İyunun 10-da "Abzas Media işi" üzrə keçirilən növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.
İş üzrə 2023-cü il dekabrın 13-də həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalının vəkili Rəsul Cəfərov çıxışında bildirib ki, məhkəmə baxışı zamanı sübutların tədqiqi nəticəsində müvəkkilinin ona istinad edilən cinayət əməllərini törətməsi sübuta yetirilməyib.
Rəsul Cəfərovun məhkəmədəki çıxışı:
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zaman təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı sübutların tədqiqi nəticəsində Babalı Hafiz Ərköyün oğlu tərəfindən ona istinad edilən cinayət əməllərini törətməsi sübuta yetirilməmişdir.
Hafiz Babalıya qarşı olan ittihamlar anlaşılan və onunla əlaqəli deyil
İttihama əsasən, Hafiz Babalı mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə belə əmlakın konversiyası və köçürülməsi, həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və digər əqdlərin həyata keçirilməsi nəticəsində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmış, mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, ondan gizli və bəyan etməməklə külli miqdarda pul vəsaitlərini ölkə xaricindən qaçaqmalçılıq yolu ilə keçirmiş, mütəşəkkil dəstə halında xeyli miqdarda vergiləri ödəməkdən yayınmış, mütəşəkkil dəstə halında hüquq verən və vəzifədən azad edən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və bilə-bilə saxta sənədlərdən istifadə etmişdir.
İlk növbədə qeyd edilməlidir ki, istintaq orqanı 9 səhifə uzunluğunda olan bir cümlədən ibarət ittihamlar yazıb. Üstəlik ittihamlar iş materiallarında olan hər hansı bir sübutlarla təsdiq edilməyən və sırf müstəntiqlərin fərziyyəsi olan “tamah niyyəti ilə”, “ümumi cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü”, “cinayətlərin törədilməsinin uzun müddət davam edən sistemli planını hazırlamış” kimi şablon ifadələrlə, eyni ifadələrin dəfələrlə təkrarlanması ilə, məzmun olaraq daha da mürəkkəbləşdirilmişdir. Mürəkkəb cümlələrdə heç də az olmayan sintaksis səhvləri bəzən ittihamın mahiyyətini mücərrəd, anlaşılmaz və qarmaqarışıq etmişdir. Bununla istintaq orqanı sanki irəli sürdüyü ittihamları pərdələməyə, ittihamlara saxta legitimlik verməyə çalışır. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) artıq, Azərbaycanın məhkəmə təcrübəsində rastlanan bu problemlə bağlı öz mövqeyini ifadə edib:
“Hazırkı işin hallarına qayıdaraq, Məhkəmə qeyd edir ki, 2 avqust 2014-cü ildə ərizəçiyə qarşı irəli sürülən üç ilkin ittihamın təsviri bu cür sənəddən gözlənilən tutarlılıq, ardıcıllıq və aydınlıq səviyyəsindən məhrumdur. Xüsusilə, təsvir çap mətninin təxminən bir səhifəsini əhatə edən bir cümlədən ibarət idi”. (Rəsul Cəfərov işi, 69981/14, par.121)
Buna rəğmən bu 9 səhifəlik cümlədə, eləcə də bütövlükdə ittiham aktında Hafiz Babalının konkret hansı əməlləri törədərək birbaşa qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, cinayət yolu ilə əldə edilmiş hansı əmlakı və necə leqallaşdırdığı, konkret olaraq nə vaxt, hansı yolla və hansı əmlakı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdiyi, hansı vergi öhdəlikləri olduğu və bu öhdəliklərini həyata keçirməkdən yayındığı, hansı rəsmi sənədləri və necə saxtalaşdırdığı və hansı saxta sənədlərdə və necə istifadə etdiyi məlum olmur.
İtthamın iddiası ondan ibarətdir ki, hansısa mütəşəkkil dəstə qeyd olunan cinayətləri törədib və güya Hafiz Babalı da bu mütəşəkkil dəstənin üzvü olub. İttihamdan birbaşa Hafiz Babalıya aid edilən əməllər aşağıdakılardan ibarətdir:
... “www.abzas.org” adlı internet səhifəsi, “Facebook”, “Twitter”, “Youtube”, Instagram”, “TikTok” sosial şəbəkələrində hesabları yaradılmaqla guya “AbzasMedia” adlı qurumun qanuni əsaslarla fəaliyyət göstərən “azad və peşəkar media orqanı” olması görüntüsü formalaşdırılmış və Hafiz Babalı da həmin qurumun fəaliyyətinə cəlb edilmişdir;
“Ülvi Həsənli...“AbzasMedia” adlı təşkilatın rəhbəri kimi, mütəşəkkil dəstə üzvlərindən Abbasova Sevinc Vaqif qızını baş redaktor, Kekalov Məhəmməd Şamil oğlunu icraçı direktorun köməkçisi və tərcüməçi, Absalamova Nərgiz Fəzail qızını və Qasımova Elnarə Bahadar qızını video reportyor, Babalı Hafiz Ərköyün oğlunu araşdırmaçı jurnalist, Mehralızadə Fərid İsa oğlunu iqtisadi məsələlər üzrə ekspert kimi təqdim edilmişdir”.
Hafiz Babalıya verilən ittihamdan belə anlaşılır ki, o, sadəcə mütəşəkkil cinayətkar dəstənin üzvü hesab olunduğu üçün ona da bu ittihamlar verilmişdir. Burada xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 320.1 və 320.2-ci maddələri ilə Hafiz Babalıya ittihamın verilməsi istintaq orqanı tərəfindən ona qarşı qərəzi nümayiş etdirir. Belə ki, bir yandan işdə Hafiz Babalı tərəfindən nə hər hansı rəsmi sənədin saxtalaşdırılması, nə də belə bir saxta sənəddən istifadə etməsi ilə bağlı heç bir cümlə belə keçmir.
Digər yandan isə CM-nin 320.1 və 320.2-ci maddələrində “mütəşəkkil dəstə tərəfindən törədilmə” kimi tövsifedici əlamət ümumiyyətlə nəzərdə tutulmur. Əgər işdə həqiqətən də saxta sənədin hazırlanması və ondan istifadə edilməsi varsa, bu ittihamlar konkret bu əməli törətmiş şəxsə verilə bilərdi.
Hafiz Babalı cinayət fəaliyyəti ilə məşğul olan heç bir mütəşəkkil dəstənin üzvü olmamışdır
Beləliklə, Hafiz Babalıya verilən bütün ittihamların həlledici aspekti onun mütəşəkkil cinayətkar dəstənin üzvü hesab edilməsidir. İttiham tərəfinin Hafiz Babalının hansısa bir mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə gəldiyi qənaət açıq aşkar şübhəli və qərəzlidir, ümumiyyətlə hər hansı ciddi və mötəbər sübuta istinad edilmir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mütəşəkkil dəstənin anlayışının iki əsas kriteriyası var: (1) Əvvəlcədən cinayət törətmək niyyəti ilə birləşmə (məhz bu xüsusiyyət mütəşəkkil dəstəni hər hansı birləşmə növündən ayırır); (2) Mütəşəkkil dəstədə üzvlər arasında cinayətkar vəzifələrin konkret müəyyən edilməsi.
Hafiz Babalıya qarşı irəli sürülmüş ittihamların heç birində onun digər təqsirləndirilən şəxslərlə əvvəlcədən cinayət törətmək məqsədi ilə birləşdiyini göstərən heç bir sübut mövcud deyil. Əksinə iş materiallarından Hafiz Babalının “Turan” İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru vəzifəsində davamlı əsaslarla fəaliyyət göstərdiyi və “AbzasMedia” ilə ictimai xarakterli fəaliyyət çərçivəsində araşdırma jurnalistikası ilə məşğul olduğu görünür.
İttihama əsasən, “Ülvi Həsənov mütəşəkkil dəstə üzvləri ilə qabaqcadan razılaşdırılmış ümumi cinayətkar niyyətlərindən çıxış edərək … özünü faktiki olaraq dövlət qeydiyyatına alınmamış, rəsmi şəkildə təsisçiləri, üzvləri və köməkçilərdən ibarət iştirakçıları mövcud olmayan “AbzasMedia” adlı təşkilatın rəhbəri kimi, mütəşəkkil dəstə üzvlərindən Abbasova Sevinc Vaqif qızını baş redaktor, Kekalov Məhəmməd Şamil oğlunu icraçı direktorun köməkçisi və tərcüməçi, Absalamova Nərgiz Fəzail qızını və Qasımova Elnarə Bahadar qızını video reportyor, Babalı Hafiz Ərköyün oğlunu araşdırmaçı jurnalist, Mehralızadə Fərid İsa oğlunu iqtisadi məsələlər üzrə ekspert kimi təqdim etmiş”dir.
Göründüyü kimi, Hafiz Babalının araşdırmaçı jurnalist kimi “AbzasMedia” ilə əməkdaşlığı onun cinayətkar vəzifə daşıması kimi qiymətləndirilmişdir. Halbuki, cinayət işinin materiallarında Hafiz Babalının “AbzasMedia”da “araşdırmaçı jurnalist” vəzifəsini daşımasına və buna görə hər hansı formada maddi ödəniş almasına dair sübut mövcud deyil.
Digər tərəfdən Hafiz Babalı araşdırmaçı jurnalist kimi “AbzasMedia” ilə əməkdaşlıq etməyə 2022-ci ildə başlasa da, əvvəlki dövrü əhatə edən ittihamlar üzrə də mütəşəkkil dəstənin üzvü kimi təqdim edilmişdir. O da nəzərə alınmalıdır ki, iş üzrə tanınmış təqsirləndirilən şəxslər və şahidlərin hamısı məhkəmə araşdırması zamanı birmənalı və aydın şəkildə bildirmişlər ki, Hafiz Babalı “AbzasMedia”nın əməkdaşı olmamış, “AbzasMedia”nın ofisində fəaliyyət göstərməmiş, ofisə araşdırma yazılarının müzakirəsi üçün bir neçə dəfə gəlmiş, onun “AbzasMedia” tərəfindən hazırlanan və icra edilən layihələrdən məlumatı olmamış və qurumun cari və strateji idarəetmə fəaliyyətində iştirak etməmişdir.
Hafiz Babalı bütün ibtidai istintaq zamanı və məhkəmə gedişində dəfələrlə bildirmişdir ki, o, araşdırmaçı jurnalistika fəaliyyətinə görə siyasi sifarişlə cinayət məsuliyyətinə cəlb edilib. İşdə adının keçdiyi hər cümlədə Hafiz Babalının araşdırmaçı jurnalist kimi göstərildiyi və bundan başqa onun hər hansı digər əməli törətməsi barədə sübutun olmadığına baxmayaraq ibtidai istintaq onun bu arqumentlərini subyektiv mülahizələrindən ibarət yazılı qeydlər olması əsası ilə rədd etmişdir.
Əgər Hafiz Babalı ittiham tərəfinin “sübutlar”ı əsasında, ona verilən ittihamlarla, mütəşəkkil dəstə üzvü kimi məhkum olunarsa, bu açıq aşkar onun Konvensiyanın 6-cı maddəsində təsbit edilən hüquqlarının pozuntusu olacaq.
Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.
AİHM Konvensiyanın 6-cı maddəsinin pozuntusu olub-olmadığını müəyyən edilməsi ilə bağlı bildirib ki, cavab verilməli olan sual bütövlükdə məhkəmə icraatının, o cümlədən sübutun əldə edilmə üsulunun ədalətli olub-olmamadığıdır (Xan Birləşmiş Krallığa qarşı, § 34; P.G. və C.H. Birləşmiş Krallığa qarşı, § 76; Allan Birləşmiş Krallığa qarşı, § 42).
Məhkəmə bütövlükdə məhkəmə icraatının ədalətsiz olub-olmadığını müəyyən etmək üçün işdə olan sübutun məhkəmə icraatının nəticəsi üçün həlledici olub-olmadığına və bu sübutun necə əldə olunduğuna və araşdırıldığına əhəmiyyət verir (Gefgen Almaniyaya qarşı).
Bundan əlavə hesab edirik ki, belə məhkumluq Hafiz Babalının Konvensiyanın 10 və 11-ci maddələrində təsbit edilmiş hüquqlarının pozuntusunu təşkil edəcək.
Konvensiyanın 10-cu maddəsində deyilir:
1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
Konvensiyanın 11-ci maddəsində deyilir:
1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.
Hafiz Babalıya verilən ittihamda birbaşa deyilir ki, onun Ülvi Həsənov, Abbasova Sevinc Vaqif qızı, Kekalov Məhəmməd Şamil oğlu, Absalamova Nərgiz Fəzail qızı, Qasımova Elnarə Bahadar qızı və Mehralızadə Fərid İsa oğlu ilə birləşdiyi təşkilat mütəşəkkil dəstədir, həmçinin onun həmin təşkilatdakı araşdırmaçı jurnalist kimi fəaliyyəti mütəşəkkil cinayətkar dəstənin tərkibində cinayətkar fəaliyyətdir. Bu şəkildə verilmiş ittiham Hafiz Babalının Konvensiyanın 10-cu maddəsi ilə təsbit edilən jurnalist kimi ifadə azadlığına müdaxilədir.
Media fəaliyyəti üçün birləşən və media qurumu ilə əməkdaşlıq edən şəxslərin birliyinin mütəşəkkil cinayətkar dəstə adlandırılması Konvensiyanın 11-ci maddəsi ilə təsbit edilən birləşmə azadlığına müdaxilədir.
Bu müdaxilənin hüquqa uyğun olması üçün müdaxilə üç şərtə cavab verməlidir:
- Qanunla nəzərdə tutulmalıdır;
- Legitim məqsəd daşımalıdır;
- Demokratik cəmiyyətdə zəruri olmalıdır.
Hafiz Babalının Konvensiyanın 10 və 11-ci maddələri nəzərdə tutulan hüquqlarına müdaxilə formal olaraq CM-dən götürülmüş maddələr əsasında həyata keçirilsə də, açıq aşkar əsassız ittihamlardır və ona qarşı belə ittihamların irəli sürülməsi hakimiyyətdən sui-istifadə xarakteri daşıyır.
Bununla yanaşı hesab edirik ki, bu müdaxilələr hər hansı legitim məqsəd daşımırdı və demokratik cəmiyyətdə zəruri də sayıla bilməzdi. Hafiz Babalının “AbzasMedia” ilə əməkdaşlığının məqsədi araşdırma jurnalistikası vasitəsilə Azərbaycanda korrupsiya risklərini və faktlarını aşkar etməklə dövlətə yardım etmək, ictimai mənafelərə xidmət etmək olmuşdur. Bu müdaxilə Hafiz Babalının dəfələrlə bildirdiyi və ona qarşı irəli sürülən ittiham sənədində dolayısı ilə təsdiq olunduğu kimi məhz onun “AbzasMedia” ilə əməkdaşlığına görə baş vermişdir. Belə müdaxilə isə gizli məqsədlərlə insan hüquqlarına müdaxilə sayılır və bunun özü Konvensiyanın 18-ci maddəsinin pozuntusu hesab edilir.
Məhkəmə istintaqında Hafiz Babalı ibtidai istintaqın ciddi prosessual pozuntuya yol verdiyini bildirib və bu əməli onun həbsinə dair siyasi tapşırığın tez-tələsik icra edilməsi kimi qiymətləndirib. Onun bu cinayət işi üzrə tutulması faktının detalları iş materialları, bu sıradan 13.12.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” Protokolla uyğun gəlmir.
Məhkəmə ifadəsində Babalı bildirib ki, tutulma hadisəsi 13.12.2023-cü il tarixində Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) saat 18.10-da deyil, həmin gün səhər saatlarında (təxminən 11.05 radələrində) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərnişin stansiyasında, Sumqayıt-Pirşağı-Bakı qatarından düşərkən mülki geyimli şəxslər tərəfindən yerinə yetirilib. Tutulmanı icra edən əməliyyat qrupu onun üzərində olan sənədləri (şəxsiyyət vəsiqəsi, bank kartları) və “Xiomi Redme Not 10” markalı smartfonu götürüb, qollarını arxadan qandallayaraq mülki avtomobildə Bakı Dairəvi avtomobil yoluna gətirib, burada onu başqa bir mülki avtomobilə təhvil verib.
Daha sonra avtomobil Sumqayıta yola düşüb. Burada qrupa həmin cinayət işini aparan müstəntiqlər qrupunun rəhbəri Toğrul Hüseynov qoşulub və Hafiz Babalının Sumqayıt şəhərindəki mənzilində 08.12.2023-cü il tarixli məhkəmə qərarı əsasında axtarış və götürmə istintaq hərəkəti yerinə yetirilib. Mənzildə axtarış başa çatdıqdan sonra Hafiz Babalı BŞBPİ-yə dindirilməyə gətirilib.
“Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” Qərarda (13.12.2023-cü il, saat 18.10) və “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” Protokolda (13.12.2023-cü il, saat 20.05) tutulmanın əsası kimi ibtidai istintaq zamanı toplanmış sübutlara əsasən H.Ə.Babalının AR CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhənin yaranması göstərilib. Lakin iş materiallarından göründüyü kimi, Hafiz Babalı cinayət işinin əhatə olunduğu 2020-2023-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyib və bu səbəbdən 206.3.2-ci maddə ilə şübhəli şəxs ola bilməzdi.
Qaçaqmalçılıq ittihamının əsassızlığına dair dəlillər
2023-cü ildən etibarən Azərbaycanda qeyri-hökumət təşkilatları və media qurumlarına qarşı genişmiqyaslı cinayət işləri başlanmış və ittihamların əsas motivi valyuta qaçaqmalçılığı olmuşdur. Lakin irəli sürülmüş ittihamların qanuni əsası yoxdur.
Hazırki cinayət işinin başlandığı qaçaqmalçılıq əməli tərkibinin obyektiv cəhəti və hazırda bu cinayətlə bağlı tətbiq edilən praktika cinayətin predmeti olan valyutanın məhz gömrük sərhədində aşkarlanmalı olmasını tələb edir.
“AbzasMedia”ya qarşı açılmış cinayət işində isə cinayətin predmeti olduğu iddia edilən xarici valyuta ofisdən götürülüb (məhkəmə araşdırması zamanı nümayiş etdirilmiş videogörüntülərdə aşkarlandığı iddia edilən pul vəsaitinin ora hansı qaydada və hansı əməliyyatçı tərəfindən qoyulmasına dair xüsusatlar görünsə də, məhkəmə onları tam və obyektiv araşdırmadı).
Həmin xarici valyutanın ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyinin sübutu kimi isə yalnız “AbzasMedia” əməkdaşlarının müəyyən vaxtlarda ölkə sərhədindən çıxması və sərhəddən ölkəyə daxil olması ilə bağlı məlumatlar göstərilib ki, bu məlumatlar özlüyündə prima facie obyektiv müşahidəçidə cinayətin törədilməsi qənaətinə gəlməyə kifayət etmir.
Qeyd edilən dəlil Hafiz Babalıya münasibətdə ümumiyyətlə tətbiq edilə bilmir və ona qarşı irəli sürülmüş ittihamın növbəti dəfə əsassız və absurd olduğunu göstərir. Belə ki, istintaqın özünün əldə etdiyi giriş-çıxış məlumatlarından görünür ki, Hafiz Babalı 2010-2019-cu illər ərzində 22 dəfə ölkəni tərk edib və geri qayıdıb. Tarixlərdən göründüyü kimi Hafiz Babalı ona istinad edilən cinayət əməllərinin törədilməsi tarixlərində ümumiyyətlə Azərbaycan Respublikasını tərk etməyib. Hafiz Babalının ümumiyyətlə ölkədən getmək hüququ 2021-ci ildən Sumqayıt Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış qərarı ilə məhdudlaşdırılıb.
CM-in 206-cı maddəsinin Qeyd hissəsinin göstərişinə görə, qaçaqmalçılıq cinayət tərkibinin yaranması üçün ən azı əlli min manatdan yuxarı məbləğin gömrük sərhədindən keçirilməsi lazımdır. Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 1 nömrəli Əlavəyə əsasən, 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarının 8-ci bəndinə əsasən, gömrük sərhədindən qeyri-qanuni yolla keçirilmiş xarici valyutanın dəyəri həmin valyutanın cinayətin törədildiyi vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan Manatına münasibətdəməzənnəsi əsasında tənzimlənir. İstintaq materiallarından cinayətin predmeti olduğu iddia edilən xarici valyutanın konkret hansı tarixdə gömrük sərhədindən keçirildiyi, keçirilmə zamanı milli valyutaya münasibətdə məzənnəsi, həmin məbləğin cinayət tərkibinin yaranması üçün tələb edilən minimum həddi keçməsi, keçirilmiş məbləğin bir dəfəyə, yoxsa ayrı-ayrı vaxtlarda keçirilməsi, sonuncu ehtimalda vahid niyyətlə əhatə olunması və cinayət tərkibinin yaranmasına kifayət etməsi ilə bağlı məsələlərə münasibət bildirilmir.
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamının əsassızlığına dair dəlillər
Digər absurd bir ittiham - cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamına gəldikdə, bu ittihamla bağlı diqqəti çəkən ilk məsələ onun predmetinin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirildiyi iddia edilən xarici valyuta olmasıdır. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin predmeti qismində CM-də təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər çıxış edir.
CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrinin dispozisiyalarına əsasən leqallaşdırma birbaşa qəsdlə törədilən cinayətdir. Cinayətin subyektiv cəhətinin mütləq əlamətləri qismində təsbit edilən hallar – şəxsin əmlakın cinayət yolu ilə əldə edilməsini bilməsi və CM-in 193-1.1.1, 193.1.1.2-ci maddələrində təsbit edilən hərəkətləri həmin əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə törətməsi onun cinayət məsuliyyəti daşımasının zəruri şərtləri olmaqla, cinayət prosesi gedişində CPM-in 139.0.2-ci maddəsinə və digər müddəalarına əsasən sübuta yetirilməlidir.
Bu tərkib, adətən, özündən əvvəl törədilmiş predikativ hüquq pozuntusu ilə müşayiət olunur. Ali Məhkəmənin mövqeyinə görə, predikativ hüquq pozuntusu birbaşa və ya dolayı yolla qanunsuz gəlirlərin əldə edilməsi ilə müşayiət olunan, istər Azərbaycan Respublikasının ərazisində, istərsə də onun hüdudlarından kənarda törədilən, həm ərazisində törədildiyi dövlətin qanunvericiliyinə, həm də Azərbaycan Respublikasının CM-ə əsasən cinayət hesab edilən (ikiqat kriminallıq yaradan) qəsdən törədilən əməldir.
Cinayətdən başqa digər hüquq pozuntusu, o cümlədən inzibati xəta kimi təsnif edilən əməl predikativ hüquq pozuntusu hesab edilmir.
Qrant alınması haqqında qanunvericiliyin pozulması yalnız inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 432-ci maddəsi qrant alınması və verilməsi haqqında qanunvericiliyin pozulması ilə bağlı məsuliyyəti müəyyənləşdirir. Analoji maddə cinayət qanunvericiliyində nəzərdə tutulmur. Belə olan halda, predikativ hüquq pozuntusu və dolayı olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin tərkibi yaranmır. Bu isə öz növbəsində, törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hərəkətə görə şəxsin cinayət törətməkdə təqsirli hesab edilməsini qadağan edən Konvensiyanın 7-ci maddəsinə, eləcə də həmin maddənin əsasında duran nullum crimen, nulla poena sine lege prinsipinə ziddir.
İstintaq orqanı xarici valyutanın donorlar vasitəsilə “AbzasMedia”ya qrant kimi verildiyini iddia edir, qrant alınması isə yerli qanunvericiliklə cinayət hesab edilmir. Bu əməlin törədildiyi ölkədə cinayət hesab edilməsi də iddia olunmur. Qrant alınması haqqında qanunvericiliyin pozulması yalnız inzibati xəta məsuliyyətinə səbəb olur. “Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 24-2.2-ci maddəsinə əsasən, müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır. Çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi – MONEYVAL-ın Azərbaycan üzrə son Hesabatına əsasən, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kontekstində ən yüksək riskli sahələrdən biri hesab edilsə də, ölkədə bu kontektsdə 2017-2022-ci illər arasında predikativ cinayət kimi qaçaqmalçılıq cinayəti üzrə aparılan ibtidai istintaq sayı və dolayı olaraq ittiham hökmü sayı sıfırdır.
İstintaq Hafiz Babalı tərəfindən hər hansı cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması ilə bağlı sübut əldə etməyib. Təqdim olunmuş sübutlar arasında Hafiz Babalının adı qrant müqavilələrində icraçı kimi müəyyən edilməyib. Eyni zamanda ibtidai istintaq və məhkəmə istintaqında ona münasibətdə əmlakın qeyri-leqal yolla əldə edilməsinə, onların leqallaşdırılmasına, bank-maliyyə əməliyyatlarının aparılmasına dair sübutlar mövcud olmadığından bu istiqamətdə heç bir araşdırma da aparılmayıb.
Qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamlarının əsassızlığına dair dəlillər
“AbzasMedia”ya qarşı irəli sürülən ittihamlardan bəziləri 2013-2014-cü illərdə bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı irəli sürülən ittihamlarla eynilik təşkil edir. Qanunsuz sahibkarlıq və vergidən yayınma cinayət ittihamlarını həm indiki, həm də 2013-2014-cü illərə aid ittiham aktlarında görmək mümkündür. Bu ittihamlar artıq bəzi işlərdə AİHM-in araşdırmasının predmeti olub. İttihamların konstruksiyasının eyniliyini nəzərə alsaq, həmin qərarlara nəzər salmaq faydalı olar.
AİHM “Rəsul Cəfərov Azərbaycana qarşı” iş üzrə qərarında formalaşdırdığı mövqeyi sonralar “Məmmədli Azərbaycana qarşı” və “Əliyev Azərbaycana qarşı” qərarlarında da tətbiq edib. “Rəsul Cəfərov Azərbaycana qarşı” iş üzrə qərarında Məhkəmə qeyd edib ki, ərizəçiyə qarşı irəli sürülən bütün faktlar onun dövlət qeydiyyatı olmayan QHT-də fəaliyyət göstərməsi və aldığı qrantları qeydə almaması faktından irəli gəlir. Nə ona qarşı ittiham irəli sürülən vaxt, nə də məhkəməyəqədər həbsdə saxlandığı bütün müddət ərzində şübhəni təsdiq edən başqa heç bir məlumat və dəlilin mövcudluğu göstərilməyib.
QHT-lərin qeydiyyatı ilə bağlı mövcud olan çətinliklər ucbatından ərizəçi individual olaraq qrantları qəbul edib və fəaliyyət göstərib. Məhkəmə daha sonra qeyd edib ki, nə yerli məhkəmələr, nə də Hökumət Cinayət Məcəlləsinin qrantların qeydə alınmamasını cinayət hesab edən hər hansı müddəasına istinad edə bilməyib.
Məhkəmə belə qərara gəlib ki, ərizəçi ağlabatan şəkildə “qanunsuz sahibkarlıq” cinayət əməlini törətməkdə şübhəli sayıla bilməzdi, çünki onun kommersiya fəaliyyəti ilə məşğul olmasını sübut edən faktlar, məlumatlar və sübutlar mövcud deyildi. Eyni məntiqlə, ərizəçi ağlabatan şəkildə “vergidən yayınma” cinayət əməlini törətməkdə şübhəli sayıla bilməzdi, çünki kommersiya fəaliyyəti olmadığı halda sadələşdirilmiş rejimdə vergi tutulan mənfəət də ola bilməzdi.
Nəticə və tələb
Müdafiə tərəfi olaraq bildiririk ki, Hafiz Babalıya qarşı irəli sürülmüş ittihamlar əsassız və qanunsuzdur. Nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı Hafiz Babalıya qarşı irəli sürülmüş ittihamlar üzrə onun təqsirini sübuta yetirəcək dəlil ortaya qoyulub. İttiham aktı istintaq orqanın formal mülahizələrinə əsasən tərtib olunub və Hafiz Babalının təqsirliliyi şübhədən kənar səviyyədə sübuta yetirilməmişdir. Tam əksinə iş üzrə istintaq orqanının özünün gətirdiyi dəlillər də müdafiə etdiyim şəxsin bu cinayət işinə aidiyyəti olmadığını və onun təqsirsizliyini əsaslı şəkildə göstərir.
“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur.
AİHM Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.
İş üzrə təqsirləndirilən şəxslər (Elnarə Qasımova, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Fərid Mehralızadə) məhkəmə istintaqı gedişində Hafiz Babalını bu cinayət işi başlananadək görmədiklərini və tanımadıqlarını deyiblər. Şahid qismində tanınmış şəxslər də məhkəmədə dindirildikləri zaman Babalı Hafiz Ərköyün oğlunu tanımadıqlarını bildiriblər. Aydındır ki, tanımadıqları adamın hər hansı cinayət törətməsinə şahid olması da mümkün deyil. Ancaq dövlət ittihamçısı Hafiz Babalıya cəza verilməsi təklifini irəli sürərkən qeyd edib ki, Hafiz Babalıya qarşı irəli sürülmüş ittihamlar şahid ifadələri və digər istintaq hərəkətləri (protokollar və s.) və Məhəmməd Kekalovun qismən etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. CPM-nin 95-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Maddənin normasından da aydın görünür ki, yalnız iş üzrə əhəmiyyət kəsb edən haldan xəbəri olan şahid dindirilə bilər. Ancaq bütün şahidlər Hafiz Babalını tanımadıqlarını bildiriblər.
CPM-in 124.2-ci maddəsində cinayət prosesində sübut kimi qəbul edilənlərin siyahısı göstərilib. Şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul edilir. Hafiz Babalının cinayət əməlini törətdiyini göstərən şahid ifadəsi və yaxud digər istintaq hərəkətlərinin protokolları mövcud deyil. Təqsirləndirilən şəxs Məhəmməd Kekalov məhkəmədə dəfələrlə bildirmişdir ki, o istintaqın təqibindən yaxa qurtarmaq üçün ona təqdim edilən bütün sənədlərə imza atıb. Məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi bütün ifadələri rədd etdiyini qeyd edib.
CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.
CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.İstintaq orqanı sübut kimi iş materiallarına əlavə etdiyi sənədlərin tədqiqini onların Hafiz Babalıya aid olmadığını və cinayət tərkibi yaratmadığını müəyyən etməyəcək qədər səthi aparılıb.
CM-nin 7-ci maddəsinin müddəalarından görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.
CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.
Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi).
AİHM müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi, yaxud da təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.
Göründüyü kimi iş materiallarında Babalı Hafiz Ərköyün oğlunun ona istinad edilən cinayət əməllərini törətməsinə dəlalət edən heç bir mötəbər sübut mövcud deyil. Məhkəmə istintaqında da belə bir sübut müəyyən olunmayaraq tədqiq edilmədi. Bu da onun təqsirinin sübuta yetirilmədiyini göstərir.
Babalı Hafiz Ərköyün oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmədiyi üçün məhkəmə CPM-nin 42.1, 42.1.4, 42.2. və 42.2.4-cü maddələrinin tələblərinə uyğun surətdə onun haqqında həmin maddələr üzrə bəraət hökmü çıxarmalıdır.
“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 10-cu maddəsində Məhkəmələrə izah edilmişdir ki: “hüququn aliliyi və insan hüquqlarına hörmət Avropa Şurasının Nizamnaməsinin 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir; Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir; əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir; Azərbaycan Respublikası CPM-in 142-ci, MPM-in 82-ci maddələrində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübütün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər; təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir.Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.”
Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.
Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar.
Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.
Hazırkı cinayət işi üzrə məhkəmə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər” müddəasının və CPM-nin 1.2, 1.2.1, 1.2.2, 1.2.3, 1.3, 10.2, 14.1. və 21.2-ci maddələri ilə müəyyən edilən aşağıdakı tələblərə əməl etməlidir:
Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki:
- qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun;
- cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın;
- heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın;
- Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır;
- Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir;
- Hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər;
- Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
Məhkəmə nəzərə almalıdır ki, CPM-nin 21.3. və 138.2-ci maddələrinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşsə də, о, bunu edə bilməmişdir, çünki həmin Məcəllənin 139.0., 139.0.2., 139.0.4. və 139.0.6-cı maddələri ilə nəzərdə tutulmuş halları, xüsusən də cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilməli olan şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsini və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyini sübuta yetirməmişdir və bu hallara dair mötəbər və bir-birini tamamlamaqla ittiham üçün kifayət edən sübutları toplaya bilməmişdir.
Məhkəmə CPM-nin 144, 145 və 146-cı maddələrinin tələblərinə riayət etməklə sübutları tam, hərtərəfli və obyektiv yoxladıqdan sonra qiymətləndirməlidir.
CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Tamamilə eyni mövqe AİHM-nin formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə AİHM bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
Hazrıkı işdə Hafiz Babalıya qarşı faktiki olaraq ittiham nəinki sübuta yetirilmiş, əksinə istintaq orqanının əldə etdiyi bir sıra sənəd və məlumatlar Hafiz Babalının təqsirsizliyinin göstəricisi kimi çıxış edir. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Tərxan Əhmədovun həmin İdarənin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki İsmayıl Əliyevə ünvanlanmış 13.12.2023-cü il tarixli məktubunda (cild 4, i.v. 7) bildirilir ki, “… tərəfinizdən verilmiş yazılı tapşırıq əsasında həyata keçirilmiş tədbirlər nəticəsində etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda barəsində cinayət təqibi həyata keçirilən təqsirləndirilən şəxs Ülvi Həsənovun yaxın əlaqəsi olan 09 sentyabr 1971-ci ildə İsmayıllı rayonu Mücü kəndində doğulmuş Babalı Hafiz Ərköyün oğlunun tamah niyyəti ilə xeyli miqdarda gəlir əldə etmək məqsədi ilə Ülvi Həsənov və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif adlar altında ayrı-ayrı vaxtlarda xarici ölkələrə etdikləri səfərlər zamanı naməlum mənbələrdən xeyli miqdarda xarici valyuta vəsaitlərini əldə edərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, ondan gizli və bəyan etməməklə xaricdən qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisinə gətirməsi və əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən həmin xarici valyuta vəsaitlərini öz aralarında bölüşdürməklə və müxtəlif maliyyə əməliyyatları aparmaqla xeyli miqdarda gəlirlər əldə edərək qanunsuz fəaliyyətlə məşğul olması, hazırda Hafiz Babalının cinayət təqibi üçün əhəmiyyət kəsb edə biləcək əşya və sənədləri, eləcə də pul vəsaitlərini qeydiyyatda olmaqla, yaşadığı Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 27/16, mənzil 1 ünvanında saxlaması barədə məlumat daxil olmuşdur.” Lakin Hafiz Babalının qeydiyyatda olmaqla yaşadığı qeyd edilən ünvanda “axtarış və götürmə aparılması haqqında” 13.12.2023-cü il tarixli Protokoldan (cild 4, i.v.131-134) görünür ki, “... Mənzildə ümumiyyətlə axtarış zamanı cinayət xarakterli predmet aşkar edilmədi”. Göründüyü kimi Hafiz Babalının mənzilində qaçaqmalçılıq yolu ilə gətirildiyi iddia edilən heç bir pul vəsaiti və ya digər predmet aşkar edilməmişdir. Protokola əsasən mənzildən götürülən kompüter və digər avadanlıqlardan, habelə sənədlərdən istintaqın sonrakı mərhələlərində hər hansı əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Bu isə Hafiz Babalı barəsində güya etimad doğuran, qərəzsiz mənbədən onun barəsində məlumatın mövcudluğunu təkzib edir.
Hafiz Babalıya məxsus “mobil telefon cihazına baxış keçirilməsi haqqında” 30.07.2024-cü il tarixli Protokoldan (cild Cild 21, i.v.101-102) görünür ki, “ “Facebook Messenger” ani mesajlaşma sisteminə baxış keçirilərkən təqsirləndirilən şəxs Babalı Hafiz Ərköyün oğlu ilə “Sevinc Vaqifqızı” adı ilə qeydə alınmış digər təqsirləndirilən şəxs Abbasova Sevinc Vaqif qızı arasında 12 sentyabr 2023-cü il tarixdən 06 noyabr 2023-cü il tarixədək olan müddətdə jurnalist araşdırması ilə bağlı çoxsaylı yazılı mesaj mübadiləsinin aparıldığı müəyyən edildi.” “ “Whatsapp” ani mesajlaşma sisteminə baxış keçirilərkən təqsirləndirilən şəxs Babalı Hafiz Ərköyün oğlu ilə “Ülvi Həsənov” adı ilə qeydə alınmış digər təqsirləndirilən şəxs Həsənov Ülvi Fəxrəddin oğlu (+994552965433) arasında 13 noyabr 2020-ci il tarixdən 12 iyul 2023-cü il tarixədək olan müddətdə jurnalist araşdırması ilə bağlı çoxsaylı yazılı mesaj mübadiləsinin aparıldığı müəyyən edildi.” Göründüyü kimi Hafiz Babalıya məxsus mobil telefonda aşkarlanmış digər təqsirləndirilən şəxslərlə yazışmalarında ona istinad edilən cinayət əməllərinin törədilməsinə dair hər hansı bir məlumat mübadiləsinə rast gəlinmir. Əksinə mübadilə edilmiş mesajlar sırf jurnalist araşdırmaları ilə bağlı olmuşdur ki, bu da Hafiz Babalının “AbzasMedia” ilə yalnız jurnalist araşdırmaları ilə əlaqədar kommunikasiyada olmasını təsdiq edir.
“Bank məlumatlarına baxış keçirilməsi haqqında” 05.09.2024-cü il tarixli Protokoldan (cild 25, i.v. 222-231) görünür ki, 6 sıra nömrəsi ilə Hafiz Babalının bank hesablarının təhlili aparılmışdır. Bu təhlil göstərir ki, Hafiz Babalının bank hesabları üzərindən ona istinad edilmiş cinayət əməlləri ilə bağlı hər hansı əməliyyat aparılmamışdır. Bu bank hesabları Hafiz Babalının əmək haqqı hesabı, səhmdar qismində istifadə etdiyi hesab və aktiv olmayan hesablar olmaqla təyinatı aydın və açıq olan hesablardır.
Yuxarıda istinad etdiyimiz sənədlər ittiham tərəfindən Hafiz Babalının təqsirini göstərən sübut növləri kimi təqdim edilsə də, qeyd olunanlara əsasən müəyyən edilir ki, həmin sənədlər reallıqda Hafiz Babalının ona verilən ittihamlarla hər hansı bir əlaqəsinin olmadığına dəlalət edir.
“İqbal Həsənov Azərbaycana qarşı” iş üzrə AİHM 15 yanvar 2015-ci il tarixli qərarının 44-cü bəndində göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər.
CPM-nin 33-cü maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.
CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayəqt qədər sübut toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.
Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası CPM-nin 92.9, 41.5., 42.1.4., 42.2.4., 346, 347, 349, 350 və digər maddələrinin tələblərinə uyğun olaraq Məhkəmədən,
X A H İ Ş E D İ R Ə M:
Babalı Hafiz Ərköyün oğluna qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində onun təqsiri sübuta yetirilmədiyi üçün Babalı Hafiz Ərköyün oğlu barəsində bəraət hökmü çıxarasınız.