“Abzas Media işi” üzrə həbs olunan Məhəmməd Kekalov iyunun 20-də keçirilən məhkəmə prosesində son söz ilə çıxış edib.
O, 7 il 6 ay il müddətinə azadlıqdan məhrum edilib.
Məhəmməd Kekalovun son sözünün tam mətni:
Birinci, gəlin, Məhəmməd Kekalovu tanıyaq.
Məhəmməd Kekalov təhsilini Amerikada alan 24 yaşında bir gəncdir.
Məhəmməd Kekalov dünyanın 22 ölkəsində ictimai-siyasi və sosial sahibkarlıq tədbirlərinin təşkilatçısıdır.
Məhəmməd Kekalov Azərbaycanın ali təhsil müəssisələrində sosial sahibkarlıq mövzusunda ilk elmi işi müdafiə edib.
Məhəmməd Kekalov Almaniyanın, İngiltərənin, Amerikanın sosial sahibkarlıq və startap müsabiqələrinin beynəlxalq çempionudur, evində bir şkaf dolusu kubok, medal saxlayır.
Məhəmməd Kekalov Azərbaycanın ən uğurlu, ən gəlirli sosial sahibkarlıq təşəbbüslərinin müəllifidir.
Cəmiyyət üçün müasir Azərbaycan gəncliyinin, təəssüf ki, 98,9 faizindən daha çox yararlı və nümunəvi gəncdir.
Hörmətli məhkəmə tərkibi, möhtərəm hakim!
Xahiş edirəm, məndən bir yadigar hədiyyə qəbul edəsiniz. Başqa bir şey deyil, adi kitabdır, səhifələrinin arasında da sətirlər və misralardır. Bu, ingilis yazıçısı Corc Oruellin “1984” kitabıdır. Ona görə sizə hədiyyə edirəm ki, bu kitabı oxuyarkən, əslində nə baş verdiyini bildiyiniz halda, gözlərinizin qarşısında canlandıra biləsiniz. Bunları qardaşım Heydər işləyib qazandığı pullarla alıb, qaçaq mal deyil.
“Abzas Media”da mən, deyildiyi kimi, bir-iki xırda tərcümə işi ilə məşğul olmuşam. “Abzas”la tanış olana qədər də, “Abzas” dövründə də mən sosial sahibkarlıqla məşğul idim. Mən 18 yaşımdan əlillərlə birgə biznes işi görürəm, normal gəlirim olub. Mənim öz müəllifi olduğum layihələr kifayət qədər məni məşğul edib. “Abzas Media”da hansısa vəzifə tutmağa mənim nə ehtiyacım olub, nə də vaxtım. Ülvi ilə dost olduğuma görə, arada vaxt edib ona kömək etmişəm. Məndən əvvəl də o, başqa adamlara tərcümə etdirib. Həbsxanada ingilis dilini yaxşı öyrənə bilməsə, çıxandan sonra da gedib özünə ayrı bir tərcüməçi tapacaq. Amma indi yazığım gəlib üç dənə tərcümə etmişəm deyə qaçaqmalçılıq nədir? Bu lüğətdən o biri lüğətə sözmü qaçırırdım?
Qaçaqmalçılıq etmək istəsəydim, edərdim. Elə edərdim, heç tutulmazdım da. O qədər yer gəzib görmüşük, azdan-çoxdan bilirik necə olur. İldə bir dəfə onsuz da gəzməyə getdiyim Amerikada gedib oturardım, heç buralarda qalmazdım.
Tutulandan sonra onsuz da hamı mənə deyir ki, “gərək qalardın, qayıtmazdın. Ağılsızsan, qayıtmısan”. Hətta istintaq zamanı dindiriləndə Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılov da məndən Azərbaycandan necə getməyin yolları barədə soruşurdu. Viza necə almaq olar, orada necə qalmaq olar, necə yaşamaq olar və sairə. Amma bu ölkənin əsl sahibi mənəm. Mənim kimi gənclərdir. Biz də onu bir yığın savadsızın ümidinə qoyub gedəsi deyilik.
Yox, amma əgər deyirsinizsə ki, mən qaçaqmalçıyam, onda mənə pul köçürənləri də tutmalısınız. Biri elə Azərbaycan Respublikasının Gənclər Fondudur. Ötən məhkəmələrdən birində Puerto Rikonun adını çəkdiniz. Puerto Riko xəritənin sol tərəfində, ortadadır. Məni də oraya Gənclər Fondu göndərib. Onlarla gedib-gəlmişəm. Belə çıxır ki, Gənclər Fondu “Abzas Media”ya pul buraxır? Məqsədimiz qaçaqmalçılıq olubsa, gətirin onları da mühakimə edin.
Ya da ki, bir alman şirkəti var – “Ottobock”. Əlil arabaları satırlar. Birlikdə bir müddət işləmişik. Gedin onları da tutun ki, “Abzas Media”nı maliyyələşdirirlər.
Eşitdiyiniz kimi, mən demirəm pul almamışam. Almışam. Oturmuşam, pulu mənim Beynəlxalq Bankın Zaqatala filialında Dövlət Vergi xidmətinin xeyir-duası ilə açdığım hesaba köçürüblər. Siz bu pulları müsadirə edə bilməzsiniz. Yox, edirsinizsə, xahiş edirəm, 18 yaşımdan, yəni, 2019-cu ildən mən hər il gəlir vergisi ödəmişəm, ödədiyim bütün vergilərin, dövlət sosial sığortalarının özümə geri qaytarılmasını tələb edirəm. Çirkli pullardan işsizlik sığortasımı tuturlar?
Hər bir halda, bu gün sizin verəcəyiniz hökmün mənim nəzdimdə, ən əsası isə tarix baxımından heç bir əhəmiyyəti yoxdur. Bu qandallar müvəqqətidir, əvvəl-axır açılacaq. Bir də var görünməyən qandallar. Azərbaycanda elə məmurlar, elə nazirlər yaşayır ki, onların qandalı ömürlükdür. Kimin hakim, kimin məhkum olduğunu vaxt göstərəcək.
İnsan son sözünü dünyadan köçəndə deyir. Adətən bu söz “əlvida” ilə başlayır. Bu baxımdan bu çıxışıma mən son söz demək istəmirəm. İstəmədiyim digər bir şey də, olmasın “Abzas Media”, olsun “RealTV”, olmasın Azərbaycan, olsun Amerika, mən hər yerdə öz haqqımı tələb etmişəm, ədalətsizlik qarşısında da susmamışam. Buradakılar da, siz də barəmdə çıxarılacaq hər hansı ədalətsiz qərara etirazım olmadığını fikirləşməsinlər. Əksinə, yaxşı ki, həbsxana təcrübəsi qazanmışam. Etiraz əhəmiyyətli olanda etiraz edirəm. Dərəyə sürdüyünüzə görə sizdən incimirəm. Mən də başa düşürəm ki, qatıq bəzən qara olmalıdır.
Ona görə də mən son sözümü deməyəcəm. Çünki deyəcəklərimin sonu yoxdur, düşüncələrimin sonu yoxdur. Cismim azad olmasa da, düşüncəm, ruhum, fikirlərim heç olmadığı kimi hürr və azaddır.
Ona görə də bu gün bu hökmə gözlənilən qədər etiraz etməməyimin səbəbi budur. Çünki etiraz effektiv nəticələr yaratdığı halda vacib addımdır. Bu gün sərt etiraz etdiyim yeganə məqam qanunun aliliyinin əsas qoruyucusu olan məhkəmə hakimiyyətinin bu zaldakı nümayəndələrinin xalqın etimadına əsaslanaraq, öz vicdanları ilə, qanun çərçivəsində müstəqil və qərəzsiz hökm verə bilməməsidir.