Hüquq müdafiəçiləri isə Avropa İttifaqını Azərbaycanda insan haqları pozuntularına və ölkə daxilində tənqidçilərə qarşı aparılan repressiyalara göz yummaqda ittiham edirlər
Azərbaycanın Dövlət Neft və Qaz şirkəti SOCAR Almaniyaya təbii qaz tədarükü ilə bağlı 10 il müddətinə müqavilə imzalayıb. Bu barədə məlumatı “AzərTac” yayıb.
Məlumata görə, müqavilə Almaniyanın dövlətə məxsus enerji şirkəti “Securing Energy for Europe” (SEFE) ilə bağlanıb. Razılaşmaya əsasən, SOCAR hər il SEFE-yə qaz tədarük edəcək. Həcmlər mərhələli şəkildə artırılaraq illik təxminən 1,5 milyard kubmetrə çatdırılacaq.
“AzərTac” yazır ki, bu əməkdaşlıq hasilat və infrastruktur sahəsində, o cümlədən qaz kompressorlarının qurulması istiqamətində investisiyaları dəstəkləyəcək, Avropaya boru kəmərləri ilə qaz nəqlini artıracaq və “qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”.
SEFE-nin yaydığı mətbuat açıqlamasında qeyd olunur ki, müqavilə üzrə qaz tədarükünə 2025-ci ildən başlanacaq. Şirkətin baş icraçı direktoru Eqbert Laqe bu müqaviləni “Almaniya ilə Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığın göstəricisi” adlandırıb.
“Bu tərəfdaşlıqla Avropaya əhəmiyyətli qaz həcmlərinin çatdırılması üçün yeni marşrut yaradırıq. Bu isə bizim portfelin şaxələndirilməsinə və müştərilərimizin enerji təminatının etibarlılığına xidmət edir”, – SEFE-nin açıqlamasında bildirilir.
SEFE-nin saytında göstərilir ki, şirkət Almaniya hökumətinə məxsus beynəlxalq enerji qurumudur və 50 minə yaxın müştəriyə xidmət göstərir.
SOCAR prezidenti Rövşən Nəcəf də bu razılaşmanı yüksək qiymətləndirərək bildirib ki, müqavilə “Avropanın enerji şaxələndirilməsi və davamlı inkişaf məqsədlərinə töhfə verəcək”.
Enerji məsələləri üzrə azərbaycanlı ekspert İlham Şaban “OC Media”ya açıqlamasında bildirib ki, bu razılaşma Azərbaycan üçün əhəmiyyətlidir:
““Şahdəniz-2” layihəsi üzrə razılaşmalardan sonra Avropa ölkələri və şirkətləri ilə uzunmüddətli qaz müqavilələrimiz olmamışdı”.
Onun sözlərinə görə, Almaniya hökumətinin tam nəzarətində olan SEFE ilə ticarət müqaviləsinin imzalanması Azərbaycanın sabit enerji təchizatçısı kimi dəyərləndirildiyini və SOCAR-a etimad göstərildiyini nümayiş etdirir.
Şaban bildirib ki, hər iki şirkətin açıqlamalarında qazın boru kəmərləri ilə tədarük olunacağı qeyd edilsə də, bu, SOCAR qazının birbaşa Almaniyaya boru ilə daşınacağı anlamına gəlmir. Onun sözlərinə görə, SEFE Avropanın müxtəlif ölkələrində enerji aktivlərinə malikdir və aldığı qazı yerində elektrik enerjisinə çevirərək istehlakçılara ötürə bilər.
2024-cü ilin sentyabrında “Bloomberg” yazmışdı ki, SEFE-nin rəhbəri Eqbert Laqe şirkətin 2028-ci ilin sonunadək özəlləşdirilməsindən əvvəl təchizat bazasını genişləndirməyə çalışdığını bəyan edib.
Qeyd olunur ki, SEFE 2022-ci ildə – Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra yaradılıb. Berlin hökuməti həmin dövrdə “Gazprom”un Almaniyadakı fəaliyyətini milliləşdirmişdi. SEFE, əsasən, iri müştərilərə qaz tədarük edir və Qərbi Avropa qaz bazarının təxminən səkkizdə birinə nəzarət edir.
Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ təchizatçılar axtarmağa başlayıb. Bu kontekstdə Azərbaycan potensial alternativ kimi ön plana çıxıb. Lakin bəzi ekspertlər Rusiyanın öz qazını Azərbaycan vasitəsilə “yumaq” ehtimalından narahatlıqlarını ifadə ediblər.
Eyni zamanda, Avropa İttifaqı Azərbaycanla enerji əməkdaşlığına görə tənqid olunur. Hüquq müdafiəçiləri İttifaqı insan haqları pozuntularına və ölkə daxilində tənqidçilərə qarşı aparılan repressiyalara göz yummaqda ittiham edirlər.
Bu məqalə OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.