Bakının Nəsimi rayonunda vətəndaşın evini qanunsuz sökməkdə təqsirli bilinən Əlisahib Əzizov azadlığa buraxılıb.
Bununla bağlı qərarı Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb. Əzizov barəsində Bakı Apellyasiya Məhkəməsi 4 il müddətə azadlıqdan məhrumetmə qərarı çıxarmışdı.
O, bu qərarın dəyişdirilməsi üçün məhkəməyə müraciət edib. İyunun 17-də kassasiya şikayətinə baxılıb və aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilib. Əlisahib Əzizova yaşayış yerini tərk etməmək şərtilə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Əzizov “Pilot-16” MMC-də iş icraçısı vəzifəsində işləyərkən heç bir rəsmi sənəd olmadan vətəndaş Məhbubə Quliyevaya məxsus evi və həyətdəki tikilini sökməkdə təqsirli bilinirdi. Ona qarşı mülkiyyət əleyhinə və vəzifə cinayətini əhatə edən maddələrlə sanksiya tələb edilmişdi.
Elə həmin dövrdə zərərçəkənlər "Pilot 16" MMC-nin keçmiş millət vəkili Əsabil Qasımova aid olduğunu bildirilsələr də, açıq mənbələrdə bununla bağlı hər hansısa məlumata rast gəlinməyib.
Ancaq “Abzas Media” “Pilot 16” MMC-ni Qasımovlara bağlayan ipucu aşkarlayıb. Belə ki, şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınanda onun qanuni təmsilçisi Hüseyinli Məhyəddin Qafar oğlu olub. Məhyyədin Hüseynli həm də ölkənin ən böyük quşçuluq fabriki olan “Azərquşçuluq” MMC-nin rəhbəridir.
Dövlət Vergi Xidmətinin məlumatlarından aydın olur ki, “Azərquşçuluq” MMC-nin rəhbərlərindən biri də Qasımov Təyyub Qarakişi oğludur. O, keçmiş millət vəkili Əsabil Qasımovun qardaşıdır.
Beləliklə, Məhyəddin Hüseynli Qasımovlarla eyni şirkətdə təmsil olunub. Hazırda da “Pilot 16” MMC-nin idarəçiliyini Məhyəddin Hüseynli və Aslan Quliyev adlı şəxs növbələşmə yolu ilə həyata keçirir.