Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) prokurorun “Abzas Media işi” üzrə həbs edilən jurnalistlərə ümumilikdə 80 il həbs cəzası istəyini qınayan bəyanat yayıb.
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Rauf Malışov jurnalistlər üçün 11 və 12 azadlıqdan məhrumetmə və 3 il vəzifə tutmaq qadağası istəyib.
Təşkilat yaydığı bəyanatda qeyri-şəffaf və əsassız məhkəmə prosesini pisləyib və bu iş üzrə həbs edilən jurnalistlərin dərhal azad edilməsinə çağırıb.
Sərhədsiz Reportyorlar Təşkilatı mayın 19-da Azərbaycanda qeyri-qanuni həbs edilən media nümayəndələrinin profillərini əks etdirən bir qalereya da yaradıb.
Qaleriyada hazırda həbsdə olan 25 jurnalist barəsində məlumat verilib.
Təşkilat bildirib ki, İlham Əliyevin rejimi getdikcə daha da avtoritarlaşdıqca, müstəqil mediaya qarşı repressiyalar misli görünməmiş səviyyəyə çatır. 2023-cü ilin noyabr ayından bəri senzuranı qəbul etməyən jurnalistlərə qarşı həbslər dalğası başlayıb.
“Artıq iki onillikdən çoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsində media plüralizmini sistemli şəkildə dağıdıb və bu repressiyalar 2023-cü ilin payızından etibarən daha da güclənib. Qarabağ münaqişəsinin ardından, təbliğatın ictimai müzakirənin yerini aldığı bir dövrdə, hakimiyyət müstəqil medianın qalan izlərini də silməyə çalışır. Əsasən “valyuta qaçaqmalçılığında” — əslində, xarici təşkilatlardan qrant almaq — ittiham edilən bir çox jurnalistlər sadəcə öz peşələrini yerinə yetirdiklərinə və ya media azadlığını müdafiə etdiklərinə görə həbsxanalarda çürüyürlər”, - təşkilatın bəyanatında deyilib.
RSF qeyd edib ki, qalereyada repressiya qarşısında jurnalistikanın cəsarətini təcəssüm etdirən şəxslər təqdim olunub.
“Onlar tənqidin qadağan olunduğu, informasiyaya çıxışın bloklandığı və həm dövlət, həm də özəl qurumların fərqli səsləri susdurmağa məcbur edildiyi bir ölkədə xəbər yaymağa və media azadlığını müdafiə etməyə davam ediblər”.