Beynəlxalq təşkilatlarla xidmət müqavilələrinin şərtləri sərtləşdirilir

Beynəlxalq təşkilatlarla xidmət müqavilələrinin şərtləri sərtləşdirilir Foto: Milli Məclis
21 İyun 2025
Mətni dəyiş

Azərbaycan Parlamenti beynəlxalq təşkilatlarla xidmət müqaviləsi bağlamağın şərtlərini sərtləşdirir.

Belə ki, bu, Milli Məclisin 21 iyunda keçirilən iclasında “Qeyri-hökumət təşkilatları haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Əgər qanun qəbul edilsə, xarici maliyyə mənbələrilə qeydiyyata alınmayan xidmət müqavilələri çərçivəsində maliyyə vəsaitinin alınması inzibati məsuliyyət yaradacaq.

Hüquqşünas Sübhan Həsənli deyir ki, qanunvericiliyin bu şəkildə dəyişməsinin praktiki heç bir əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, qanun Qeyri-Hökumət Təşkilatlarını əhatə edir. Azərbaycanda isə 2014-cü ildən QHT-ni qeydiyyata aldırmaq mümkünsüzdür.

“Bunun üçün burada dövlət qurumlarının rəyləri olmalıdır, ağır bir hüquqi prosedur var. Ondan sonra artıq Ədliyyə Nazirliyi qeydiyyatdan keçirir və şəhadətnamə verir”.

Sübhan Həsənlinin sözlərinə görə, onlar əvvəlki dövrdə müşahidə ediblər ki, Ədliyyə Nazirliyi xidmət müqavilələrinin qeydiyyata alınması üçün edilən müraciətlərin böyük hissəsini geri çevirir. Onun fikrincə, indiki halda bunun yenidən gündəmə gəlməsinin səbəbi həm də son həbslərlə bağlıdır.

“Düşünürəm ki, son 2 ildə vətəndaş cəmiyyətinə qarşı aparlan repressiyaların fonunda istintaq belə qənaətə gəlib ki, "xidmət müqaviləsi" adı altında qrant layhələri həyata keçirilir. Ona görə də artıq qərara gəliblər ki, bunu sanksiyalaşdırsınlar", - o bildirir. 

Ancaq hüquqşünas deyir ki, praktiki olaraq bu qanunun ciddi əhəmiyyəti yoxdur. Çünki qanun xidmət müqavilələrinin bu formada imzalanmasına yenə imkan verir.

“2014-cü ildən sonrakı dövrdə müstəqil vətəndaş cəmiyyəti təşkilatları dövlət qeydiyyatından keçmirdilər. Hətta keçmək üçün müraciət etsələr də, müxtəlif bəhanələrlə yox cavabı alırdılar. Ona görə də konstitusiya hüququ kimi onlara verilən birləşmə azadlığından istifadə edib təşəbbüs qrupu kimi fəaliyyət göstərirdilər. Belə olan halda belə qanun xarici təşkilatlarla həm qrup kimi, həm də fərdi qaydada xidmət müqaviləsi bağlamağı qadağan etmir", - o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun