Afiəddin Məmmədova həbsxanada təzyiq edildiyi bildirilir

Afiəddin Məmmədova həbsxanada təzyiq edildiyi bildirilir Foto: Azadlıq Radiosu
9 İyun 2025
Mətni dəyiş

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədovun təhdidlərə məruz qaldığı bildirilib.

Konfederasiyanın iyunun 6-da yaydığı məlumata görə, hazırda saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi Məmmədovu daha ağır rejimli həbsxanaya köçürəcəkləri ilə hədələyib.

Bildirilib ki, Afiəddin Məmmədov bir müddət əvvəl həmin müəssisədəki antisanitar şəraitlə bağlı narahatlığını ictimaiyyətlə bölüşüb. O, ailəsinə göndərdiyi və mayın 30-da yayımlanan məktubunda 250-dən çox məhbusun yaşadığı müəssisədə cəmi dörd sanitar qovşağının olduğunu qeyd edib.

“Mətbəxdə siçanlar sərbəst dolaşır, ərzaq qutularını deşir və yeməkləri yeyirlər”, – məktubda deyilir.

Məmmədovun sözlərinə görə, kamerada məhbusların sayı normadan artıqdır və onun ictimailəşdirdiyi məsələlər yalnız ictimai-siyasi fəallarla deyil, ümumilikdə bütün məhbusların hüquqları ilə bağlıdır.

Konfederasiya bildirir ki, bu açıqlamalardan sonra müəssisə rəhbərliyi ona mənəvi təzyiqlər göstərməyə başlayıb və onu qapalı rejimli müəssisəyə köçürməklə hədələyib.

Məsələ ilə bağlı 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və Penitensiar Xidmət hələlik açıqlama verməyib.

İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov yanvarın 14-də 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, 2023-cü il sentyabrın 20-də tanımadığı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunaraq yenidən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə irəli sürülüb.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasında həbslər 2023-cü ilin avqustun 1-də kuryerlərin etiraz aksiyasından sonra başlayıb.

Əvvəlcə “İşçi Masası”nın sədri Afiəddin Məmmədov 30 sutka inzibati həbs cəzası verilib.

Avqustun 4-də Konfederasiyaya daxil olan Kuryer Birliyi Həmkarlar İttifaqının üzvü Elvin Mustafayev, avqustun 10-da “İşçi Masası”nın İdarə Heyətinin üzvü Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar.

Hərəkatın digər üzvü Möhyəddin Orucov isə 2023-cü ilin oktyabrında inzibati pozuntuda ittiham olunaraq 30 sutka azadlıqdan məhrum edilib. Azadlığa çıxdıqdan qısa müddət sonra isə narkotiklərin dövriyyəsində ittiham olunaraq yenidən həbs olunub.

Yerli hüquq müdafiəçiləri onların siyasi məhbus olduğunu elan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun