Orta aylıq əməkhaqqının 1350 manatı keçməsi reallığı əks etdirirmi?

Orta aylıq əməkhaqqının 1350 manatı keçməsi reallığı əks etdirirmi?
4 İyun 2025
Mətni dəyiş

İqtisadçı: "Bakıda orta aylıq əməkhaqqı ölkənin digər yerlərilə müqayisədə daha üstündür, çünki bir çox əsas sahələr bura cəmləşib"

2025-ci ilin yanvar-mart aylarında Bakıda orta aylıq nominal əməkhaqqı 1357,3 manata qalxıb.

Rəsmi məlumata görə, bu rəqəmlər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz, yəni 273,5 manat artıb.

Bəs bu rəqəmlər nə qədər realdır?

Bu günlərdə parlamentin iclasında millət vəkili Əli Məsimli bildirib ki, hazırda ölkədə 283 min işsizdən 169,5 mini, yəni, 60 faizi işsiz kimi uçota alınır. Onun da 94 faizi işlə təmin olunub.

Deputat bu rəqəmi sorğulayaraq deyib ki, sorğular aparılsa, aydın olar ki, insanların əksəriyyəti işsizdir.

"Azərbaycanda son vaxtlar insanların gündəlik tələbatlarını ödəmək üçün aldığı malların qiymətində 1,5 dəfə artım var. Belə halda ailədə bir nəfər işləyəndə 4 nəfərdən ibarət ailənin minimum xərci 1000 manatdan çoxdur. Bizdə orta əməkhaqqı ondan 13 faiz aşağıdır. Muzdla işləyən insanların yarıya qədərinin aldığı vəsait isə ondan 1,8 dəfə aşağıdır", - millət vəkili deyib.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, hazırda Bakıdakı orta aylıq əməkhaqqı ilə bağlı rəqəmlər əmək müqavilələrinin sayı və statistik məlumatların analizi ilə üzə çıxır.

"Rəqəmlər düzgündür, amma ölkədəki real vəziyyəti əks etdirmir", - o deyir.

Ekspertin sözlərinə görə, xüsusilə özəl sektorda bir çox hallarda əməkhaqqı səviyyəsi real əməkhaqqı səviyəsinin üzərindədir. Ona görə də rəqəmlər yüksək ola bilər.

"Digər tərəfdən, sektorlar arasında da ciddi fərq var. Məsələn, xidmət sektorunda real orta aylıq əməkhaqqı səviyyəsi 500-600 manat arasında dəyişir. Ancaq dövlət qulluğunda, maliyyə, neft, informasiya texnologiyaları sahələrində əməkhaqqı səviyyəsi çox yüksəkdir. Ona görə də Bakı şəhərində real orta aylıq əməkhaqqı səviyyəsi ölkənin digər yerlərilə müqayisədə daha üstündür. Çünki qeyd etdiyimiz sahələr daha çox Bakıya cəmləşib. Burada bir məsələdə  var ki, Bakıda istənilən istiqamətdə xərclər daha çox olduğu üçün, əmək bazarında da əməkhaqqılar buna uyğunlaşdırılıb. Ona görə də bölgələrlə müqayisədə daha yüksək əməkhaqqılar var. Hətta eyni sektorlar daxilində belə bu fərqləri hiss edə bilirik", - o “Abzas Media”ya bildirib.

Mayın 23-də Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı beynəlxalq konfransda bildirib ki, Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın Ümumi Daxili Məhsulda (ÜDM) payı 7,7 faiz təşkil edir. O bildirib ki, bunun 1,8 faizi kölgə iqtisadiyyatının payına düşür.

“İlk baxışda bu rəqəm kiçik görünə bilər, lakin bu, 3,2 milyard manatlıq məhsul və xidmətin statistikadan kənarda qalması, 2,2 milyard manatlıq əlavə dəyərin isə uçotdan gizlədilməsi deməkdir”, - Rauf Səlimov əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun