Mayın 5-də “Toplum TV işi” üzrə hazırlıq məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin həbs qətimkan müddətlərinin uzadılmaması, habelə polisin axtarışı zamanı götürülmüş əşyaların qaytarılması haqda vəsatətlər veriblər.
“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədlinin vəkili onun səhhətilə əlaqədar həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda da vəsatət verib.
Hakim həbslə bağlı vəsatətləri təmin etməyib.
Axtarış zamanı götürülən şəxsi əşyaların isə sahiblərinə qaytarılacağı bildirilib.
Məhkəmənin növbəti iclası mayın 12-nə təyin olunub.
2024-cü il martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib.
Ümumilikdə “Toplum TV işi” üzrə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov həbs ediliblər.
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılsa da, bu il yanvarın 17-də ağırlaşlaşdırıcı maddələrlə yeni ittihamlar irəli sürülüb
“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.