İran və İsrailin tam atəşkəs barədə razılığa gəldiyi açıqlansa da, son xəbərlərə görə, İran yenidən İsrailə raket zərbələri endirib.
İyunun 24-də ABŞ prezidenti Donald Tramp atəşkəsin artıq qüvvəyə mindiyini deyib və hər iki tərəfdən bu atəşkəsi pozmamağı xahiş edib.
İsrailin Baş naziri Benyamin Netanyahu da çərşənbə günü açıqlama verərək Trampın atəşkəs təklifini qəbul etdiklərini bildirib.
“The New York Times” qəzetinin yazdığına görə, atəşkəs razılaşması Qətərin vasitəçiliyi ilə əldə olunub. Qətər İran tərəfinə ABŞ-nin təklifini çatdırıb.
İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi isə bildirib ki, hazırda rəsmi şəkildə atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir razılaşma yoxdur. O, eyni zamanda açıqlayıb ki, İran ordusu hərbi əməliyyatları yerli vaxtla saat 4:00-da dayandırıb.
Bununla belə, iyunun 24-ü səhər İran yenidən İsrailə raket zərbələri endirib. “The Times of Israel”in məlumatına görə, İrandan İsrailə ümumilikdə səkkiz raket buraxılıb. Onlardan biri Bər-Şeva şəhərində yeddi mərtəbəli binaya düşüb. Hadisə nəticəsində ölənlərin olduğu bildirilir, ərazidə axtarış-xilasetmə işləri davam edir.
Səhər saatlarında Təl-Əviv, Yerusəlim, Hayfa və digər şəhərlərdə hava hücumu sirenaları səslənib.
İsrailin Milli Tibbi Xidmətinin məlumatına görə, ən azı dörd nəfər ölüb, iki nəfərin vəziyyəti orta ağırdır, 20 nəfər isə yüngül xəsarət alıb.
İsrail ordusunun məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri İranın qərbində yerləşən bir neçə ballistik raket buraxılış qurğusunu məhv edib. Bildirilib ki, bu aviazərbələr İsrailə qarşı daha genişmiqyaslı hücumun qarşısını alıb. Bununla belə, aviazərbələrin İranın raket zərbələrindən əvvəl, yoxsa onlar zamanı həyata keçirildiyi dəqiqləşdirilməyib.
Bundan əvvəl ABŞ prezidenti demişdi ki, hərbi əməliyyatların dayandırılmasından sonra “müharibə bitmiş hesab olunacaq”.