İran iyunun 16-sı gecə saatlarında İsrailə qarşı növbəti dəfə raket hücumu həyata keçirib. “The Times of Israel” qəzetinin yaydığı məlumata görə, hücum nəticəsində azı 5 nəfər həlak olub. Həlak olanların meyitləri dağıntılar altından çıxarılıb, axtarış-xilasetmə işləri isə davam etdirilir.
İsrailin “Magen David Adom” təcili yardım xidməti bildirir ki, hücum nəticəsində 92 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 5-nin vəziyyəti orta ağır, digərlərinin isə yüngül yaralandığı bildirilir.
Tehran yeni hücumda İsrailin hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün “innovativ metodlardan” istifadə etdiyini bildirib.
İsrailin müdafiə naziri İsrael Katz deyib ki, İranın zərbələri İsrail ordusunu atdığı addımlardan çəkindirmək xarakteri daşıyır.
“İran tərəfinin ölkəmizə endirdiyi və 21 nəfərin ölümünə, yüzlərlə dinc sakinin yaralanmasına səbəb olan zərbələrdən Tehran sakinləri əziyyət çəkəcək. İranın ali diktatoru artıq İsrailin dinc sakinlərinə atəş açan diktatora çevrilib. Tehran sakinləri tez bir zamanda buna görə ağır şəkildə cavab verəcəklər".
Bu arada, İsrail də iyunun 16-da səhər saatlarında İranın Kirmanşahdakı hədəflərinə növbəti dəfə hava zərbəsi endirib. Bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir. Raketlərin dəqiq hədəfinin hara olduğu hələ ki, bəlli deyil.
İran xarici işlər naziri Abbas Əraqçi iyunun 16-da diplomatik korpusun nümayəndələri ilə görüşdə bildirib ki, əgər İsrail hücumları dayandırsa, Tehran da raket zərbələrinə son qoymağa hazırdır. Əraqçi qeyd edib ki, İran bölgədə münaqişənin genişlənməsində maraqlı deyil və özünü müdafiə məqsədi ilə hərəkət edir.
Əraqçi ABŞ-ni İsrailin hücumlarını dəstəkləməkdə ittiham edib və bildirib ki, bu hücumlar Tehran və Vaşinqton arasında Oman vasitəsilə aparılan nüvə danışıqlarını pozmaq məqsədi daşıyır.
İran tərəfi ABŞ-ni İsrailin hərəkətlərini pisləməyə çağırıb və nüvə silahına malik olmağa can atmadığını bildirən, lakin “nüvə hüquqlarından” imtina etməyəcək bir razılaşmaya hazır olduqlarını bəyan edib.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İran əleyhinə zərbələrdə iştirakını təkzib edir. O, eyni zamanda, Tehranla nüvə proqramı üzrə tezliklə razılıq əldə olunmasının tərəfdarıdır və razılaşma olacağı təqdirdə ABŞ-nin münaqişəyə son qoymağa hazır olduğunu bildirir. Vaşinqton danışıqlar zamanı İranın uranı zənginləşdirməkdən imtinasında israr edir.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə Almaniya, Fransa və Böyük Britaniyanın İranla dərhal nüvə danışıqlarına başlamağa hazır olduğunu açıqlayıb. O, münaqişənin başa çatmasının hər iki tərəfdən asılı olduğunu vurğulayıb.
İran iyunun 13-də İsrailin Tehrandakı hərbi və nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq ilk dəfə raket hücumlarına başlamışdı. Həmin vaxt təxminən 100 raket istifadə edilmişdi. Əsasən İsrailin şimal bölgələri və Tel-Əviv ətrafı hədəfə alınmışdı. Bat-Yam şəhərində bir neçə yaşayış binası tamamilə dağıdılmışdı.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, qarşıdurmanın başladığı vaxtdan bəri ölkədə 15 nəfər ölüb, 400-dən çox insan yaralanıb, 700-ə yaxın sakin isə evsiz qalıb. Onlar otellər və müvəqqəti sığınacaqlara yerləşdirilib.
İran Səhiyyə Nazirliyi isə bildirir ki, münaqişə başladıqdan sonra ölkədə azı 224 nəfər həlak olub, minlərlə insan xəstəxanaya yerləşdirilib. ABŞ-də yerləşən “Human Rights Activists in Iran” təşkilatı isə ölənlərin sayının 400-dən çox olduğunu iddia edir.
İsrail Müdafiə Qüvvələri (IDF) bəyan edib ki, onların zərbələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” ordusu qərargahlarını hədəfə alıb. IDF bu qərargahların regionda vasitəçilər vasitəsilə İsrailə qarşı planlaşdırılan terror hücumlarında istifadə edildiyini bildirir. Ordunun yaydığı görüntülərdə onlarla obyektin vurulduğu göstərilib.
Qüds ordusunun komandiri general İsmail Qaani daha əvvəlki hücumlar zamanı öldürülüb. O, 2020-ci ildə ABŞ hücumu nəticəsində Bağdadda həlak olan Qasım Süleymaninin yerinə təyin olunmuşdu.