Həbsxanada 32 gündür aclıq edən siyasətçi Tofiq Yaqublu ictimaiyyətə müraciət edib və “son günlərini” həbsxanada keçirmək istəmədiyini deyib.
O yazıb ki, artıq aclığın ikinci ayındadır və bu müraciəti sonuncu ola bilər.
“Etiraf edim ki, çox ağır və əzablı prosesdir, lakin bunun mənim əzmimə və iradəmə heç bir təsiri yoxdur. Əksinə, günlər keçdikcə qətiyyətim daha da artır. İlham Əliyevin mənə və mənim ailəmə vurduğu yaraları, etdiyi pislikləri sadalamaqla qurtaran deyil. Onlardan indiki durumuma aid olan birini deyim. 2015-ci ildə yenə də qanunsuz və əsassız şəkildə həbsdə olduğum zaman ilk nəvəm dünyaya gəldi. Lakin bu körpənin dünyaya gəlişi bizim ailəyə faciə gətirdi. Mələk balam Nərgiz öz körpəsini görmədən həyatını itirdi. Bu günlərdə ikinci nəvəm dünyaya gələcək. Bu körpənin də dünyaya gəlişi bizim ailənin faciəsinə çevrilə bilər. Həmin ərəfədə mənim həyatımı itirə biləcəyim ehtimalı olduqca yüksəkdir”,- siyasətçi bildirib.
Müsavat Partiyasının üzvü bu günə qədər 4 dəfə siyasi sifariş əsasında məhkum olduğunu xatırladıb.
“Mən heç bir cinayət törətməmişəm. Sadəcə olaraq Əliyev hakimiyyətinin törətdiyi cinayətləri və etdiyi səhvləri onun üzünə demişəm, xalqı öz hüquqları uğrunda mübarizəyə səsləmişəm. Mənim bütün “cinayətlərim” bundan ibarətdir,”- o qeyd edib.
Tofiq Yaqublu ictimaiyyətin ona verdiyi dəstəyi vurğuluyaraq bundan məmnunluq ifadə edib və hər kəsdən onun məhkəmədəki son sözünü oxumasını istəyib.
“Biz hakimiyyəti ittiham edəndə ümumi sözlərdən yox, sübutlardan və faktlardan istifadə etməliyik. Mənim yazdığım son sözü 2-3 günə rahatca oxuyub qurtarmaq olar. Odur ki, sizdən bir ricam var. Əgər həyatımın bu son günlərində sizdən daha çox dəstək hiss etməyimi istəyirsinizsə, həmin son sözü əvvəldən axıra qədər oxuyun, rəylərinizi bildirin və onu da başqalarına tövsiyyə edin”, - siyasətçi yazıb.
Tofiq Yaqublu “yaşamaq istədiyini” yazıb, lakin aclığı dayandırmayacağını da qeyd edib.
“Düşünürəm ki, ölsəm, bu, boşuna getməz və dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb edər. Bu antiinsani və antixalq rejimə qarşı daha ciddi tədbirlərin görülməsinə səbəb olar. Cəmiyyətimizdə də onu istismar edən, talayan və təhqir edən bu rejimə qarşı nifrət hissini gücləndirər, eyni zamanda mübarizəyə səsləndirər”, - o yazıb.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.
Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.