzibati məsuliyyətə səbəb olur amma qeyri-kommersiya fəaliyyətini kommersiya fəaliyyətinə, yəni sahibkarlığa çevirmir, bunu başa düşmək  üçün heç hüququşunas olmaq lazım deyil. Yəni ki, qanunsuz sahibkarlıq ittihamı özlüyündə əssassız və qanunsuzdur. Bu ittihamla bilavasitə əlaqəli olan çirkli pulların leqallaşdırılması və vergidən yayınma da eyni şəkildə əsassız və absurddur, amma Nərgizə heç bir aidiyyatı olmadığına görə üzərində dayanmağa və vaxt almağa dəymir. Bircə onu qeyd edim ki, çirkli pulların leqallaşdırılması əməli nəzərdə tutur ki, pulun mənşəyi kriminal olmalıdır, o cinayət yolu ilə əldə edilən pul olmalıdır. İttihamın dediyi ki, sözügedən pul xarici donor təşkilatları tərəfindən qrant şəklində verilmişdisə, bunun harası kriminaldır? Qrantın qeydiyyata alınmaması onun mənşəyini kriminallaşdırmır.

Sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə ittihamının ümumiyyətlə maddi hüquqi baxımdan qiymətləndirmə aparılması üçün əlavə zərurətə ehtiyac yoxdur,  həmin ittiham bütövlükdə prosessual hüquqi baxımdan istisna edilir. Ortada sənəd yoxdur, naməlum mənşəyi bilinməyən kserosurətlər ya fotoşəkillər var, Nərgizin nəyi saxtalaşdırdığı da nəinki bizə, ittihamçıya da aydın deyil, yoxsa konkret nəsə göstərərdi. Hələ də gec deyil, cildləri açsın göstərsin baxaq, konkret olaraq Nərgiz Absalamova hansı sənədi, hansı hissəsini saxtalaşdırıb və ya hansı saxta sənəddən istifadə edib. Bir yandan işdə Nərgiz Absalamova tərəfindən nə hər hansı rəsmi sənədin saxtalaşdırılması, nə də belə bir saxta sənəddən istifadə etməsi ilə bağlı heç bir cümlə belə keçmir. Digər yandan isə bu maddədə (sənəd saxtalaşdrıma və saxta sənəddən istifadə) “mütəşəkkil dəstə tərəfindən törədilmə” kimi tövsüfedici əlamət ümumiyyətlə nəzərdə tutulmur.  Əgər işdə doğurdan da saxta sənədin hazırlanması və ondan istifadə edilməsi faktı varsa, bu ittihamlar konkret olaraq bu əməli törətmiş şəxslərə verilə bilərdi, toplu olaraq hamısına yox.     

Beləliklə, iş materiallarından, məhkəmə araşdırmasından yalnız bir fakt  təsdiqlənir- Nərgiz Absalamova heç bir cinayət əməli törətməyib, onun günahı və həbs səbəbi Abzas Media ilə əməkdaşlıq edərək tənqidi videomateriallar hazırlamasıdır, mütəşəkkil jurnalistika ilə məşğul olub və məqsədi qanunsuzluq törətmək yox, törədilən qanunsuzluqları aşkar edib əhaliyə çatdırmaq olub. 

Göstərilənləri nəzərə alaraq məhkəmədən Nərgiz Absalamova barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun