6 saylı Cəzaçəkmə Müəssisəsi iyunun 3-də Nizami Rayon Məhkəməsinə müraciət edərək ictimai fəal Elvin Mustafayevin cəzasının 2026-cı il avqustun 4-dək ciddi rejimli Qobustan həbsxanasında çəkilməsi üçün təqdimat verib.
Bu barədə “Meydan TV”yə vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, təqdimata iyunun 12-də hakim Nəriman Mehdiyev sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.
Vəkil bildirib ki, iyunun 4-də Elvin Mustafayevlə görüşmək üçün 6 saylı Cəzaçəkmə Müəssisəsinə getsə də, müəssisə rəhbəri Fariz Əliyev onun cərimə otağında olduğunu əsas gətirərək görüşə icazə verməyib. Sadıqova bu səbəbdən Penitensiar Xidmətə və Ombudsman Aparatına şikayət etdiyini açıqlayıb. O, bu gün yenidən müəssisəyə gedəcəyini deyib.
Elvin Mustafayev mayın 6-da saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başladıqdan sonra 14 günlük cərimə kamerasına salınıb, bu müddətdə isə 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Mayın 19-da ümumi kameraya keçirilməsi gözlənilsə də, cərimə müddəti 10 gün artırılıb. Mayın 29-da bu müddətin bitəcəyi gözlənilirdi, lakin onun cərimə kamerasında saxlanma müddəti daha bir ay uzadılıb.
Vəkil bildirib ki, Elvin Mustafayevin karserə salınması ilə bağlı qərarların surətini əldə etmək üçün Penitensiar Xidmətə müraciət etsə də, cavab ala bilməyib. Hazırda nə ailəsinə, nə də vəkilinə onunla görüşməyə icazə verilir.
“İşçi Masası” Həmkarlar İttifaqı Konfederasiyasının üzvü Elvin Mustafayev 2023-cü il yanvarın 31-də 3 il azadlıqdan məhrum edilib. Ona qarşı əvvəlcə satış məqsədilə külli miqdarda narkotik daşıma ittihamı irəli sürülsə də, məhkəmə bu ittihamı dəyişərək fəalı satış məqsədi olmadan külli miqdarda narkotik əldə edib saxlamaqda təqsirli bilib. Mustafayev ittihamları rədd edib və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib.
Hüquq müdafiəçiləri Elvin Mustafayevi siyasi məhbus kimi tanıyırlar. Onların hesabatlarına əsasən, hazırda Azərbaycanda 365-dən çox siyasi məhbus var. Rəsmi qurumlar isə bu iddiaları qəbul etmir.