Ülvi Həsənli Umbakı həbsxanasında saxlanılacaqları təqdirdə, aclıq aksiyasına başlayacağını bildirib
"Abzas Media işi" üzrə həbsdə olan Ülvi Həsənli, Məhəmməd Kekalov, Hafiz Babalı və Fərid Mehralızadə Umbakı həbsxanasına köçürülmələrinə etiraz edirlər.
Yaxınlarının dediyinə görə, onlara elə ilk gündən saxlanıldıqları Bakı İstintaq Təcridxanasında qalacaqları bildirilsə də, bu, baş verməyib.
Jurnalistlər iyunun 26-sı səhər saatlarında Umbakı həbsxanasına köçürülüblər.
Ülvi Həsənlinin yaxınları bildirib ki, Umbakı həbsxanasında Bakı İstintaq Təcridxanasındakı kimi canlı görüşlərə icazə verilmir və yalnız şüşə arxasından görüşmək mümkündür.
Ülvi Həsənli yaxınlarına burada saxlanılacaqları təqdirdə, etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirib.
Məsələni təsdiqləyən vəkil Zibeydə Sadıqova deyir ki, bu şəxslərin Umbakı həbsxanasına köçürülməsi qanunsuzdur və onlar Cəzaçəkmə Müəssisəsinə köçürülənə qədər elə Bakı İstintaq Təcridxanasında saxlanılmalı idilər.
"İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistlərə hökm oxuyan hakim Rasim Sadıxov da iş üzrə təqsirli bilinən şəxslərin hökm qanuni qüvvəyə minənə qədər Bakı İstintaq Təcridxanasında saxlanılacaqlarını bildirib", - vəkil belə deyir.
"Abzas Media"nın məlumatına görə, 15 il azadlıqdan məhrum edilən sülh fəalı Bəhruz Səmədov da Umbakı həbsxanasına köçürülənlər sırasındadır.
Qeyri-iş günü olduğu üçün məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Azərbaycan prezidenti İlham Əliyev və yaxın ətrafı ilə bağlı silsilə korrupsiya araşdırmaları aparan "Abzas Media"nın əməkdaşları 2023-cü ilin noyabrında başlayan cinayət işi üzrə saxlanılıblar. 2024-cü ilin mayında "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də bu iş çərçivəsində həbs edilib.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.
İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.