“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin səhhətində problem yaranıb.
Bu barədə onun vəkili Zibeydə Sadıqova "Meydan TV"yə məlumat verib. Vəkil bildirib ki, 6 saylı cəzaçəkmə müəssisəsində cərimə kamerasında (“kars”) saxlanılan fəal görüşü zamanı ona qulağında problemlər yarandığını bildirib:
“Elvinin sağlamlığı ilə bağlı həmişə problemi olub. Görüşəndə mənə bildirdi ki, on gün ərzində qulağında ağrılar olub və iltihab yaranıb, çirk gəlib. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi və Penitensiar Xidmətinə onun müayinədən keçirilməsi ilə bağlı müraciət etmişəm. İstəyimiz budur ki, Elvin müayinədən keçirilsin və tibbi sənədlər mənə təqdim edilsin”.
Sadıqova deyir ki, Elvin cərimə kamerasında saxlanıldığı üçün ailəsi də ondan məlumat ala bilmir.
“Bununla bağlı da Ombudsman Aparatına müraciət etmişəm ki, ona baş çəksinlər, saxlanma şəraiti ilə tanış olsunlar", - vəkil bildirib.
Elvin Mustafayev 2025-ci il mayın 6-dan müxalif siyasətçi Tofiq Yaqublu və digər siyasi məhbusların azad olunması tələbilə aclıq aksiyasına başlayandan sonra saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisənin karserinə salınıb.
Sonradan o, 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Daha sonra vəkili Zibeydə Sadıqova "Meydan TV"yə bildirib ki, 6 saylı cəzaçəkmə müəssisəsi Nizami Rayon Məhkəməsinə Elvin Mustafayevin cəzasının ciddi rejimli Qobustan həbsxanasında çəkməsinə dair təqdimat verib.
Hakim Nəriman Mehdiyevin icraatında olan işə iyunun 12-də baxılması nəzərdə tutulsa da, prokuror prosesdə iştirak etmədiyi üçün məhkəmə iyunun 19-na təyin edilib.
“İşçi Masası” Həmkarlar İttifaqı Konfederasiyasının üzvü Elvin Mustafayev 2023-cü il yanvarın 31-də 3 il azadlıqdan məhrum edilib. Ona qarşı əvvəlcə satış məqsədilə külli miqdarda narkotik daşıma ittihamı irəli sürülsə də, məhkəmə bu ittihamı dəyişərək fəalı satış məqsədi olmadan külli miqdarda narkotik əldə edib saxlamaqda təqsirli bilib. Mustafayev ittihamları rədd edib və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib.
Hüquq müdafiəçiləri Elvin Mustafayevi siyasi məhbus kimi tanıyırlar. Onların hesabatlarına əsasən, hazırda Azərbaycanda 375 siyasi məhbus var. Rəsmi qurumlar isə bu iddiaları qəbul etmir.