"İşçi masası" Həmkarlar İttifaqı Konfederasiyası baş verənlərlə bağlı ölçü götürülməsini tələb edir
6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan ictimai fəal Elvin Mustafayevə işgəncə verildiyi bildirilir.
Bu barədə məlumatı "İşçi masası" Həmkarlar İttifaqı Konfederasiyası yayıb.
Bildirilib ki, Elvin Mustafayevin 1 aydan çoxdur karserdə saxlanılmasının səbəbi və ona qarşı işgəncə halları üzə çıxıb.
"Elvin Mustafayev cəzaçəkmə müəssisəsinə gətirildiyi ilk gün müəssisə rəisi Fariz Əliyevin otağına aparılıb. Onun yaxınlarına verdiyi məlumata əsasən, otağa daxil olan kimi rəis Fariz Əliyev ona “bura gəldiyin zonlar kimi deyil, burada ağıllı ol” deyərək üzünə şillə vurub.
Elvin Mustafayev bu hərəkətə etiraz edib və bunun qanunsuz, alçaldıcı olduğunu bildirib. Bundan sonra müəssisənin rejim əməliyyatçıları - Samir və Əli adlı şəxslər də rəisə qoşularaq Elvin Mustafayevə ağır fiziki işgəncə veriblər", - məlumatda qeyd olunub.
Bildirilib ki, bir neçə gün əvvəl Elvin Mustafayevin səhhətində yaranmış problemlərlə bağlı yayılan məlumat da məhz bu işgəncələrin nəticəsi olub.
"Rəis Fariz Əliyev və rejim əməliyyatçılar da daxil olmaqla 15 nəfər xüsusi amansızlıqla Elvinə qarşı fiziki zorakılıq tətbiq ediblər. Baş və bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr endirilib, nəticədə qulağı partlayıb, huşunu itirib və 3 gün qulağından qan gəlib. Hadisədən bir aydan artıq müddət keçməsinə baxmayaraq, Elvin qulağında iltihab və bədənində kəskin ağrıların davam etdiyini deyir", - məlumatda qeyd olunub.
"İşçi Masası" Həmkarlar İttifaqı Konfederasiyası baş verənlərlə bağlı Ombudsman Aparatından və Penitensiar Xidmətdən dərhal ölçü götürülməsini, adları çəkilən vəzifəli şəxslərin - rəis Fariz Əliyev, Samir və Əlinin məsuliyyətə cəlb olunmasını tələb edib.
Elvin Mustafayev mayın 6-da saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başladıqdan sonra 14 günlük cərimə kamerasına salınıb, bu müddətdə isə 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Mayın 19-da ümumi kameraya keçirilməsi gözlənilsə də, cərimə müddəti 10 gün artırılıb. Mayın 29-da bu müddətin bitəcəyi gözlənilirdi, lakin onun cərimə kamerasında saxlanma müddəti daha bir ay uzadılıb.
“İşçi Masası” Həmkarlar İttifaqı Konfederasiyasının üzvü Elvin Mustafayev 2023-cü il yanvarın 31-də 3 il azadlıqdan məhrum edilib. Ona qarşı əvvəlcə satış məqsədilə külli miqdarda narkotik daşıma ittihamı irəli sürülsə də, məhkəmə bu ittihamı dəyişərək fəalı satış məqsədi olmadan külli miqdarda narkotik əldə edib saxlamaqda təqsirli bilib. Mustafayev ittihamları rədd edib və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib.
Hüquq müdafiəçiləri Elvin Mustafayevi siyasi məhbus kimi tanıyırlar. Onların hesabatlarına əsasən, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Rəsmi qurumlar isə bu iddiaları qəbul etmir.